“Qalaaltı Hotel & SPA” kompleksinə gələn hər dörd nəfərdən biri əcnəbidir

 

 

Kompleks fəaliyyət göstərdiyi bir ilə yaxın müddətdə 5 min 900 nəfər əcnəbi turist qəbul edib

 

Şabran rayonu ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışı ötən ilin avqustunda keçirilib. Kompleksdə eyni vaxtda 354 nəfəri qəbul edə biləcək hotel, villa və kotteclər var. Ötən müddətdə kompleksin xidmətlərindən 23 min turist yararlanıb. Onların 5 min 900 nəfəri (təxminən 26 faiz) əcnəbilər olub.

 

Müalicə-istirahət kompleksini daha çox MDB ölkələrinin, xüsusilə Rusiya və Qazaxıstan vətəndaşları ziyarət edir.

Kompleksdə dincələn qazaxıstanlı turist Askar Jakanov və həyat yoldaşı Maygül Jakanova “Qalaaltı Hotel & SPA” kompleksində təqdim olunan müalicə paketlərinin sərfəli olduğunu bildiriblər: “Astana şəhərindən gəlmişik. Bu müalicə-istirahət kompleksinin dağlıq ərazidə yerləşməsi ən böyük üstünlüklərindəndir. Təmiz hava turistlər üçün çox xeyirlidir. Kompleksdə istər uzunmüddətli müalicəvi istirahət, istərsə də asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Gözəl təbiət qoynunda istirahət edirik. Həkimlərin təyinatı ilə müalicəvi sudan da içirik. Bir sözlə, həm dincəlir, həm də müalicə olunuruq. Əminəm ki, növbəti ildə də bura gələcəyik”.

Kompleksin hotel binası müasir standartlara uyğun 171 otaqdan ibarətdir. Hotelin direktoru Turqay Arı deyir ki, “Qalaaltı Hotel & SPA”da xidmətlər üçün sifarişləri həm onlayn, həm yerində vermək mümkündür. Kompleksdə iki nəfər üçün birgünlük qiymət həftəiçi 135, həftəsonu isə 150 manat təşkil edir. Buna 3 dəfə yemək, fitnes zal, türk hamamı, buxar otağı, sauna, qapalı hovuzdan istifadə digər xidmətlər daxildir. Həmçinin turistlərə müxtəlif kampaniyalar çərçivəsində güzəştli müalicə paketləri təklif edilir. İki nəfər üçün birhəftəlik paketin qiyməti 938, bir nəfər üçün isə 637 manatdır.

Burada istər uzunmüddətli müalicəvi istirahət, istərsə həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Turistlər SPA xidmətlərindən, habelə bio-sauna, masaj, ekzotik duş otaqları, trenajor zalından da yararlana bilərlər.

Kompleksdə müasir avadanlıqla təchiz edilmiş tibb mərkəzi fəaliyyət göstərir. Tibb müəssisəsinin baş həkimi Vahid Vəliyevin sözlərinə görə, qonaqlara Qalaaltı kəndi ərazisindən çıxan məşhur təbii sular əsasında müalicəvi xidmətlər təqdim olunur. Məsələn, “Naftsu”nun tərkibində yüksək miqdarda üzvi maddələr var. Müalicəvi xüsusiyyətlərinə görə dünyada tanınan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Tibb müəssisəsində müasir laboratoriya, fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya kabinələri yaradılıb.

Kompleksdə müştərilərə müalicə ilə yanaşı, geniş əyləncə xidmətləri də təklif olunur. Əyləncə məkanı 5,4 min kvadratmetr sahəni əhatə edir. Müxtəlif idman meydançaları, o cümlədən aerobika zalı, tennis kortları, geniş park, uşaq mərkəzi və hovuzu, qar otağı, elektron oyunlar asudə vaxtı səmərəli keçirməyə hər cür şərait yaradır.

 

Mədəniyyət.- 2016.- 19 avqust.- S.8.