Mədəniyyət müəssisələrində işin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib

 

 

Nazir Şəki şəhərində bir sıra mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olub

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da Şəki şəhərində vətəndaşların qəbulundan sonra bir sıra mədəniyyət müəssisələrinə baş çəkdi, onların fəaliyyəti ilə yaxından tanış oldu.

 

İlk olaraq Şəki şəhər Mərkəzi kitabxanasına gələn nazirə kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı, oxucuların kitaba marağının daha da artırılması üçün görülən işlər haqqında məlumat verildi.

Bildirildi ki, kitabxanada uşaq ədəbiyyatı ilə təminat, uşaqların kitabxanaya cəlb olunması və mütaliənin təbliği, eləcə də görmə əngəli olanlara kitabxanadan istifadə imkanlarının yaradılması xüsusi diqqət mərkəzindədir. Nazir kitabxananın fəaliyyətinin daha da təkmilləşdirilməsi, o cümlədən səyyar kitabxana xidmətinin genişləndirilməsi barədə tapşırıqlar verdi.

Əbülfəs Qarayev "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış oldu. Məlumat verildi ki, qədim abidələrlə zəngin bölgələrimizdən olan Şəkidəki XIX əsrə aid “Aşağı Karvansaray” Yaxın Şərqdə ən böyük karvansaradır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən tarixi binada 200-dən çox otaq var. Kompleksdə əsaslı təmir və bərpa işlərinin aparılması dövlətimizin tarixi keçmişimizin qorunmasına həssas münasibətinin göstəricisidir.

Nazir daha sonra Xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evə gəldi. Məlumat verildi ki, şair sağlığında bu evi uşaq bağçasına verib. Hazırda burada Şəki şəhər 3 saylı uşaq bağçası yerləşir.

Qeyd olundu ki, Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq uşaq bağçası üçün yeni bina inşa olunacaq. Bundan sonra həmin evdə Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılacaq. Diqqətə çatdırıldı ki, ev-muzeyinin layihəsi artıq hazırdır. Layihə ilə tanış olan Əbülfəs Qarayev muzeyin yaradılması ilə bağlı tövsiyələrini diqqətə çatdırdı.

Əbülfəs Qarayev Şəki şəhər 4 saylı Musiqi məktəbinə də baş çəkdi, təhsil ocağında yaradılan şərait, dərs vəsaitləri ilə təminat, tədrisin keyfiyyəti ilə maraqlandı.

Nazir həmçinin Mirzə Fətəli Axundzadə adına Mədəniyyət mərkəzində oldu. Mədəniyyət ocağının fəaliyyəti haqqında Əbülfəs Qarayevə ətraflı məlumat verildi.

Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verdi.

 

Fariz

Mədəniyyət.- 2016.- 24 avqust.- S.5.