“Mənim sevimli dəlim” qeyri-xətti
müstəvidə
Dəlilik paradoksu bütün cəhətlərdən titrək tellər həssaslığında özünə yuva qurmuş olan və həmin titrək tellərin ahəngi, barmaqlar musiqi alətinin simlərinə toxunduqca hər pərdənin çıxardığı özünəməxsus avazın yaratdığı rəngarəng səslər simfoniyası kimi müxtəlif hallara düşən bir aporiya və antinomiyadır. Aporiya xüsusiyyətləri ilə xarakterləşən, antinomiya “riyazi düsturu” ilə cədvəlləşən dəlilik paradoksu, psixi sarsıntılıq nəticəsində öz mükəmməl dəlilik xəstəliyinə tutula bildiyi kimi, həm də dəlilik kimi anladığımız, lakin zamanı öz fəlsəfi hikmətlər bazası ilə qabaqlaya bilən güclü bir enerjiyə malik həddə qədər də yüksəlir: “nizama salan hərəkətin enerjisinin nizama salınmayan hərəkət enerjisinə keçməsi” prosesi baş verir. Yəni, öz görünən simasının tam tərsini əks etdirə bilən gücə malik, anlaşılması çətin olan sehrli bir psixo-performansı ilə öz fərqli müstəvisindən başqa bir müstəviyə boy verə bilir. Belə ki, psixika sinfinə daxil olan bütün amilləri özündə cəmləşdirən və hər biri ilə ayrı-ayrılıqda tam birə-birlik təşkil edən dəlilik, bir neçə kateqoriya ilə cəmiyyətin diqqətini çəkən bir özəllik cazibəsinə malikdir.
Anadangəlmə əqli qüsurluluq və ya cəmiyyətin yaratdığı gərgin situasiyalara dözümsüzlükdən irəli gələn əqli sarsıntılıq və ya cəmiyyətin anlaya bilməyəcəyi hikmətlərlə doğuluşundan yüklənmə nəticəsində qeyri-adilik və sərsəmlik təsiri bağışlayan vəziyyətdə görünmə, dəlinin müdrikliyi, “patoloji dəlilik və onun gerçəklikdə inikası”, dəlilik fəlsəfəsinin, dəli kimi tanıdığımız və ya qəbul etdiyimiz insanın şüuraltı çarpazlarının çoxxətti meydanında, alınan və ötürülən informasiyaların fərqli və unikal təlqini və sair kimi yüzlərlə müxtəlif tipajlar şəklində tanınma dərəcəsinə malikdir. Dəlilik paradoksu insan idrakında elə bir ağır yük daşıyıcısı kimi özünə yer tutmuşdur ki, bunu yalnız təxəyyül kontekstində və ya təxəyyül sərhədləri çərçivəsində anlamaq, dərk edə bilmək, cəmiyyətin müəyyən sferasında yerini təyin etmək mümkün ola bilir. Əks təqdirdə dəlilik fəlsəfəsi, anlaşılması mümkün olmayan, yalnız xəstəlik anlamında qəbul olunan bir psixi pozuntuluq məfhumu kimi dəyərləndirilir.
Dünyada insan mövcud olduğu andan etibarən insan düşüncəsinin milyonlarla dərketmə, dərkolunma və ya dərketməyə təsir etmə qüvvəsi mövcuddur. Hər bir situasiyada, beyinin “ifraz” etdiyi hər bir enerji-fikir, insan beyninin məhsulu olaraq, müxtəlif insan beyin-obyektləri üçün müxtəlif anlamlarda qəbul olunmuş, müxtəlif anlamlarda yozulmuş və hər biri özünə layiq anlamda cavablandırılmışdır. Bu mənada insan idrakı, istər ağlın ən dərin fəlsəfi yükü ilə sərgilənən fikirləri, istər ən sadə anlayışla deyilən və qəbul oluna bilən düşüncə məhsullarını, istərsə də anlaşılması mümkün olmayan və ya anlaşılması gülüş hədəfinə çevrilən, beyinin ötürdüyü informasiyaları, müxtəlif fikirlərin formalaşmasını öz xəlbirində ələyir, daha sonra fikirlər kəhkəşanına ötürür. Beləliklə, istər yüksək ağıl fenomeni, istər bu fenomenin dərk edə bilmədiyi əlçatmaz qatlar, istərsə də anlaşılan və anlaşılmayan fikirlər məcmusu ümumilikdə öz fəlsəfi hikmətləri ilə insan idrakında öz yerini köklü şəkildə tutmuşdur.
