Azərbaycan Kanadada irs festivalında
təmsil olunub
Kanadanın Alberta əyalətindəki Kalqari şəhərində
keçirilən irs festivalında ölkəmiz də təmsil olunub.
Festivala 20-dən çox ictimai birlik və diplomatik nümayəndəlik
qatılaraq, öz xalqlarının mədəniyyətlərini,
musiqilərini və milli mətbəxlərinin
nümunələrini sərgiləyiblər.
Azərbaycanın Kanadadakı səfirliyi və Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti
ölkəmizin zəngin
mədəniyyətinin və
milli mətbəximizin
tanıdılması məqsədilə
festivalda guşə təşkil edib. Guşədə tarix və mədəniyyətimizlə
bağlı kitablar, milli geyimlər, suvenirlər və ölkəmizlə bağlı
broşürlər nümayiş
olunub.
Alberta Azərbaycan Mədəniyyət
Cəmiyyətinin prezidenti
Famil Qarayev bildirib ki, festival çərçivəsində guşəni ziyarət edənlərə milli mətbəximizin nümunələri
təqdim olunub, Azərbaycanla bağlı
həqiqətlər, o cümlədən
Dağlıq Qarabağ
münaqişəsi barədə
ətraflı məlumat
verilib.
Tədbirdə “Azəri Kalqari” qrupunun gənc üzvləri milli rəqslərimizdən nümunələr ifa ediblər. Onların çıxışları böyük maraqla qarşılanıb.
Kanadada Kalqari multikulturalizm şəhəri
kimi tanınır. Azərbaycanda elan olunan “Multikulturalizm
ili”ndə ölkəmizin
bu festivalda təmsil olunması xüsusi əhəmiyyət
kəsb edirdi. Kalqaridə yaşayan və müxtəlif milli, dini mənsubiyyəti
olan yüzlərlə
insan festivalda Azərbaycanın multikultural
dəyərləri ilə
tanış olmaq imkanı qazanıb.
Mədəniyyət.- 2016.- 17 avqust.- S.16.