İslam hər zaman Avropa mədəniyyətinə yol göstərib
Aprelin 27-də VII Qlobal
Forum çərçivəsində Sivilizasiyalar Alyansının Türkiyə Milli Koordinasiya
Şurasının rəhbərliyi altında dünya
şöhrətli filosof Əbu Nəsr
Əl-Fərabiyə həsr edilmiş tədbir
keçirildi.
Tədbiri Sivilizasiyalar Alyansı üzrə Türkiyə Milli Koordinasiya Komitəsinin sədri Bekir Karliga açaraq Əl-Fərabinin həyat yolundan, fəlsəfi görüşlərindən və əsərlərindən danışdı. Bildirdi ki, riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misilsiz töhfələr bəxş etmiş Fərabi Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşıb. Filosof islam dünyasını yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdəndir. Vurğuladı ki, belə bir möhtəşəm forumda Əl-Fərabini yad etmək müasir dünyanın qarşılaşdığı problemlərin həlli baxımından olduqca vacibdir. Ona görə ki, filosof bütün fəlsəfi görüşlərində dünyanı ədalətə, sülhə, əmin-amanlığa səsləyir.
Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov qeyd etdi ki, forumun çağırışı islam və xristian aləmini sülhə səsləyir. Vurğuladı ki, latın dilində yazılan bütün fəlsəfi kitabların məhv edilməsinə baxmayaraq, ərəblər Platon və Aristotelin fəlsəfi fikirlərini qoruyub saxlaya biliblər. Avropada vaxtı ilə bu fikirlərə qarşı mübarizə aparılıb.
O.Süleymenovun sözlərinə görə, Platon və Aristotelin fəlsəfi nəzəriyyəsi əsasında bugünkü müasir Avropa mədəniyyəti formalaşıb. Bu da müasir Avropa sivilizasiyasının özəyini təşkil edir: “Unudulmamalıdır ki, bütün bunlar islam mədəniyyətinin ənənələri üzərində təşəkkül tapıb. Bu forumda bu fikirlər mütləq səsləndirilməlidir. İslam hər zaman Avropa mədəniyyətinə yol göstərib, kömək olub. Əl-Fərabinin fəlsəfi fikirləri dediklərimi bir daha təsdiqləyir. Bütün bunlar göstərir ki, Avropa və İslam mədəniyyəti bir-birinə zidd deyil. Bu mədəniyyətlər hər zaman bir-birinin inkişafına təkan verib”.
Tədbirdə Əl-Fərabi Qazax Milli Universitetinin rektoru Galim Mutanov, Əskişəhər valisi Güngör Əzim Tuna, Əl-Fərabi Mərkəzinin direktoru Jakipbek Altayev, Sivilizasiyalar Alyansı İnstitutunun sosial elmlər fakültəsinin rəhbəri Alparslan Açıkgenç və başqaları mövzu ətrafında məruzələrlə çıxış etdilər.
Çıxışlarda vurğulandı ki, Fərabiyə görə, insanların xoşbəxtliyi yalnız dövlət çərçivəsində mümkündür. İnsanlar müxtəlif qabiliyyətlərə malikdir, cəmiyyətə və dövlətə xidmətdə müxtəlif vəzifələrini yerinə yetirirlər. Ona görə də dövlət öz vətəndaşları üçün elə şərait yaratmalıdır ki, onlar özlərinin həqiqi qabiliyyətlərini göstərə bilsinlər. Filosofun fikrincə, bütün dinlər mərkəzə doğru cəhd edirlər. Bu mərkəz isə Allahın özüdür.
Qeyd edilib
ki, alimin əsərləri
bir neçə əsr müddətində
dünya elm və fəlsəfəsinin
inkişaf istiqamətini müəyyənləşdirib.
Şərqdə, sonralar isə Qərbdə
bir neçə yüzilliklər ərzində
masaüstü dərslik kitabları kimi istifadə olunub. O,
Aristoteldən sonra bütün
dövrlərin və xalqların ən böyük
filosofu sayılır. Əl-Fərabi irsi hələ uzun əsrlər
boyu tədqiq olunacaq.
Mədəniyyət.- 2016.- 29
aprel.- S. 5.