Kuklalarda yaşayan tarix
“Dəfələrlə Azərbaycan Tarixi Muzeyinə getdim, fondlarda saxlanılan milli
geyimlərlə tanış oldum. Çox araşdırdım, nəhayət ki, kuklaları düzəldib təhvil verdim. Sonra bu
iş məni özünə çəkdi”
Elmira Abbaslı özünəməxsus yaradıcılığı olan sənətkarlarımızdandır. O, ömrünün 30 ildən çoxunu milli kukla yaradıcılığına həsr edib, onlarla miniatür kukla düzəldib. Bunlar onun müəllif kuklalarıdır.
Rəssamın yaratdığı kuklaların hər biri bənzərsiz sənət əsəridir. Kukla tamaşalarında kuklaları aktyor dilləndirir, hərəkətə gətirirsə, burada ona gərək yoxdur. Ona görə ki, rəssamın yaratdığı hər kukla tamaşaçı ilə sanki danışır, özlüyündə hansısa hərəkəti icra edir. Rəssam əsəri üçün gərək olan bütün elementləri - geyimlərini, ayaqqabılarını, bəzəklərini özü düzəldir. Burada hazır nələrdənsə istifadə edilmir. Ona görə də bir adamın əlindən çıxdığı üçün bu kuklalar təkrarolunmazdır.
E.Abbaslının əsərləri Rusiya, ABŞ, İngiltərə, Yaponiya, Çin, Malta, Almaniya, Fransa kimi ölkələrdə özəl kolleksiyalarda saxlanılır.
Onun yaradıcılığında uşaqlıq xatirələri əsas yer tutur. İçərişəhərlə bağlı xatirələri rəssamın hər bir əsərində başlıca özəllikdir. O xəyallarındakı dünyanı kuklalarında gerçəkləşdirir: “Uşaqlıq illərim İçərişəhərdə keçib. Gözümü açandan nənəmin danışdığı nağılların sehrinə düşmüşəm. Nənəm həm də yaxşı tikmə ustası idi. Mən də uşaqlıqdan onun əlinə baxıb tikməyə başlamışam. Rəsm çəkmək bacarığım da var idi. 1983-cü ildə Azərbaycanda xalça sənəti üzrə beynəlxalq simpozium keçirilirdi. Həmin simpoziuma qatılacaq qonaqlara hədiyyə vermək üçün milli geyimli kuklalar düzəltmək sifarişi aldım. O ana qədər əllə kukla düzəltməmişdim və onların hazırlanması barədə heç bir anlayışım yox idi. Bunun üçün dəfələrlə Azərbaycan Tarixi Muzeyinə getdim, fondlarda saxlanılan milli geyimlərlə yaxından tanış oldum. Çox araşdırdım, elmi kitablar oxudum, nəhayət ki, kuklaları düzəldib təhvil verdim. Sonra bu iş məni özünə çəkdi, kukla sənətilə ciddi məşğul olmağa başladım. Onu da deyim ki, bundan öncə Bakı Oyuncaqlar Fabrikində rəssam işləmişdim. Müxtəlif kukla modelləri düzəldirdim. Orada həqiqi yaradıcılıqdan söhbət gedə bilməzdi, ona görə ki, kütləvi istehsal tələb olunurdu”.
Beləliklə, 1983-cü ildən Elmira xanım peşəkar kukla yaradıcılığına başlayır. Bir il sonra o, Moskvada keçirilən XII Ümumittifaq Gənclər Festivalında milli geyimli kuklalarla iştirak edir. 1985-ci ildə Bakıda düzənlənən “Dünya və gənclik” adlı müəllimlərin təsviri sənət sərgisində əsəri diploma layiq görülür.
1986-cı il rəssam üçün uğurla
yadda qalır, bir
neçə yerli və beynəlxalq sərgilərdə
iştirak edir:
“1986-cı ildə Maltada yeni
açılan kukla muzeyində işlərim
nümayiş etdirildi,
1987-ci ildə Finlandiyada fərdi sərgim
oldu. Bu sərginin təəssüratlarını
indi də unuda bilmirəm.
Hələ indiyə kimi o
səviyyədə sərgim olmayıb. 1989-cu ildə
Polşanın Krakov şəhərində
II Beynəlxalq Folklor Kuklaları
Biennalesində bürünc mükafat qazandım. Bundan
bir il öncə
SSRİ Rəssamlar İttifaqının üzvlüyünə
qəbul edildim. 1989-cu ildə “Buta” Marionet Teatrında “Arşın
mal alan” tamaşasını
hazırladıq. Tamaşa maraqla
qarşılandı. 1994-cü ildə isə Bakıda keçirilən
sərgimdə bir iş adamı əsərlərimi görüb,
mənə muzey yaratmağı təklif etdi. Beləliklə, ilk özəl milli
kuklalar muzeyini açdıq. Muzey iki
il fəaliyyət göstərdi”.
2001-ci il rəssam
üçün yeni sərginin açılışı
ilə yadda qalıb. Həmin il Rusiyanın
Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində
fərdi sərgisi keçirilib, əsərləri
Moskvadakı Mərkəzi
Rəssamlar Evinin qalereyasında nümayiş
edilib.
E.Abbaslının maraqlı layihələrindən
biri 2010-cu ildə “Köhnə Bakı obrazları - İçərişəhər
XIX əsr” adlı kolleksiyanın nümayiş
olunmasıdır. Bununla bağlı təşəbbüs
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsindən
gəlmişdi: “İçərişəhər
mövzusu mənə
çox doğmadır.
