“Tax free”
sistemi ölkənin turizm
üzrə rəqabət qabiliyyətini gücləndirir
Gələcəkdə bu
sistemin beynəlxalq hava
limanları ilə yanaşı, digər sərhəd
buraxılış məntəqələrində də tətbiqi
həyata keçiriləcək
Xəbər verdiyimiz kimi, beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə istifadə olunan “Tax free” sisteminin (əcnəbilər tərəfindən ölkədə alınmış, istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan mallara ödənilmiş ƏDV-nin sərhəd keçidində geri qaytarılması) Azərbaycanda da tətbiq olunmasına başlanılıb.
Ölkə Prezidentinin 12 iyul 2016-cı il tarixli fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib. Bundan öncə dövlət başçısı Vergi Məcəlləsinə müvafiq düzəlişləri təsdiq etmişdi. Bu addım Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə atılıb.
Vergilər Nazirliyinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanovun sözlərinə görə, “Tax free” sistemi ilk dəfə İsveçdə yaranıb, hazırda Avropa İttifaqında və digər ölkələrdə tətbiq olunur. Adətən, turistlər hər hansı xarici ölkəyə gedərkən orada bu sistemin tətbiqi şərtlərini də öyrənir və etdikləri alış-veriş məbləğindən neçə faizini geri alacaqlarını əvvəlcədən hesablayırlar.
Şöbə müdiri bildirib ki, ölkəmizdə bu sistemin tətbiqi üçün müvafiq normativ hüquqi aktların ölkə başçısının fərmanına uyğunlaşdırılması ilə bağlı işlər aparılır. Sistemin vahid məlumat bazasının operatoru Vergilər Nazirliyidir. Nazirlik malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir, proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz işləməsini, “Tax free” mərkəzi informasiya sisteminin yaradılmasını və idarə edilməsini təmin edir.
Alıcı aldığı malları Azərbaycan Respublikası ərazisindən apardıqda aldığı mallara dair e-VHF-ni öz pasportu ilə birlikdə gömrük sərhəd-buraxılış məntəqəsində gömrük orqanı əməkdaşına təqdim etməlidir. Qiymətləndirmənin nəticələri əsasında alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməli olub-olmadığı proqram təminatı vasitəsilə açıqlanır, qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparılır, məlumat real vaxt rejimində müvəkkil banka ötürülür. Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş kimi və ya 10 iş günündən gec olmayaraq xarici və ya milli valyutada bank kartına və ya hesabına köçürmə qaydasında qaytarır.
Azərbaycanda “Tax free” bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri ƏDV ilə birlikdə 300 manatdan çox olduğu hallarda tətbiq edilir. Alıcıya ödəniləcək ƏDV məbləğindən operatorun göstərdiyi xidmətlərə görə 20 faiz həcmində xidmət haqqı və bank komissiya haqqı tutulur.
Şöbə müdirinin sözlərinə görə, bu sistem ölkəyə xarici turistlərin cəlb edilməsini təşviq edir, habelə onların ölkə ərazisində mal almasını stimullaşdırır. "Tax free” turistləri xərcləmələrə təşviq edən mexanizmdir. Bu sistem ölkənin turizm üzrə rəqabət qabiliyyətini artırır, ölkəyə xarici valyuta gətirilməsini təmin edir, ölkədə pərakəndə ticarətdə rəqabəti artırmaqla satış dövriyyəsini genişləndirir, habelə turist yönümlü istehsalı stimullaşdırır.
Hazırda “Tax free” sistemi ölkəmizdə beynəlxalq hava limanlarından çıxış zamanı həyata keçirilir. Gələcəkdə sistemin digər sərhəd buraxılış məntəqələrində də tətbiqi həyata keçiriləcək. Bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün qanun layihəsi hazırlanıb.
Bu arada
“Tax free” sisteminə qoşulan ticarət obyektlərinə veriləcək
stikerin forması və tətbiqi
qaydası Vergilər Nazirliyi tərəfindən
təsdiqlənib. Vergi ödəyicisi
ƏDV-nin qaytarılması sistemi çərçivəsində
satıcı qismində qeydiyyata
alınaraq operatorla xidmət müqaviləsi
bağladıqdan sonra 10 iş
günü müddətində operator tərəfindən stikerlə təchiz
edilir. Stiker satışın həyata keçirildiyi
təsərrüfat subyektinə (obyektinə) daxil
olmadan görünə bilməsi məqsədilə
pəncərədən və ya qapıdan
asılmalı (yapışdırılmalı), həmçinin
alıcı tərəfindən ödənişin həyata keçirildiyi yerdə (kassada)
alıcının görə biləcəyi yerdə
yerləşdirilməlidir.
Mədəniyyət.- 2016.- 19
avqust.- S.9.