Maestro Niyazinin xatirəsi anılıb

 

 

Avqust ayı görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirəsi ilə bağlıdır. Maestro 1912-ci il avqustun 20-də anadan olub, 1984-cü il avqustun 2-də dünyadan köçüb. Böyük sənətkar dirijorluq fəaliyyəti ilə yanaşı, "XosrovŞirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.

Niyazinin mənzil-muzeyində keçirilən xatirə tədbirində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək maestronun zəngin ömür yolu və yaradıcılığı haqqında danışıblar.

Rast. Niyazi” sənədli filminin rejissoru Nonna Müzəffərovanın muzeyə hədiyyə etdiyi, kinoarxiv fonduna məxsus sənədli filmlərdən toplanmış tarixi kadrlardan ibarət videoçarx nümayiş olunub.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fuad Əlizadənin ifasında Niyazinin repertuarına daxil olan əsərlərdən ibarət musiqi proqramı səsləndirilib.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.6.