Qarabağ geyimləri Özbəkistanın Kibray şəhərində nümayiş etdirilib

 

 

Özbəkistanın Kibray şəhərində "Qonaqpərvərlik və informasiya xidməti" qeyri-hökumət təşkilatı tərəfindən bu ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş moda sərgisi keçirilib.

Moda sərgisi çərçivəsində ənənəvi özbək incəsənəti və əl işləri nümayiş etdirilib, milli təamlar qonaqlara təqdim edilib. Sərgidə Özbəkistanın regionları üçün spesifik olan milli geyimlər nümayiş olunub. Əsasən Sırxandərya, Cızzax, Buxara, Fərqanə, Margilan və Daşkənd bölgələrinin geyimləri iştirakçıların alqışları ilə qarşılanıb. Nümayiş etdirilən geyimlər əsasən qədimi və milli üsluba aid nümunələr olub.

Tədbirdə Daşkənddə fəaliyyət göstərən xarici ölkələrin mədəniyyət mərkəzləri də təmsil olunub.

Ölkəmizi Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib. Mədəniyyət mərkəzinin geyim kolleksiyasına aid olan "Qarabağ geyimləri" sərgidə böyük maraqla qarşılanıb.

Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları altında nümayiş olunan Qarabağ geyimlərini Daşkənddəki "Zarqaynar libaslar evi"nin modelyerləri təqdim ediblər.

Kolleksiyada əsasən Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları sərgilənib.

İştirakçılara Qarabağ bölgəsində Azərbaycan xalqının yaratdığı milli mədəniyyət nümunələri haqqında məlumat verilib.

Tədbir çərçivəsində qonaqlar Azərbaycan milli şirniyyatlarına qonaq ediliblər.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.5.