Böyük sənətkar doğum
günündə məzarı başında anıldı
“İllər keçəcək, lakin Müslüm Maqomayevin sənəti yaşayacaq.
Biz də fəxr edəcəyik ki, onunla bir
dövrdə, bir şəhərdə
yaşamışıq, onu
tanımışıq”
Avqustun 17-də dünya şöhrətli Azərbaycan musiqiçisi, müğənni və bəstəkar, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 74-cü ildönümündə Fəxri xiyabandakı məzarı başında anım mərasimi keçirildi.
Müslüm Maqomayevin xanımı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, rəsmilər, mədəniyyət və incəsənət xadimləri, müğənninin dostları onun məzarı önünə gül dəstələri və əklillər düzərək əziz xatirəsini yad etdilər.
Dünya şöhrətli müğənninin musiqi sənətinə verdiyi töhfələrdən söz açan Xalq artisti, kinorejissor Eldar Quliyev qeyd etdi ki, illər ötdükcə Müslüm Maqomayevin haqqında danışmağa daha çox ehtiyac duyulur: “O, hamımızı - tamaşaçıları, Bakı şəhərini, Azərbaycanı sevirdi. İllər keçəcək, lakin Müslüm Maqomayevin sənəti yaşayacaq. Biz də fəxr edəcəyik ki, onunla bir dövrdə, bir şəhərdə yaşamışıq, eyni küçələrdən keçmişik, onu tanımışıq”.
Sənətkarın ömür-gün yoldaşı Tamara Sinyavskaya Müslüm Maqomayevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələnlərə təşəkkür etdi: “Mən Müslümü xatırlayıram və yaşayıram. Xatırlamaq mənim həyatımdır. Bizdə həmişə ənənə olub ki, avqustun 17-də Müslümün doğum günündə nə olursa-olsun Bakıya gələk. Müslüm Moskvada ad gününü həmişə sentyabrın 17-də keçirirdi. Müslüm Maqomayevi sevənlər həmin gün də Bakıdan Moskvaya gəlirdilər. Artıq 8 ildir ki, Müslüm Maqomayevin xatirəsini Fəxri xiyabanda qeyd edirik. Buraya gələn hər kəsə təşəkkür edirəm”.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin bildirdi ki, Müslüm Maqomayev bu gün Rusiyanın mədəni, bədii və musiqi həyatının bir hissəsi olaraq qalır. Müslüm Maqomayev bu gün də öz adı, yaradıcılığı və musiqisi ilə Rusiya və Azərbaycanın daha da yaxınlaşmasına, iki ölkə arasında dostluğun və qonşuluğun möhkəmlənməsinə kömək edir. O, eyni dərəcədə həm Azərbaycana, həm də Rusiyaya məxsus idi, çünki hər iki ölkəni öz vətəni sayırdı.
Bu gün bir tərəfdən kədər hissi, bir tərəfdən də qürur hissi keçirdiyini söyləyən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov vurğuladı ki, Müslüm Maqomayevin sənəti həmişə yaşayacaq. Onun doğum günü həm Azərbaycan, həm də Rusiya üçün böyük hadisədir.
Digər çıxış edənlər də Müslüm Maqomayevin hələ sovet dövründə təşkil edilən konsertlərinə insanların uzaq məsafələri qət edərək gəlməsindən söhbət açaraq, müğənninin ifasının qəlbləri fəth etdiyini vurğuladılar.
Qeyd edək ki, Bakıda dünyaya göz açan Müslüm Maqomayev Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Azərbaycan Opera və Balet Teatrının solisti olub.
İlk dəfə 1962-ci ildə Helsinkidə gənclər festivalında şöhrət qazanıb. “Buhenvald harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının ifasına görə festivalın laureatı olub. 1963-cü ildə öz konsertləri ilə sözün əsl mənasında Moskvanı fəth edib. Onun çıxışları böyük əks-səda yaradıb.
Müslüm Maqomayev estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edirdi. 1964-cü ildə Milanın La-Skala Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub. Milandan sonra Müslüm Maqomayev “Toska” və “Sevilya bərbəri” operaları ilə Sovet İttifaqının ən iri şəhərlərində çıxış edib. 1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında onun qastrolları böyük uğur qazanıb. Müğənni 1969-cu ildə Sopot (Polşa) beynəlxalq festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq artisti adı verilib. M.Maqomayev 1975-1989-cu illərdə Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub.
Müslüm Maqomayevin diskoqrafiyasına 40-dan çox val, 15 kompakt-disk daxildir. O, rejissor E.Quliyevin “Nizami” filmində baş rola çəkilib, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” filmlərinə musiqi yazıb.
Müğənni SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Milyonların sevimlisi olan sənətkar 2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib, doğma şəhəri Bakıda Fəxri xiyabanda dəfn edilib.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 19
avqust.- S.5.