Tarixi irsin
qorunması, tədqiq və təbliğ olunması diqqət
mərkəzindədir
Mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev
“Xınalıq” Dövlət
tarix-memarlıq və etnoqrafiya
qoruğu və “Çıraqqala” Tarix-memarlıq
qoruğunda olub
Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Quba rayonu Xınalıq kəndinin tarixi ərazisi özünəməxsus coğrafi mövqeyinin və unikal memarlıq görkəminin qorunub saxlanılması və mühafizəsinin təmin edilməsi məqsədilə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib və Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.
Dəniz səviyyəsindən 2300 m yüksəklikdə yerləşən Xınalıq tarixi irs zənginliyinə görə açıq hava altında muzey sayıla bilər. Tarixi mənbələrə görə, Xınalıq erkən orta əsrlərdə mahal mərkəzi, kiçik şəhər olub. Burada qala divarlarının qalıqları mövcuddur. Evləri xüsusi quruluşa malik olaraq çay daşlarından inşa edilib. Xınalığın ərazisində 31 türbə və ziyarətgah var. Onların 16-sı İslam dövrünə aiddir, digərləri isə islamaqədərki inanclarla bağlıdır.
Qoruq yaradılandan sonra nazirlik tərəfindən təxirəsalınmaz tədbirlər görülərək ciddi qəza vəziyyətində olan abidələrdə təmir işləri aparılıb, 94 abidə-evin dam örtüyü bərpa edilib. Son illər mütəmadi olaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə aparılan elmi tədqiqat işləri və arxeoloji qazıntılar nəticəsində qoruğun ərazisində bir çox yeni abidələr aşkar edilib.
Bu günlərdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunu ziyarət edib və qoruğun fəaliyyəti ilə yaxından tanış olub.
Xınalıq arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntı işləri və tapıntılar haqqında ekspedisiyanın rəisi arxeoloq İdris Əliyev tərəfindən geniş məlumat verilib.
Vaqif Əliyev IX-X əsrlərə aid Əbu Müslüm və XVI əsrə aid Xıdır Nəbi məscidlərində aparılan bərpa işləri ilə də tanış olub, eləcə də abidə-evlərə baxış zamanı mövcud problemlərlə maraqlanıb.
Nazirin birinci müavini Xınalığın qədim dövründən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr saxlanılan muzeylə tanış olarkən burada saxlanılan XV-XIX əsrlərə aid kitabların öyrənilməsi və qorunması ilə bağlı bir sıra tövsiyələr verib.
Vaqif Əliyev qoruğun əməkdaşları ilə yanaşı, kənd sakinləri ilə də görüşüb. Xınalıqda yayılmış müxtəlif sənətkarlıq növlərinin yaşadılması, tarixən formalaşmış toxuculuq və xalçaçılıq sənətinin qorunması ilə bağlı fikirlər səslənib. Hazırlanan sənət nümunələrinin suvenir kimi turistlərə satışının istehsalın stimullaşdırılmasına xidmət edəcəyi vurğulanıb.
* * *
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Şabran rayonunda yerləşən “Çıraqqala” tarixi qoruğunun fəaliyyəti ilə də tanış olub. Vaqif Əliyev qoruğun əməkdaşları ilə görüşərək onların iş şəraiti ilə maraqlanıb. Sonra ərazidə olan abidələrə, ilk öncə dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən Çıraqqalaya baxış keçirilib.
“Çıraqqala” Gilgilçay müdafiə divarının ən yüksək nöqtəsi olaraq IV-VI əsrlərdə Böyük İpək Yolunun qorunması məqsədilə tikilib. Hündürlüyü təxminən 100-120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllədən bir tərəfi Dərbənd, bir tərəfi Beşbarmaq səddinəcən dəniz sahili boyu 100 kilometrlərlə ərazini nəzarətdə saxlamaq mümkün olub.
Çıraqqala 17 bürcdən ibarətdir. Qala əsasən yerli daşlardan və bişmiş kərpicdən inşa edilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı isə 3-4 metrdir. Dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş Çıraqqala və Gilgilçay səddinin tarixi əhəmiyyətini nəzərə alaraq qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə 2003-cü ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə “Çıraqqala” Tarix-memarlıq qoruğu yaradılıb.
Nazirin birinci
müavini Cıraqqala abidəsinin bərpası
və qoruq üçün
inşa ediləcək inzibati
binanın layihələrinə baxıb, tövsiyələr verib.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.4.