Azərbaycan filmləri Peruda festivalda nümayiş olunub
Perunun paytaxtı
Limada 20-ci Beynəlxalq
Kinofestival keçirilib. Ölkəmizin Perudakı diplomatik nümayəndəliyi, Mədəniyyət
və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan filmləri də kinofestivalda nümayiş olunub.
Festivalda
Azərbaycan kinosunun müxtəlif dövrlərini
əhatə edən ekran əsərləri - “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Yarasa”, “Özgə vaxt”, “Çölçü”, “Nabat”
və “Axınla aşağı” bədii filmləri ispan dilində subtitrlərlə
nümayiş etdirilib.
Festival çərçivəsində
400-ə yaxın müxtəlif
janrda xarici film, o cümlədən Latın
Amerikası, Fransa, İsveçrə və bir sıra ərəb
ölkələrinin filmləri
təqdim edilib.
Böyük Milli Teatrda keçirilmiş festivalın
təntənəli açılış
mərasimində Peru Respublikasının
mədəniyyət naziri
Xorxe Nieto Montesinos çıxış edərək,
Latın Amerikası kinematoqrafiyası haqqında
danışıb, mədəni
irs və zəngin təxəyyüllərini
əks etdirən filmlərin dünyanın
müxtəlif ölkələrinin
bir-birinə yaxınlaşmasında
mühüm rol oynadığını bildirib.
Kinofestivalda nümayiş olunmuş
filmləri Peru Mədəniyyət Nazirliyinin kinoteatrında, Peru
Milli Kitabxanasının kinoteatrlarında,
mədəniyyət mərkəzlərində, habelə
ölkənin digər şəhərlərindəki böyük kinoteatrlarda bir milyondan artıq
tamaşaçı izləyə bilib.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.3.