Bütün yaradıcılıq sahələrində rastlasdığımız minlərlə əsər vardır ki, müəlliflər hadisələri istədikləri şəkildə formalaşdırmaq, hadisələrə istədikləri donu geyindirmək üçün məhz kilidlədikləri qıfılların açılmasında belə fikirləri açar olaraq istifadə edirlər. Dünya ədəbiyyatşünaslığında Migel de Servantesin Don Kixotunu Uilyam Şekspirin Hamleti ilə müqayisə edərək belə qənaətə gəlinir ki, onların dəliliyi riyakar dünyaya qarşı mübarizədə özünümüdafiə maskası rolunu oynayır. Bu iki dahi obrazın kontrastı əsasında ali dəliliyin romantik apologiyası yaranır. Kütlənin gözü qarşısında gülünc vəziyyətlərə düşən, nifrət qazanan sərsəm, əslində, hər kəsin fövqündə olub, öz idealının əzabkeşi - alter eqosudur.
Rus romantizmi də “dahilik və dəlilik”
mövzusunu qəbul, həm də dərk edirdi
(K.N.Batyuşkovun “Can verən Tass”, İ.İ.Kozlovun “Dəli”,
V.F.Odoyevskinin “Kuklaçı” kimi əsərləri göstərə
bilərik). Xüsusilə A.Qriboyedovun “Ağıldan bəla”
komediyası ali mərtəbədə dayanır. Çatski
obrazı Molyerin “Mizantrop”undakı Altset, daha sonra isə Hamlet
obrazı ilə tipoloji cəhətdən yaxınlıq təşkil
edir. Don Kixot, Hamlet, Çatski obrazları dəlinin dahiliyi
fabulasını təsbit edirdilər. Bu
siyahıya N.V.Qoqolun “Dəlinin qeydləri”, F.Dostoyevskinin
“Karamazov qardaşları”, “Səfeh”, A.P.Çexovun “6 nömrəli
palata”, A.Puşkinin “Poltava”, “Qaratoxmaq qadın”, “Xəsis cəngavər”,
Azərbaycan dramaturgiyasından C.Məmmədquluzadənin “Dəli
yığıncağı”, İ.Əfəndiyevin “Dəlilər
və ağıllılar”, H.Cavidin “İblis” və s. əsərləri
əlavə edə bilərik. Bu anda İblisin son monoloqunun son
cümlələrini xatırlamaq yerinə düşür. “İblis nədir?
- Cümlə xəyanətlərə bais! Ya hər
kəsə xain olan insan nədir? - İblis!”
Müəllif insan fenomenini iblis cildində ədəbiyyata
gətirir və dəliliyi bir fenomen həddinə qədər
yüksəldir. Çünki müəllif
özünü anladığı mahiyyəti belə
anladır ki, əslində bütün mələklər də
insanların özü kimi onların daxili enerjisini ifadə edən
obrazlardır.
Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, Xalq yazıçısı Elçin bu
hikmətlərin fəlsəfəsini bir neçə əsərində,
ecazkar teatr sənətinin dili ilə, dərin fəlsəfi
qatlardan incə-incə sökərək, üst qata qədər
qaldırmış və tamaşaçıya tam mənası
ilə aydınlada bilmişdir. Akademik Milli Dram Teatrının səhnəsində
“Mənim sevimli dəlim” adı altında tamaşaya
hazırlanmış olan (rejissor Azərpaşa Nemətov) “Dəlixanadan
dəli qaçıb”, “Mənim ərim dəlidir” (“Diaqnoz
D”), “Şekspir” əsərlərinin personajları, hətta
“Teleskop” əsərinin personajlarının bəzən normal
düşüncədən fərqli hallara düşməsi,
yəni daha üst qata qalxması deyilənlərə əyani
sübutdur.
“Mənim
sevimli dəlim” (“Dəlixanadan dəli qaçıb”) (premyera
23 may 1998) əsərində həqiqətlərlə, xaosla,
dəliliklə bağlı hadisələr əsasən
ictimai fonda baş verir, “situasiya paralelizm zəminində
modelləşir: bu təcridxana-dəlixana, bu isə cəmiyyətin
özü - ayır görək, hansı-hansıdır...” və
“bu zaman xaosdan kosmosa özündən asılı olmayaraq
keçid imkanları yaranır”. Görkəmli
tənqidçi Yaşar Qarayevin söylədiyi kimi,
“Elçin - dramaturgiyamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin
obrazını yaradır! Onların əsasında duran mənəvi,
əxlaqi, ideoloji stereotipə, normativ düşüncə və
rəftar tərzinə ən müasir, ayıq, oyaq ədəbi,
estetik münasibət ifadə edir...”. Amma insan “...tez bir müddətdə bu xaosu nizama
çevirə bilməzsə, ulduz yaratmazsa,
qaranlığında məhv olacaqdır” (Nitsşe).