Ona görə işə başladım və 10 aya başa çatdırdım.
Obrazları düzgün müəyyənləşdirmək,
kiçik əşyaları,
qədim çıraqları
düzəltmək, parçaları
düzgün seçmək
gərək idi.
Bir sözlə, İçərişəhər
bu kolleksiyada öz həqiqi əksini tapmalı idi. İşin başa çatmasından
sonra Kiçik karvansarayın “İncəsənət
bağı”nda kolleksiyanın
təqdimatı keçirildi.
Sonra həmin işlər Şirvanşahlar sarayında
nümayiş olundu”.
Rəssam
yaratdığı hər
bir obraza özünəməxsus cizgilər
verdiyi kimi görkəminə və mahiyyətinə uyğun adlar da verir:
“Obrazlarım şərti
deyil, onlara vaxtilə eşitdiyim, gördüyüm qohumların,
şəxslərin adlarını
qoyuram. Sanki onları
yenidən həyata qaytarıram. Əsərlərimə
“Xan”, “Abdulla bəy”,
“Toydan sonra Səkinə xanım”, “Tacir Heybətqulu”, “Zəngin xanım Mənzər”, “Qoçu Həsənbala”, “Faytonçu
Qorxmaz”, “Çayçı
Tofiq”, “Xanbala”, “Arşınmalçı Bağır”,
“Mirzə Abbas”, “Baba Hacıağa”, “Nənə
Xanımana” və başqa adları vermişəm”.
Elmira xanım yaratdıqlarını
kukla saymır, onları “həcmli təsvirli miniatür” adlandırır. Hələ ki, bu məsələni tam konkretləşdirməyib,
ancaq yaratdıqlarının
yeni bir janr olduğunu söyləyir. O öz
əsərlərinin mahiyyətini
izah etməyi də yaxşı bacarır. Bu, yaradıcı
adam üçün
yaxşı keyfiyyətdir.
Gərək hər bir müəllif öz əsərini izah etməyi bacarsın.
Onun maraqlı əsərlərindən
biri də “Ağ dəvə”dir. Rəssam əsər haqqında bunları deyir: “Mənim üçün “Ağ dəvə” haqqın simvoludur. Ağ dəvənin yanındakı
balası onun davamçısı anlamındadır.
Dəvənin önündə və arxasında mistik fiqurlar var. Həmin fiqurlar əbədiyyətin bələdçiləri
kimi dəvəni müşayiət edirlər.
Aşağıda isə məscidlər,
sfinks və piramidalar, müxtəlif şəhərlər əks
olunub. Dəvə keçdiyi bütün
yerləri, sanki, işıqlandırır. Onun belində balaca oğlan var. Oğlanın
üzü gerçəkdir,
mistik deyil”.
Kukla sənətinin
yaşı çoxdur. Deyirlər, bu
sənət insanın
uşaqlıq dönəminin,
xəyal dünyasının
ən gözəl tapıntısıdır. İlk kuklalar iki çubuğun
xaçvari birləşməsindən
düzəldilməklə üstü
parçalarla bəzədilən
kuklalardır. Elmira xanım
isə öz kuklalarını düzəltmək
üçün parçadan
plastikə qədər
yol keçib: “İlk vaxtlar onları parçadan hazırlayırdım. İndi kuklaları
plastikdən düzəldirəm.
Plastikin imkanları daha genişdir. Kukla hazırlamaq üçün
heykəltəraşlığı, rəssamlığı, zərgərliyi,
psixologiyanı, həndəsəni
bilməlisən. Həm saç
ustası, həm də modelyer olmalısan. Ən çətin
mərhələ obrazın
düşüncəmdə hazırlanmasıdır. Sonra düşüncələrimdə
yaratdığım kuklanın
gerçəkləşdirmə mərhələsi başlayır”.
Rəssamın yaradıcılığında fəlsəfi əsərlər
ayrıca yer tutur. “Qüvvə verən
şəhər”, “Məbədə
yol”, “Nur”, “Məhəbbət”, “Şəhrizad”,
“Şah”, “Şirvanşahların
quşları”, “Qədim
şəhərin gözətçiləri”,
“Rəqqasə” əsərləri
bu sıradandır.
Onun obrazları
içərisində nağıl
qəhrəmanlarına da
rast gəlmək mümkündür. Bu obrazlarda
rəssam Şərq özəlliklərini ustalıqla
verə bilir. Bu baxımdan “Şəhrizad”
əsəri diqqətçəkəndir:
“Şəhrizad”ı yaradandan
sonra fikirləşdim
ki, mütləq şahı da hazırlamalıyam. Beləcə, bir ildən sonra “Şah” da yarandı. Ayrı-ayrı illərdə düzəltməyimə
baxmayaraq, indi ikisi bir kompozisiyadadır”.
E.Abbaslı hər bir əsərində
dəqiqliyə ayrıca
fikir verir. O, obrazların
üzlərini, duruş
və geyimlərini ustalıqla düzəldir,
ən kiçik məqamı diqqətindən
yayındırmır. Ona görə
rəssamın əsərlərinə
baxanda obrazların sanki canlı olduğunu düşünürsən.
Bu da onları
tamaşaçıya sevdirir,
inandırır. Rəssam indi
6 ildən bəri üzərində işlədiyi
layihəsini davam etdirir.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 19
avqust.- S.12.