Əhali ilə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan vacibdir

 

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda görüşləri keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da əhali ilə növbəti görüşünü Şəki şəhərində keçirib. Nazir Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Şəki şəhər, Balakən, Qax, OğuzZaqatala rayonlarından vətəndaşları qəbul edib.

 

Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Şəki şəhərindən qəbula yazılan vətəndaşlar tərəfindən yerli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi olan Abdulxalıq hamamının dam örtüyünün bərpası, rayondakı 2 saylı Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi, kitabxana fondlarının uşaq ədəbiyyatı ilə komplektləşdirilməsinə köməklik göstərilməsi xahiş edilib.

Balakən sakinlərinin müraciətləri qədim musiqi alətimiz olan tamburun yaşadılması məqsədilə tamburçular mərkəzinin yaradılması, Pəri qalasının təmir-bərpa olunması, rayonda turizmin inkişaf etdirilməsi üçün turizm dayanacaq mərkəzinin qurulması barədə olub.

Qax rayonundan qəbula gələnlər rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən Xalq teatrında tamaşaların keyfiyyətinin yüksəldilməsi üçün tanınmış rejissorların dəvət olunması, Uşaq incəsənət məktəbində təsviri sənət və rəqs siniflərində şagird qəbulu planının artırılması ilə bağlı xahişlərini diqqətə çatdırıblar.

Oğuz sakinləri tərəfindən Azərbaycan tarixinə, vətənpərvərlik mövzusuna aid mahnılardan ibarət kitabın hazırlanması, rayon Tarix-diyarşünaslıq muzeyinin bədii tərtibatının yenilənməsi, kitabxanalara uşaq ədəbiyyatı və kənd təsərrüfatına dair yeni nəşrlərin verilməsi, Muxas qülləsinin bərpası barədə müraciətlər səslənib.

Bundan əlavə, Zaqatala rayonunda "Gənclərin folklor festivalı"nın keçirilməsi, mədəniyyət müəssisələrinin uşaq filmləri ilə təmin olunması və digər məsələlərlə bağlı müraciətlər diqqətə çatdırılıb.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

 

İnsanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına həssaslıqla yanaşır

 

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təkliflərin olduğunu deyib: “Əvvəlki qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki, insanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına xüsusi həssaslıqla yanaşır, faydalı təkliflər irəli sürürlər. Bütün bunlar yerlərdə mədəniyyət və turizm sahəsində mövcud problemlərin həllinə müsbət təsir edir”.

Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib. Bildirib ki, turizm sənayesi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: “Bu gün turizm Azərbaycanda sürətlə inkişaf edir və iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas prioritet istiqamətlərdən biridir. Ölkəmizdə yeni turizm zonalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Hazırda bu sahədə Xızı-Xaçmaz, Quba, Qusar turizmrekreasiya zonalarının yaradılması istiqamətində hazırlıq işləri görülür”.

Əbülfəs Qarayev bu il Azərbaycana turist axınının xüsusilə artdığını da diqqətə çatdırıb: “Bu il ölkəmizə Rusiya, Qazaxıstan, İran, Körfəz ölkələri və dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur. Xüsusilə Körfəz ölkələrindən Azərbaycana kütləvi surətdə turist axını qeydə alınır. Ona görə də biz xüsusilə diqqətli olmalıyıq. Qonaqpərvərliyimiz, xidmətlərin çeşidi, təbiətin qorunması ilə yanaşı, turistlərin bu gözəl mənzərələrdən, yaradılan şəraitdən istifadəsi, mənalı istirahəti haqqında düşünməliyik. Bu, yalnız bir nazirliyin, dövlət qurumunun, yerli icra hakimiyyəti orqanlarının deyil, hamımızın işidir”.

 

Qonaqpərvərlik ənənələrimizi turistlərə dolğun şəkildə təqdim etməliyik

 

Nazir bildirib ki, hər bir vətəndaş turistlərə ölkəmiz haqqında həqiqətlərin çatdırılmasına, xalqımızın yüksək qonaqpərvərlik və vətənpərvərlik ruhunu nümayiş etdirməyə çalışmalıdır: “Azərbaycanın ənənəvi qonaqpərvərlik ruhunu turistlərə dolğun şəkildə təqdim etməliyik. Bu məqsədlə mədəniyyət ocaqlarında xüsusi proqramlar, treninqlər keçirilir. Hazırda nazirlik tərəfindən “ASAN xidmət”lə birgə bütün muzey işçiləri, musiqi və incəsənət məktəblərinin, rəsm qalereyalarının, kitabxanaların mütəxəssisləri üçün xüsusi kurslar təşkil etmək barədə də plan tərtib edilib. Bu proses davamlı olmalıdır”.

Şəki şəhərində və ətraf bölgələrdə yüksək səviyyəli xidmətlər təqdim etməyə qadir olan turizm obyektlərinin formalaşdığını deyən Əbülfəs Qarayev vurğulayıb ki, bu obyektlərdə insanların imkanlarına uyğun xidmətlər təqdim edilməsi təqdirəlayiqdir. Qeyd olunub ki, bu gün turizm ölkəmizdə qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməklə yanaşı, həm də insanların maddi rifahının yaxşılaşması, işsizliyin aradan qaldırılması, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması baxımından əvəzsiz imkanlar yaradır və bundan maksimum faydalanmaq lazımdır.

 

F.Hüseynov

Mədəniyyət.- 2016.- 24 avqust.- S.3.