Mirvarid Dilbazi
Bu dünyanı qafiyə qiyafəsiycə
görüb, rübai-bayatı
yığcamlığıyca vəsf edib,
füzun bir poemayca yaşamış xanım...
Soyu-soyadı - bütün səhvləri və səf-səf uğurları ilə milli tariximizin böyük seçkinlərindən olan Nadir şah Əfşar şəcərəsinə, döyüşlərin birində məşhur bir sərkərdənin “Əcəb dilbazəst!” (əcəb cəsur, ürəkli adamdır!) deyə öydüyü bir baba ocağına - Dilbozlar nəslinə mənsub olan bu xanımın ürəyi özünün də bir tağı olduğu poeziya qədər zərif, sənət timsalında incə-mincə idi...
Bütün bədii yaradıcılığı, iç və dış xatirələr mülkü bəyan edir ki, şairlər yurdu Qazax mahalında doğulmuş bu xanım qəlbcə də təbiət mahiyyətində olub, qələmcə də. Bəzi tənqidçi və ədəbiyyatşünasların qənaətincə, Mirvarid Dilbazi şeirlərində müharibə (1941-45) mövzusu daha geniş yer tutur, daha qabarıq görsənir. Bəndəniz bu fikirlə, olsa-olsa, say-miqdar baxımından razılaşa bilər, mövzuya, fakta münasibət, ürək-qəlb yanğı-yansımı sarıdan isə, əsla! Bunun sübutuna bir neçə nümunəm də var:
Qar örtdü bağça-bağları,
Çiçəkli-güllü dağları,
Nə xoş gəlib bu qış, bu qar
Qışın da özgə zövqü var -
Qar altda yatar tarlalar...
Yaxud, ahıl yaşlarınadək - doğmalı-yadlı bütün ətrafına, “hal əhli” kriteriyalı oxucularına bir ana təsiri bağışlamış, “ixtiyar yaş”dan sonra isə ellər anası yerində görünmüş bu xanımın dillər və könüllər əzbəri bir mahnıdakı sözlərini yada salaq:
İlıq küləklər əsdi,
Yaz gəlməyə tələsdi,
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü...
Hələ bu xanımın əsl ziyalı sənətkarların nəfs fəlsəfəsinə dair misraları!
Süfrəmi sadə görsən,
Utanma nemətlərin
Azlığı-çoxluğundan.
Sənin nə xəbərin var -
Qələm sahiblərinin
Mənəvi toxluğundan...
Sayı da, sanbalı da yetərincə olan belə nümunələrdən birini də, müasir media-mod leksikonu seriyasından - “az sonra”ya saxlayıb, onun kitablarından bir neçəsinin adama mənəvi dad bəxş edən adlarını sadalamaq istəyirəm: “Bizim səsimiz”, “İlk bahar”, “Döyüş mahnıları”, “Vətən eşqi”, “Qoçaq ataların qoçaq övladlarına”, “Xatirələr”, “Sənətkarın xəyalı”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, “Çiçəkdən-çiçəyə”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”...
Nəhayət, bu xanıma məxsus “kitabın içindəkilər”dən daha bir nümunə:
Dörd
divar,
Bir tavan,
Bir döşəmə.
Bir də
Ürəyimdə sıxıntı,
Kədər.
Sabahı
gözləyən ümidlər...
Sabahım da bu günümə bənzəsə
əgər?..
Bu xanım belə-belə
fikirlər, hikmətlər
yazırdı, onu oxuyacağınız halda
biləcəyiniz mətləblərdən,
duyacağınız duyğulardan
bəhs edirdi. O, “başqaları”
barədə o qədər
yazdı, o qədər
bəhs etdi ki, başladılar onun sözü, özü haqda yazmağa, bəhsi-ərz
etməyə.
Yazdılar (və yazırıq)
ki...
Mirvarid Dilbazi “uzun, ağlı-qaralı,
enişli-yoxuşlu, daşlı-kəsəkli...
bir ömür yaşadı”. “Uzun”,
“enişli-yoxuşlu” ifadələrinə
mən də şərik. “Ağlı-qaralı”, “daşlı-kəsəkli”
epitetləri isə “söz”. Nədən
ki, belə kəlmələri başına
buraxsaq, bu xanımın siyasi zillətlərə düçar
edilmiş çağdaşlarının
ruhi-mənəvi haqlarına
toxunmuş olluq...
Oxuduqllarıma (və bir az nisbi, bir
az ciddi dəstəklənəsi fikirlərə)
görə, Mirvarid xanım ömrünün
bir gününü də ümidsiz, arzusuz, işıqsız yaşamayıb və elə bu əhvalına
binaən onun şeirləri günü
bu gün də oxucularının qəlbinə elə o qəbil əlamət və keyfiyyətlər süzür, könüllər
feyzləndirir, ruhlar oxşayır, müəllifini
unudulmazlıq, həmişədirilik
səadətinə qovuşdurur.
Yazırlar ki, Dilbazinin - bir vaxtlar şücaət
və cəsarətinə
görə ünvanına
“Əcəb dilbazəst!”
deyilən Molla Alı ocağının oğullarından olan, “Şair” təxəllüsü
ilə ədəbiyyat
tariximizdə iz qoyan babası Əbdürrəhman ağa
görkəmli maarifçi-alim
Firidun bəy Köçərlinin “Azərbaycan
ədəbiyyatı” kitabında
da böyük milli iftixar hislərilə
yad edilir, o nəsildən olan Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (mühacirət ədəbiyyatımızın ilk nümayəndələrindən biri) haqqında maraqlı məlumatlar verilir. Mirvarid xanım özü də 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə
göz yaşları”
xatirələr kitabında
o dövran anlarına
toxunur: “XIX yüzilliyin
axırına qədər
nəslimizi ziyalı-mülkədar
nəsli təmsil etmişdir. Onların ölümündən sonra nəsildə bir boşluq əmələ gəlib.