Problemin həlli istiqamətini Hamletsayağı
“Dünya dəlixanadır” prinsipi ilə araşdırmağa
çalışan Elçinin dəli qəhrəmanları
da zamanın qurbanları olsalar belə, zamanın nəbzini
öz ritmlərinə uyğun şəkildə döyünməyə
vadar etmək qüdrətindədirlər. Elçin bütün cəmiyyətin
- ağıllı hesab etdiyimiz cəmiyyətin eybəcər
cəhətlərini müxtəlif xarakterli, müxtəlif rənglərlə
dolu canlılar kəhkəşanında yerləşdirdiyi
öz “ağıllı dəlilər”i ilə, dəliliyin
düşüncə orbitində rəndələnən,
formalaşan unikal fikirlər fəlsəfəsinin mahiyyətini
orijinal şəkildə açmaq üçün ədəbi
meydanda canlı, ədəbi rənglər palitrasının
özünəməxsus cəhətlərini özünəməxsus
rəng çalarları ilə yaratmış, bir-birindən
fərqli düşüncə sahibləri olan insan selinin və
cəmiyyətin müxtəlif eybəcərliklərini,
yaratdığı maraqlı “dəli” personajlar vasitəsilə,
onların dili ilə çox səlis formada, aydın şəkildə
ifşa edə bilmişdir.
Dünyaca məşhur filosof M.Epşteynin nəzəriyyəsinə
görə, dəlilik - mədəniyyətin ağıl dili
ilə söyləniləndən heç də geridə
qalmayan mənəvi ünsiyyət dilidir. Dəlilik -
ağılsız olmaq deyil, bu, ağılın itirilməsi,
onun ağıldan daha üst qata keçməsi
halıdır. Təbiətdə sakitlik, səssizlik
var, amma sükut yalnız danışanlara aid olur. Təbiətdə ağlasığmazlıq,
mümkünsüzlük olur, amma dəlilik - yalnız
ağıl və düşüncə sahiblərinə məxsusdur.
Elçin əsərləri ilə cəmiyyətə
tutduğu aynada cəmiyyəti tam fərqli nöqtədən
aydınladır və həmin aynada eybəcərliklər də,
gözəlliklər də fərqli cəhətlərdən əks
olunur. Daha doğrusu, bu aynada eybəcərliklərin birmənalı
şəkildə, zorla qəbuletmə prinsipindən
yanaşma ilə deyil, müxtəlif baxışların hərəsinin
özünün dərketmə gücünə uyğun
formada görünmə aydınlığını qeyri-xətti
proseslərin prinsipial yeni məntiqlərini təsdiq edən
struktur üzərində yaradır. Bu
fikrin təsdiqi üçün ədibin əsərlərindən
bir çox misallar gətirmək olar. Lakin
təkcə bu faktın dediklərimizin sübutuna əsas
olacağına şübhə etmədiyimiz üçün
aşağıdakı fikirlə bu həqiqəti təsdiqləyirik.
