“Güneydə
güclü ədəbi
proses gedir”
“Çağdaşlaşma
prosesini Güney ədəbiyyatına gətirmək
üçün Türkiyədə
çıxan bir neçə kitabı çevirmişəm”
Təbrizli gənc şair Xosrov Barışan bugünlərdə şəhərimizin
qonağı idi. Onunla ədəbiyyat
mövzusunda qısa söhbətimiz oldu.
- Xosrov bəy, zəhmət olmasa, özünüzü tanıdardınız.
-1983-cü ildə doğulmuşam. İndiyədək 8 kitabım işıq üzü görüb.
Bunların 6-sı şeir kitabıdır,
o cümlədən üç
kitabda uşaqlar üçün şeirlərim
toplanıb. Həm də
Təbrizdə “Yaşar
qələm” nəşriyyatının
müdiriyəm. Yazılarım müxtəlif mətbuat orqanlarında yayınlanıb.
4 ədəbi ödül qazanmışam.
- Şeiri, şairliyi
necə izah edə bilərsiniz?
- Mənim bir bayatım var, orada deyirəm:
Həqiqət əlcəklidir,
Yalansa bəzəklidir.
Şairlik hünər deyil,
Bir yaşamaq
şəklidir.
Düşünürəm ki, şeir bir
sənət biçimi
deyil, sirli bir aləmdir. Necə izah
etsəm də, izah olunmayan nəsə qalır.
- Güneydə indi ədəbi proses necədir?
- Bu gün Güneydə güclü və ciddi ədəbi proses var, dünyanın
çağdaş ədəbiyyatıyla
ayaqlaşmağa çalışır.
Hətta
deyə bilərəm
ki, Güneydəki ədəbiyyat bugünkü
Quzey ədəbiyyatından
da güclüdür.
Quzeydə yeni nəsil
şairlərdə çağdaşlaşmağa
doğru bəzi addımlar var, ancaq məncə, bu daha öncə
başlamalıydı. Məsələn, Əlağa Vahid
şam, gül, pərvanədən yazdığı
çağda Türkiyədə
ədəbiyyat sahəsində
çox ciddi çağdaşlaşma prosesi
gedirdi. Sovet dönəmində yaranan ədəbiyyata gəlincə, şairlər
içində Rəsul
Rzadan başqa klassik ədəbiyyatdan fərqlənən şair
görmürəm. Vaqif Səmədoğlunu
güclü və çağdaş şair
sayıram.
- Məncə də, Güney Azərbaycan ədəbiyyatı daha çox postmodernizmə üz tutur. Sizin şeirlərinizdə də
bu duyulur.
- Postmodernə üz tutmaq əski qəliblərdən və
durğunluqdan bir təhər qurtulmaq cəhdidir. Ancaq mən öz
şeirlərimdə hər
hansı bir şairi yamsılamağı
sevmərəm. Yalnız özüm
olmağa çalışıram,
həm də tam çağdaş biçimdə.
Məncə, Azərbaycan şeiri
heç bir prosesi təqlid etmədən çağdaşlaşmalıdır.
Məsələn, bu gün Türkiyədə
çox güclü ədəbi proses var. Mən çağdaşlaşma
prosesini Güney ədəbiyyatına gətirmək
üçün Türkiyədə
çıxan bir neçə kitabı çevirmişəm. Atilla İlhanın
şeirlərini ərəb
əlifbasında Azərbaycan
türkcəsində çap
etmişəm. İbrahim Sədrinin
şeirlərini və
Sərdar Özkanın
romanını farscaya
çevirmişəm.
- Öz nəşriyyatınızda
daha çox hansı kitabları çap edirsiniz?
- Nəşr etdiyim kitabların çoxu türkcədir və ədəbiyyatla bağlıdır.
Öz dilimizdəki kitablara böyük maraq var. Güneydə türkcə
dərgilər də çap olur. “Azəri”, “Varlıq”, “Bayram” dərgilərini bunlara örnək göstərmək olar.
- Bakı haqqında düşüncələrinizi eşitmək istərdik...
- Burada hər şey və hər kəs mənə doğmadır. İnsanlar çox təmizürəkli və mehribandırlar. Hamı məni qonaq dəvət edir. Bakı, doğrudan da, gözəl şəhərdir. Burada olmaqdan çox məmnunam.
S.Qaliboğlu
Mədəniyyət.-2016.- 3-5 avqust.- S.15.