Hacı Rəhim ağa Vəhidinin oğlanları,
qızı bu boşluğu doldursalar da, yenə də
azlıq edib.
Nəslimizdə müdrik, xalq hörməti qazanmış,
Tiflisdə, Gəncədə
mötəbər sayılan,
çoxsaylı ziyalı
dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa,
Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum adlı-sanlı,
səxavətli, xeyirxah
yaşlı nəsli təmsil edən insanlar yetişmişdi. Cavan atam da
əmizadələrinin xeyirxah
duyğuları ilə
tərbiyələnib, inkişafa
can atırdı. Sinfi
mənsubiyyətlərinə görə, rast gəldikləri məhrumiyyətlərə,
maneələrə baxmayaraq,
nəslimizdən üç
kənd təsərrüfatı
elmləri namizədi
- Hacı Dilbazi, Xanım Dilbazi, Rəşid Dilbazi, tibb elmləri doktoru Nəcməddin Hacıyev (Dilbazi), bir Xalq artisti
- Əminə Dilbazi, ömürlərini xalq maarifinə həsr etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi, “Məhəbbət qocalmır”,
“Ağ yasəmənlər”
povestlərinin müəllifi
Yaqut Dilbazi kimi tanınmış adamlar çıxmışlar”.
1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuş Mirvarid atasını erkən yaşlarından itirib və Daş Salahlıda yaşayan babası Mustafa ağanın mülkündə,
Damcılı və Göyəzən ətəklərində,
qədim Qazağın
ulu Dilican yaylaqlarında böyüyüb.
Sözügedən qədim, ulu
elatlar, folklor yazım-yozumlu mühit bu gələcək söz sənətkarının
şərhi-bəyanlı bir
şəxsiyyət kimi
də yetişib-formalaşmasında
önəmli rol oynayıb. İlk təhsilini Daş
Salahlıdakı Heydər
əfəndinin ibtidai
məktəbində alıb.
1920-ci ildə dövrün ziyalı xanımlarından sayılan
Mədinə Qiyasbəyli
onu başqa yeniyetmə qızlarla bərabər Bakıya gətirir və Mirvarid 1929-cu ildə Ali Pedaqoji İnstitutun ədəbiyyat-ictimaiyyat fakültəsinə
daxil olur.
O sonralar “Bizim müəllimlərimiz” başlıqlı
xatirələrində yazacaqdı:
“Müəllimlərimiz (G.Yusubova,
A.Əmirov, N.Şahsuvarov,
C.Əfəndizadə, A.Musaxanlı)
namuslu, vüqarlı,
qeyrət məktəbi
bitirmiş ziyalı vətənpərvərlər idilər.
Burada hər şey şagirdin istedadı ilə ölçülürdü.
Odur ki, o illərdə qız və oğlan seminariyalarında
oxuyanlar arasında çoxlu istedadlar yetişdi.
Axşamlar Nəriman Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə
gələr və biz
hamımız onların
başına toplaşardıq. Doktor bizə
keçmişdən, gələcəkdən
maraqlı söhbətlər
edirdi. Xüsusilə gələcək haqqında elə şirin danışırdı
ki, biz uşaqlar quş olub, o gözəl gələcəyə
uçmaq istəyirdik.
O, fikrə gedəndə
biz çiyninə söykənir,
ona sığınırdıq.
Məktəbimizdən gedəndə isə
yaman darıxırdıq.
Doktor Nərimanov bizim üçün dünyanın
ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi.
Bir axşam
yenə məktəbin
çıraqları yandı. Böyük salonda
doktor Nərimanovun ətrafına toplaşmışdıq.
O, bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz
yolda qaldı, Nərimanov gəlmədi.
Demə,
onu Moskvaya aparıblarmış. 1925-ci ildə isə onun ölüm xəbərini eşitdik...”
1932-ci ildə ali
məktəbi bitirən
Mirvarid Dilbazi Qubaya göndərilir. İki il
Quba Partiya Məktəbində çalışdıqdan
sonra Bakıya qayıdır. “Şərq
qadını” jurnalında
ədəbi işçi,
Dövlət Muzeyində
baş elmi işçi və şöbə müdiri işləyir. Daha sonra Moskvada ədəbi kurslarda olur və... salam, sənət!..
“Qadınların hüriyyəti”
adlı ilk (1927), “Zəhra”,
“Qurtuluş”, “Qadın”
və başqa şeirləri onu tezliklə məşhurlaşdırır. 1934-cü ildə “Bizim səsimiz”, ardınca “İlk bahar” kitabları çap edilir. Böyük Vətən müharibəsi
illərində yeddi kitabı nəşr olunan şair dinc illərin başlanğıcında “Məhsəti”,
sonralar “Əlcəzairli
qız”, “Partizan Aliyə" poemalarını
qələmə alır.
Görkəmli bəstəkarlardan F.Əmirov, T.Quliyev, S.Ələsgərov, Ş.Axundova,
A.Rzayeva və başqalarının onun sözlərinə yazdıqları
mahnı, romans və oratoriyalar, xarici dillərə tərcümə olunan əsərləri müəllifin
şöhrət coğrafiyasını
daha da genişləndirir.
Sovet dövründə “Şərəf
nişanı”, “Qırmızı
əmək bayrağı”
ordenləri, Xalq şairi adı, müstəqil Azərbaycanın
“İstiqlal” ordeni və bir neçə
medalları ilə təltif olunan şair 2001-ci il iyulun 12-də vəfat edib.
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 19
avqust.- S.11.