Sərhədlərimizin keşiyini çəkənlərə musiqi töhfəsi

 

 

18 avqust - Azərbaycan Sərhəd Qoşunları günü münasibətilə Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə mədəniyyət işçiləri, incəsənət kollektivləri hərbi hissələrdə Vətənimizin keşiyində ayıq-sayıq dayanan əsgərlərin qonağı olublar. Gənc ifaçılardan M.Malıyev, H.Malıyev, A.Nəbiyev, Q.Məmmədov və başqalarının ifa etdikləri bəstəkar və xalq mahnıları əsgərlərdə böyük ruh yüksəkliyi yaradıb.

Mədəniyyət mərkəzinin direktoru Ş.Mikayılova əsgər və zabitləri əlamətdar gün münasibətilə təbrik edib. Hərbi hissənin komandanlığı tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

* * *

Füzuli rayon Mədəniyyət evi Kərimbəyli kənd Mədəniyyət evi ilə birgə “Azərbaycan sərhədləri inamlı əllərdədir” adlı rəngarəng konsert proqramı ilə N saylı hərbi hissədə sərhədçilərin qarşısında çıxış edib.

Rayon Mədəniyyət evinin direktoru Elşad Cəfərov çıxış edərək sərhədçilərə xoş diləklərini çatdırıb. Hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini mayor Cavid Hüseynov konsert proqramına görə təşkilatçılara təşəkkür edib.

Xalq teatrının hazırladığı səhnəcik, Mədəniyyət evinin rəqs kollektivi və müğənnilərin ifaları hərbiçilərdə yüksək əhval-ruhiyyə yaradıb.

* * *

Cəlilabad rayonu Qarakazımlı kənd Mədəniyyət evi kənd kitabxanası ilə birlikdə Sərhəd Qoşunlarının yaradılmasının 97-ci ildönümü münasibətilə rayon ərazisində yerləşən sərhəd zastavalarından birində olublar. Qarakazımlı kənd Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında milli musiqilər səsləndirilib. Tədbir çərçivəsində həmçinin “Mən gənc sərhədçiyəm” adlı kitab sərgisi də təşkil olunub.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.7.