Maestronun xatirəsi yad edildi

 

 

Avqustun 19-da Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə görkəmli bəstəkar və dirijor, SSRİ Xalq artisti Niyazinin (1912-1984) anadan olmasının 104-cü ildönümünə həsr olunan tədbir keçirildi.

 

Əvvəlcə sənətkarın həyat və yaradıcılığı haqqında muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Niyazinin Azərbaycan incəsənətinin inkişafı yolunda zəngin fəaliyyətindən danışdı. Qeyd etdi ki, görkəmli sənətkarın milli dirijorluq məktəbimizin formalaşmasında böyük rolu olub.

Muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək maestronun həyat və yaradıcılığından bəhs etdi. Bildirdi ki, Niyazi ömrünün yarıdan çoxunu Azərbaycan musiqisinin zənginləşməsinə həsr edib. O, Azərbaycan musiqisində bitkindolğun məzmunlu simfonik əsərlərin müəllifi kimimilli simfonizmin təşəkkülünə dəyərli töhfələr verib.

Xalq artisti, xanəndə Canəli Əkbərov qeyd etdi ki, Niyaziyə dünya şöhrəti gətirən onun bənzərsiz dirijorluq sənəti olub. Ancaq o, bəstəkar kimibir sıra simfonik əsərlər, kinofilmlərə, tamaşalara musiqilər yazıb, romanslar bəstələyib. Maestro Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” və s. əsərləri, bir çox Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota salıb.

Tədbirin bədii hissəsində Niyazinin və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olundu. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Ülviyyə Hacıbəyova (fortepiano), Dilarə Əliyeva (vokal), Bakı Musiqi Akademiyasının baş müəllimi İlahə Sadıqzadə (fortepiano) və başqalarının ifasında bir sıra klassik musiqi nömrələri səsləndirildi.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2016.- 24 avqust.- S.6.