Teatrlar yeni mövsümə hazırlaşır

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşada rolları xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov və başqaları ifa edir.

 

* * *

 

Mingəçevir Dövlət Dram Teatrında yeni teatr mövsümü sentyabrın 15-də görkəmli rus yazıçısı Nikolay Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açılacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsəri teatrın baş rejissoru Xəzər Gəncəlinin quruluşunda təqdim olunacaq. Rolları əməkdar artistlər Akif Mirabov, Ella Yaqubova, Şıxı Yaqubov, aktyorlar Aydın Quliyev, Elmira İbrahimova, Fəridə Məmmədova, Asim Əmirov, Firuz Hacıyev, Hüseyn Mustafayev, Qabil İbrahimli, Asim Məmmədov və Eyvaz Əliyev ifa edəcəklər.

 

Mədəniyyət.- 2016.- 19 avqust.- S.3.