Bölgələrdə mütaliənin təşviqi ilə bağlı tədbirlər

 

 

“Açıq kitabxana” layihəsi maraqla qarşılanır

 

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə həyata keçirdiyi “Açıq kitabxana” layihəsi bölgələrdə geniş maraq doğurmaqdadır. Xatırladaq ki, iyulun 15-də Milli Kitabxanada layihənin təqdimatı keçiriləndən sonra şəhər və rayonlarda kitabxanalar da bu təşəbbüsə qoşulublar. Layihənin əsas məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaqdır. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə kitabxanalar yay mövsümü başlayandan istirahət məkanlarında, müxtəlif müəssisələrdə səyyar kitabxana xidməti, mütaliə saatları təşkil edirlər.

 

Siyəzən rayon MKS-nin təşkilatçılığı ilə Heydər Əliyev prospektində yerləşən ailəvi istirahət parkında “Açıq kitabxana" layihəsi çərçivəsində tədbir keçirilib.

MKS-nin direktoru tədbiri açaraq bildirib ki, layihə əhali arasında kitabların təbliği və kitabxanalara oxucuların cəlb edilməsində mühüm rol oynayacaq.

* * *

Ucar rayon MKS tərəfindən “Açıq kitabxana” layihəsinə uyğun olaraq kitabxanaya yeni daxil olmuş kitabların sərgisi təşkil edilib. MKS-nin direktoru Bəsirə Abbasova və şəhər Gənclər kitabxanasının işçiləri təqdim olunan yeni nəşrlər haqqında məlumat veriblər.

* * *

Abşeron rayon MKS-nin təşkilatçılığı ilə Mərkəzi kitabxananın qarşısında açıq kitabxana təşkil olunub. Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən ədəbiyyatlar, milli və xarici ölkə ədəbiyyatını əks etdirən müxtəlif nəşrlər nümayiş etdirilib.

* * *

Kürdəmir rayonunun istirahət məkanlarında, səhiyyə, ticarət və digər müəssisələrində səyyar kitabxana xidməti təşkil edilib. “Həmyerli yazarlarımız”, “Kitabxanamıza yeni daxil edilən nəşrlər”, “Nağıllar aləminə səyahət”, “İlin yubilyarları”, “Azərbaycanda multikulturalizm” və s. başlıqlı sərgilər sakinlər tərəfindən maraqla qarşılanıb.

* * *

Qazax rayon Mədəniyyət mərkəzinin qarşısında “Mütaliə həftəsi” çərçivəsində Mərkəzi kitabxananın fonduna daxil olmuş yeni ədəbiyyatın təqdimatı keçirilib. MKS-nin direktoru Solmaz Babanlı məlumat verib ki, təqdim olunan kitablar müxtəlif elm sahələrini əhatə edir. Sərgidə son illər rayon MKS-nin fonduna daxil olmuş yeni kitablarla yanaşı, 500-ə yaxın ədəbiyyat və dövri nəşrlər nümayiş etdirilib.

* * *

Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi-vətənpərvərlik işinin gücləndirilməsinə və səyyar kitabxanaya dair Tədbirlər Planına əsasən Lənkəran şəhər MKS-nin əməkdaşları N saylı hərbi hissədə əsgərlərlə görüş keçiriblər.

Hərbiçilərə səyyar kitabxana xidməti zamanı 70 adda kitablar təqdim edilib. Hərbi hissənin rəhbərliyi kitabxana əməkdaşlarını ulu öndər Heydər Əliyevə həsr olunmuş muzey guşəsi, akt zalı və kitabxana ilə tanış ediblər.

* * *

Şəki şəhər Mərkəzi kitabxanasında və filiallarda “Mütaliə həftəsi” ilə əlaqədar tədbirlər təşkil olunub. Mərkəzi kitabxananın Uşaq şöbəsi “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun ərazisində, 16 saylı filial isə Kiş kəndində yerləşən Kiş-Alban məbədinin həyətində tədbir təşkil edib. Tədbirlər şəhər sakinləri və turistlərin marağına səbəb olub.

* * *

Qobustan rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Açıq kitabxana” layihəsi çərçivəsində rayon mərkəzində yerləşən istirahət mərkəzində tədbir keçirilib. Xarici ədəbiyyat”, “Uşaq dünyası”, “Hüquqi dövlət və qanun”, “Qədim, doğma Qobustanım”, “Vətən tariximiz, ənənəmiz, azadlığımızdır”, “Yeni kitablar”, “Tarixə dair nə oxumalı?” və s. başlıqda sərgilənən kitablar maraqla qarşılanıb.

* * *

Ağcabədi rayon MKS-nin Aran kənd kitabxana filialının işçiləri kənd xəstəxanasında tibb işçiləri və xəstələr üçün səyyar kitabxana xidməti təşkil ediblər. Xəstəxanada kitab guşəsi yaradılıb. Həmçinin kənd əhalisinin kitaba marağını artırmaq üçün Açıq kitabxana təşkil edilib.

* * *

Bərdə rayon Mərkəzi kitabxanasının təşəbbüsü ilə MKS-nin kitabxana filiallarında açıq havada "Mütaliə həftəsi" başlığı altında tədbirlər keçirilib. Mərkəzi kitabxana N saylı hərbi hissədə, şəhər 1, 3 saylı kitabxana filialı 5 və 7 saylı orta məktəbdə, yaşlı və fiziki cəhətdən əngəllilərə evlərdə səyyar xidmət göstərib. 2 saylı şəhər kitabxanası kənd kitabxana filialları ilə birlikdə açıq havada "Mütaliə saatı" təşkil edib.

* * *

Şəmkir rayon MKS-nin təşəbbüsü ilə Əhməd Cavad adına Mədəniyyət mərkəzinin qarşısında, İstiqlal parkında “Mütaliə həftəsi” layihəsi çərçivəsində kitab sərgisi təşkil edilib. Aksiyada oxuculara kitabxanaya üzv olmaq imkanı yaradılıb. Rayonun Çinarlı, Zəyəm qəsəbə və digər kənd kitabxana filialları açıq səma altında “Mütaliə həftəsi” keçirib.

 

Mədəniyyət.- 2016.- 19 avqust.- S.6.