Dəli özünün dəli olduğunu heç vaxt etiraf etmədiyi kimi, dəli olmadığını da heç zaman sübut etməyə çalışmaz. Sadəcə olaraq, dəlinin öz dünyası, öz aləmi olur və bu aləm onun düşüncə və təxəyyülü üçün son dərəcə ideal və uyğunluq təşkil edir. Və ya cəmiyyətdə dəli kimi qəbul etdiyimiz insanların söylədikləri həqiqətlər yalnız və yalnız “dəlidən doğru xəbər”, yaxud da “ağıl nəmənəliyi” kimi dəyərləndirilir. “Dəliliyin tarixi” əsərinin müəllifi, fransız filosofu, mədəniyyət nəzəriyyəçisi Mişel Fuko hesab edir ki, dəliliyin bütün tarixi - dəlinin ağlını itirib, özünü yenidən kəşf etməsi kimi qəbul olunmalıdır. Ağıldan məhrum olan insan bu halı ilə axtarışında olduğu əsl həqiqətə qovuşa bilir; bir növ həqiqətin carçısına çevrilir. Dəlinin həqiqət barədə söylədiyi fikirlər dəli təfəkkürünün təsadüfi təntənəsi sayılır; dəli olan insanlar cəmiyyətin xəstə təxəyyüllü insanları hesab olunur. Başqa sözlə, “Elçin üçün “dəlilik” anlayışı hər iki mənada və eyni dərəcədə, eyni mənada mövcuddur. Elçinin bu komediyaları yeni dramaturji strukturun, tam yeni tipli konflikt və kolliziyaların, yeni məzmunlu xarakterlərin yaranması üçün güclü zəminə çevrilir”. (M.Əlizadə). Həm də Elçin bu məsələyə çox həssaslıqla yanaşaraq, problemin daha dərin qatına nüfuz edir, dəlixananın özünü göstərir və nəzərə almağı təlqin edir ki, əgər özünün dəli olduğunu da heç vaxt etiraf etmədiyi kimi, dəli olmadığını da heç vaxt sübut etməyə çalışmayan hər hansı bir dəlidən doğru xəbər eşidilə bilinirsə, demək ki, təxəyyülün ölçüsü nisbidir. Elçinin əsərlərindəki personajları nisbi təxəyyüllə danışdırması, cəmiyyətin, aynada hər kəsin aydın görə bilmədiyi eybəcərliklərini birmənalı və ya biristiqamətli izahla deyil, virtual və çoxcəhətli istiqamətlərdən əksetdirmə məntiqi ilə sərgiləməsi, qarşıya qoyulan problemi, ümumdərketmə kriteriyasını müxtəlif bucaqlardan göstərməsi cəmiyyətin xəstəlikdən qurtarması üçün maariflənməsinə xidmət edir.
Bu bir həqiqətdir ki, insan mexanizmi mürəkkəb olduğu kimi, həm də mücərrəd bir varlıqdır. Lakin bir həqiqət də var ki, mücərrədlik də, mürəkkəblik də insana xas olan cəhət olduğu kimi, hər bir mürəkkəb və mücərrəd hesab olunan məsələ, adi bir düşüncə düsturunun çox sadə hesablaması nəticəsində çözülə, aydınlaşa və dəqiqləşə bilir. Buna görə də dəlinin doğrunu söyləmək gücü çox sövq-təbiidir.
“Mənim sevimli dəlim” komediyasındakı hadisələr və bu hadisələr içərisində nəhəng bir dövlətin dağılmasının siyasi, mədəni həyata təsiri nəticəsində fərdlərin psixoloji durumu özünün “patoloji dəlilik və onun gerçəklikdə inikası” nöqtəsinə çatır. Keçirdikləri sarsıntını hər vəchlə gizləmələrinə rəğmən, əsər boyu Professor etibarlı, dözümlü şəfqət bacısı ilə birlikdə küçə-küçə, məhəllə-məhəllə, müəssisə-müəssisə gəzib, öz sevimli dəlisini axtarır. O, çox narahatdır, əzab çəkir, hətta sevimli dəlisini tapa bilməyəcəyi qorxusu onu sarsıdır. Professorun xəstəxanadan qaçan bir dəli üçün bu qədər narahat olması boş yerə deyil. Ona görə ki, bu dəli adi dəli yox, bir “möcüzədir”. Onun itməsi psixiatriya elminə ziyandır; həm də öz fəndgirliyi, hiyləgərliyi, təcrübəli və ehtiyatlı olması ilə seçilən bu dəli harada olsa, kiminlə görüşsə, öz ziyankarlıq işlərini yayacaqdır... Baxın, Elçin məsələyə hansı nöqtədən baxır. Dəlinin möcüzəvi olması nöqtəsindən. Bu elə bir nöqtədir ki, bu nöqtədən dəlilik fəlsəfəsinin bütün hikmətləri boy verir. Bu nöqtədən elə bir işıq seli görünür ki, həmin selin qarşısında dolğun fikirlər kəhkəşanına açılan geniş bir fəza görünür.
Elçinin “sevimli dəli”si məhz bütün parametrlərdə öz dərin ağlı ilə, həmin fəzada ulduz kimi bərq vurmaq imkanlarına sahibdir. Əsərdə, heç kəsin öz işi ilə məşğul olmadığı N redaksiyanın Baş redaktoru, onu əhatə edən mühitdə çaşıb qalmışdır; ətrafındakılara, baş verən hadisələrə ürək yanğısı ilə yanaşır, üstəlik yazıqlaşır, ətrafında baş verən dəlilik mərəzini aradan qaldırmağa gücü çatmır. Necə ki, H.Cavidin qəhrəmanı İblis, “İblis nədir?” sualına cavab axtardığı kimi O, tək qalanda bəzən özündən soruşur: - “Mən kiməm?” Bu sual elə bil onun belini bükür və sanki deyirdi: Mən sizin bu çirkablı cəmiyyətinizin dəli, xəstə adlandırdığınız ağıllılardan çox-çox yüksəkdəyəm. Heyf ki, təkəm. O, dəlilikləri müxtəlif formalarda, müxtəlif vasitələrlə üzə çıxan işçiləri arasında çalışır: - “Axı nə var bu yerdə?” - deyə uçmağı üstün tutan Baş redaktor, heç vəchlə yerə düşmək istəmir. Çünki canını ətrafındakı dəlilərdən qurtarmağın çıxış yolunu bunda görürdü.
