Qəbələ rayonunda
Qafqazda və Avropada ən
qədim katakomba aşkar
edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ rayonundakı Xalkolit və Tunc dövrlərinə (eramızdan əvvəl 4-3-cü minilliklər) aid arxeoloji abidələrin tədqiqi ilə məşğul olan “Qədim Qəbələ” ekspedisiyası 2016-cı ilin yay mövsümündə tədqiqatları davam etdirib.
İnstitutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiyanın əsas tədqiqat obyekti əvvəlki illərdə olduğu kimi, bu il də Qəbələ Beynəlxalq Aeroportu ərazisindəki Leylatəpə arxeoloji mədəniyyətinə aid Qalayeri qədim yaşayış məskəni olub.
Xalkolit dövrünə - eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına aid bu abidədə aparılan qazıntılar nəticəsində minlərlə maddi mədəniyyət qalıqları - gildən, daşdan, metaldan və sümükdən hazırlanmış əmək alətləri aşkar edilib. Müəyyən olub ki, Qalayerində müxtəlif tip saxsı qablar qədim Yaxın Şərq mədəniyyətlərində olduğu kimi dulus çarxında hazırlanıb. Abidədə, eyni zamanda o dövr üçün istehsalda ən yüksək texnoloji üsul hesab olunan dulus çarxının hissələri də aşkar edilib.
Qalayerində qazıntıların ən böyük uğurlarından biri - mədəni təbəqənin altında, xam torpaqda qazılmış katakomba tipli qəbir abidəsinin aşkar edilməsidir. N.Müseyiblinin sözlərinə görə, abidənin ilk məskunlaşdığı dövrə, yəni 6 min əvvələ aid bu qəbir Qafqazda və Avropada katakomba tipli ən qədim qəbir abidəsidir.
Ekspedisiya rayonun Dizaxlı kəndində, kənd sakini Yasin Qəribovun məlumatı əsasında Qara çayın hündür sağ sahilində yerləşən Erkən Tunc dövrünə aid nekropolda 2014-cü ildə başladığı tədqiqat işlərini davam etdirib və iki nömrəli qəbri qazıblar. Qəbirdən dəfn edilmiş insan skeleti ilə yanaşı, metaldan və müxtəlif minerallardan hazırlanmış yüzdən artıq bəzək əşyası, otuza yaxın saxsı qab aşkar edilib.
Aşkar edilən artefaktlar Kür-Araz Mədəni Tarixi
Birliyi çərçivəsində
eramızdan əvvəl üçüncü
minillikdə Şirvan, Quba-Xaçmaz
bölgələrini, Cənubi Dağıstanı, xüsusilə
də Dərbənd ətrafı əraziləri əhatə
edən Şərqi Qafqaz mədəniyyətini
və onun səciyyəvi xüsusiyyətlərini
müəyyənləşdirməyə geniş
imkan yaradıb.
Mədəniyyət.- 2016.- 19
avqust.- S.13.