“Azərbaycana səyahət
etməyi planlaşdırırıq”
Fransanın Kann şəhərində təşkil olunan sərgilər ziyarətçilərdə
ölkəmizə böyük maraq yaradıb
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycanın tarixini və mədəniyyətini, ölkələrimiz arasında əlaqələri əks etdirən sərgilər keçirilib.
Kannın Festivallar sarayında iyulun 31-dək davam edən sərgilərdən biri “Partizanın izi ilə” adlanır. Bu sərgi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub. Ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən Əhmədiyyə Cəbrayılovun şəxsi arxivindən götürülmüş fotolar nümayiş etdirilib.
Azərbaycana aid daha bir sərgi “Bir günəş altında” layihəsi çərçivəsində açılıb. Bu layihədə Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan sərgi və ölkəmizdə yaşayan müxtəlif xalqların adət-ənənələrindən bəhs edən “Bir günəş altında” filmi böyük maraqla qarşılanıb. Fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib. Burada 20 azsaylı xalqın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən foto və videomateriallar əsasında sərgi iştirakçılarına Azərbaycandakı tolerantlıq haqqında ətraflı məlumat verilir. Sərginin “Danışan başlar” adlı bölməsində isə müxtəlif azsaylı xalqların və etnosların nümayəndələri öz dillərində maraqlı hekayələr nəql edirlər.
“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim edilir. Sərginin təşkili məqsədilə fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər.
Fransalı fotoqraf Jan-Fransua
Rozye deyib: “Mən 45 ildir ki, fotoqrafam. Gəncə və Qəbələdə
gördüyüm təbii
zənginlik məni heyran etdi - dağlar,
gözəl peyzaj.
İnsanlar da çox istiqanlıdırlar. Azərbaycanda, onun bölgələrində
multikulturalizmin, müxtəlif
dinlərdən, mədəniyyətlərdən
olan insanların birgəyaşayışının şahidi oldum. Bu multikulturalizm ənənəsi
Gəncədə çəkilən
şəkildə daha
aydın əks olunub”.
Azərbaycanla bağlı sərgilərə
Kann sakinləri və şəhərdəki
turistlər böyük
maraq göstərib.
Sərgi
ilə tanış
olan Jan-Pyer Jakob deyib: “Bu sərgilər bizə Azərbaycan haqqında ətraflı məlumat verir, ölkəni yaxından tanımağa kömək edir. Azərbaycanı neçə ildir
ki, Kann şəhərində təşkil
olunan sərgilər, göstərilən filmlər
sayəsində yaxından
tanımağa başlamışam.
Azərbaycanın təbiətini əks
etdirən şəkillər
çox xoşuma gəldi. Ötən
il Azərbaycanla
bağlı sərgidə
bizə ölkə haqqında çoxlu kitablar hədiyyə edilmişdi. Mən onların hamısını
oxudum. Azərbaycanı tanıdığım digər Şərq ölkələri ilə müqayisə etmək imkanım oldu. Bu ölkənin özünəməxsus
xüsusiyyətləri var. Burada təşkil olunan sərgilər, hədiyyə edilən kitablar məndə həyat yoldaşımla birlikdə ölkənizə
səyahət etmək
istəyi oyatdı.
Biz yaxın zamanda
Azərbaycana səyahət
etməyi planlaşdırırıq”.
“Kannda Azərbaycanla bağlı təşkil olunan mədəni tədbirlər diqqətimi cəlb etdi. Burada hədiyyə edilən kitablardan daha çox məlumat əldə edirik. Ölkənin təbii gözəlliyinə vuruluruq”, - bu sözləri isə xanım Leopoldin deyib. O, Azərbaycandakı tolerantlıqdan bəhs edən filmi də maraqla izlədiyini bildirib: “Ötən il Kanndan qayıdandan sonra Parisdə səyahət agentliyinə müraciət etdim və Azərbaycana səfər təşkil olunması ilə maraqlandım. Azərbaycana getməyi çox istəyirəm”.
Sərgini ziyarət edən Toma
adlı başqa bir
xanım da təəssüratını bölüşüb: “Belə sərgilər
ölkəni yaxından tanımaq üçün
əla fürsət yaradır. Nümayiş
olunan film vasitəsilə
ölkənizdə multikulturalizmin hökm sürdüyünün,
müxtəlif dinlərin nümayəndələrinin birgəyaşayışının
şahidi oluruq. Gəncədə
olan qədim binaların hiperfotosu
daha çox xoşuma gəldi”.
Mədəniyyət.- 2016.- 3-5
avqust.- S. 7.