Sənətə həsr olunan
ömür
Teatr və kino sənətinin təməlçilərindən biri kimi səciyyələndirilən görkəmli rejissor və aktyor, Xalq artisti İsmayıl Hidayətzadənin incəsənət salnaməmizdə adı hörmətlə çəkilir.
İsmayıl Hüseyn oğlu Hidayətzadə 1901-ci ildə Bakıda dənizçi ailəsində dünyaya göz açıb. Şəhərdəki “İttihad” məktəbində təhsil alıb, burada görkəmli teatr xadimi Hüseyn Ərəblinski ilə tanış olub. O zaman H.Ərəblinski məktəbdə göstərilən tamaşalara rəhbərlik edirdi. Onların bu tanışlığı İsmayılın gələcək həyat yoluna mühüm təsir göstərir. Çox keçmir ki, o, məktəbdə “balaca Ərəblinski” kimi tanınır. Araşdırmalarda qeyd olunur ki, H.Ərəblinski məktəbdə aktyorlarla məşq prosesini şagirdlərin izləməsinə icazə vermirdi. İsmayıl isə gizlicə salona yol tapıb, böyük sənətkarın hər addımını izləyirdi. O, xatirələrində bu barədə yazır: “Mən onun evinə gedir, növbəti məşqin nə vaxt olacağını və s. öyrənirdim. Bunları Ərəblinskini təkrar-təkrar görmək və onunla danışmaq imkanı tapmaq üçün edirdim. Bütün xahişlərimə baxmayaraq, o, məni öz tamaşalarında yaxından iştirakıma icazə vermirdi. Çünki hələ çox kiçik idim. Nəhayət ki, bir gün “Ağa Məhəmməd Şah Qacar” pyesində kütləvi səhnələrə çıxmağıma razı oldu...”
1917-ci ildə İsmayılın atası faciəli şəkildə vəfat edir və onun həvəskar səhnə fəaliyyəti yarımçıq qalır. Ailənin ağırlığı 16 yaşlı gəncin çiyinlərinə düşür. O, səhnə haqda deyil, balaca bacı-qardaşını saxlamaq barədə düşünür. Bir müddət ticarət müəssisələrində çalışır və yenidən səhnəyə dönür.
1920-ci ildən dövlət teatrında işə
götürülür. Bir
il sonra eyni zamanda Voronovun
teatr studiyasında fəaliyyətə
başlayır. Burada səhnə
sənətinin sirlərinə
bələd olur,
professional aktyor kimi yetişir.
İ.Hidayətzadə teatr studiyasında bir müddət çalışdıqdan sonra
rejissorluq sənətinə
də maraq göstərir. Rus rejissoru İvanovun
yanında köməkçi
işləyir. 1934-cü
ildə “Səyavuş”
əsərinin səhnələşdirilməsi
ona tapşırılır.
Daha sonra Opera və Balet Teatrında
“Koroğlu” və “Karmen” operalarına, eləcə də “1905-ci ildə” və “Vaqif” pyeslərinə quruluş verir.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan
mədəniyyəti günlərində
“Koroğlu” və “Arşın mal alan”
tamaşalarının hazırlanması
işi də ona həvalə olunur. Bu quruluşu
da uğurlu alınır, rejissor kimi şöhrətini artırır. Moskvadan qayıdandan
sonra Opera və Balet Teatrının rəhbəri təyin edilir.
Sənətkar həmişə əsərdə
baş qəhrəmanları
oynamağa can atsa da, Cəfər Cabbarlı və Aleksandr Tuqanov onu bu fikirdən
daşındırmağa çalışıblar.
Xüsusilə C.Cabbarlının söhbətlərin birində
“Əsas budur ki, xarakter yaradasan”
tövsiyəsi onun sənətə münasibətini
dəyişir. Mənbələrdə
İ.Hidayətzadə ilə
C.Cabbarlının çox
yaxın dost olmaları
haqqında məlumatlar
var. C.Cabbarlı onun üçün rollar yazıb. O isə bir qayda olaraq,
öz rollarının
prototipini axtarıb. “Almaz”da Şərifin
“Həri, həri, bəs necə?” ifadəsi məhz prototipin dilindən götürülüb.
İ.Hidayətzadə rol üzərində özünəməxsus şəkildə
işləyərmiş. Hər şeydən
əvvəl əsərdə
göstərilən dövrü,
tarixi vəziyyəti öyrənər, qəhrəmanının
xarakterini açmağa
çalışarmış. Görkəmli rejissor A.Tuqanov onun haqqında belə deyib: “O, həmişə inandırıcı və
real idi. Heç bir zaman şarja yer verməzdi. O, bütün
tamaşa boyu tamaşaçının ürəyinə
girməyi və onu öz ardınca
aparmağı bacarıb.
O, heç bir zaman oynamırdı, heç bir ştampa yol vermirdi. Onun oyununda gəncliyə
məxsus həssaslıq,
ehtiras və qızğınlıqla bərabər
sadəlik və təbiilik var idi”.
Onun incəsənət
sahəsində xidmətləri
təkcə quruluş
verdiyi tamaşalar və səhnədə oynadığı rollarla bitməyib. O həm də ilk milli baletimiz olan “Qız qalası”nın
(bəstəkar Əfrasiyab
Bədəlbəyli) librettosunu
yazıb. Aktyor kimi “Qız
qalası”, “Almaz” və “Altıncı duyğu” filmlərində
çəkilib.
Azərbaycan teatrının inkişafında
göstərdiyi xidmətlərə
görə görkəmli
sənətkar 1938-ci ildə
Xalq artisti adına layiq
görülüb. Sonrakı illərdə
“Şərəf nişanı”
və “Qırmızı
əmək bayrağı”
ordenləri ilə təltif edilib.
İsmayıl Hidayətzadə 1951-ci ildə,
yaradıcılığının coşqun çağlarında,
50 yaşında vəfat
edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 17 avqust.- S.15.