Alp dağlarında
Azərbaycan musiqisi səsləndirilib
Avstriyanın füsunkar təbiətə
malik Karintiya əyalətində növbəti
dəfə klassik Azərbaycan musiqisindən
ibarət konsert axşamı keçirilib. Tədbir Avstriyada
fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət
Mərkəzi, Hayliqenblut
qəsəbəsi bələdiyyəsi
və bu qəsəbədə yerləşən
“Rupertihaus” hotelinin birgə əməkdaşlığı
ilə gerçəkləşib.
Konsertdən öncə “Rupertihaus”
hotelinin sahibi, iş adamı
Fərid Haqverdiyev bildirib ki, artıq
ikinci dəfə baş tutan bu mədəniyyət tədbirinin məqsədi
Azərbaycan musiqisi və mədəniyyətini
Avstriya ictimaiyyətinə
yaxından tanıtmaqdır.
O, Azərbaycanın və
Avstriyanın qədim
musiqi tarixinə və ənənələrinə
malik olduğunu qeyd edərək bildirib ki, Avstriya
klassik musiqinin, Azərbaycan isə Şərq musiqi mədəniyyətinin beşiyi
kimi tanınır.
Sonra beynəlxalq
müsabiqələrin laureatı
olan gənc Azərbaycan musiqiçiləri
Azərbaycan və Avropa bəstəkarlarının
əsərlərindən ibarət
konsert proqramı ilə çıxış
ediblər. Konsertdə bəstəkarlar Yohann
Sebastian Bax, Qara Qarayev, Cüzeppe Verdi, Aleksandr Skryabin, Asəf Zeynallı, Coakkino Rossini, Fərhad Bədəlbəyli, Frederik
Şopen, Volfqanq
Amadeus Motsartın əsərləri
səsləndirilib.
Əməkdar artist,
beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadənin milli
musiqimizlə yanaşı, klassik musiqi əsərlərini, xüsusilə
V.A.Motsartın “Türk marşı”
sonatası və macar milli
rəqsi “Çardaş”ı məharətlə ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub. Solistlər Osman
Eyyublu (skripka), Elçin Hüseynov (vokal) və Tofiq
Şıxıyevin (fortepiano) ifaları
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb. Konsertin zirvə
nöqtəsini Müslüm Maqomayevin “Azərbaycan” mahnısı təşkil
edib.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.7.