Bütün parametrlərdən görünmək və diqqəti özünə cəlb etmək imkanı olan, Elçinin yaratdığı personajın düşüncə dünyasına, o personajın cəmiyyətlə adekvat olmayan təxəyyül arenasına daxil olaraq və dünyaya oradan baxmaq imkanına malik olsaq, görərik ki, elə cür dərin fəlsəfi qatları olan dərketmə və dərketdirmə üsulları vardır ki, cəmiyyət hələ həmin üsulların var olduğunun özünü belə dərk edə bilmir, olsun da ki, həmin üsulların fəlsəfi dərinliklərini anlamaq... və yaxud da görünən odur ki, cəmiyyət o cür məkanlara daxil olmaq dərəcəsinə yetişə bilmir. Ona görə də cəmiyyət Elçinin “sevimli dəlisi”ni öncə, yalnız və yalnız gülüş obyekti kimi anlayır.
Əslində isə cəmiyyət, Ezopun və ya Danəndə Bəhlulun hikmətləri qarşısında çarəsiz qaldığı kimi, Elçinin “sevimli dəli”si qarşısında da çox aciz vəziyyətə düşür. Nəhayətdə müxtəlif cəhətlərdən sirayətetmə qüvvəsi ilə oxucunun və ya tamaşaçının idrakına doğru hərəkət edən Elçin personajının qeyri-xətti hücumu öz paradoksu ilə qarşısındakı “obyektləri”- oxucuları və ya tamaşaçıları dərin fəlsəfi qatlara doğru çəkib aparır. Anlamaq çətinliyi ilə üz-üzə qalan, dilemma qarşısında olduğunu hesab edən qarşı tərəf - oxucu və ya tamaşaçı vəziyyəti anlamağa çalışsa da, dərin fəlsəfi qatların keçilməz bataqlıqlarında bəzən çabalaya-çıabalaya çıxmağa çalışır, bəzən də elə həmin bataqlıqdaca çabalaya-çabalaya, yorğunluqdan və taqətsizlikdən əldən düşmüş çarəsiz şəkildə batır. Məhz əsərin qayəsi də bunu tələb edir. Ya elə bir dərketmə gücü toplayacaqsan ki, fikirlər toplusunun labirintlərindən sıyrılıb çıxacaqsan, ya da çarəsiz şəkildə fikirlər toplusunun yükünü daşıya bilməyərək, fikirlər kəhkəşanında itib-batacaqsan. Dilemma qarşısında dayanıb, həqiqətləri anlayana qədər düşüncələrlə istənilən istiqamətlərə doğru varmaq və ya fikirlər xaosunda düşüncələrlə baş-başa qalaraq, müxtəlif istiqamətlərə doğru get-gəllərin ağuşunda kilidlənmək, dəlilik paradoksunun fəlsəfi hikmətinin enerjisindən qaynaqlanır ki, Elçinin “sevimli dəlisi” də məhz həmin hikmətləri özündə ehtiva edən bir qüvvə sahibidir.
Müəllifin “Mənim sevimli dəlim” əsərinin baş qəhrəmanının fəlsəfi idrak enerjisi ilə başladığı (nəzərə alsaq ki, dünya elmində yeni bir cərəyanın - özünütəşkil fəlsəfəsinin yaranması bir çox problemlərin həllini qeyri-xətti müstəvidə araşdırmağa yönəlibdir), ədəbi düsturlarla həll olunan və cəmiyyəti öz arxası ilə aparmaq qüdrətinə malik olan işıqlı yolu, daha sonrakı əsərlərində elə bir arenaya çıxdı ki, bu yol, çoxxətti müstəvidə Elçin dramaturgiyasının özünəməxsus teatr-oyun üslubu ilə tanındı.
İftixar
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət
işçisi
Mədəniyyət.- 2016.- 24
avqust.- S.10-11.