Pikasso və kubizm
Məşhur ispan rəssamı, heykəltəraşı, qrafik və dizayneri Pablo Ruis Pikasso (1881-1973) XX əsr rəssamlığının ən tanınmış nümayəndələrindən biridir. İncəsənət tarixində onun ən böyük işlərindən biri fransız rəssamı Jorj Brakla (1882-1963) birlikdə kubizm cərəyanını yaratmasıdır.
Pikasso rəssamlığa uşaq yaşlarından başlayıb. İlk rəsm dərslərini atası, rəssam Xose Ruisdən alıb. 8 yaşında özünün ilk əsərini - “Pikador”u yaradıb.
Əvvəlcə La-Korunyadakı
incəsənət məktəbində təhsil alır,
1895-ci ildə Barselonada incəsənət
məktəbinə daxil olur.
İlk əsərlərini atasının
adı - Ruis Blasko
imzası ilə çəkir, sonradan ömürlük anasının
soyadını - Pikassonu özünün
yaradıcılıq imzası olaraq seçir. 1897-ci ilin sentyabr ayında Madridə yollanan Pikasso San-Fernand Akademiyasına daxil olur. 1898-ci ildə Barselonaya dönür.
Rəssamın məşhur əsərləri
içərisində “Avinyonlu
qızlar” və İspaniyada vətəndaş
müharibəsi zamanı
dinc Gernika şəhərinin alman legionu tərəfindən
bombalanmasına həsr
edilmiş “Gernika“ əsəri ayrıca yer tutur.
Pikasso uşaqlığından
gəncliyinədək realist üslubda rəsmlər çəkib. XX yüzilin
ilk onilliyində yeni texnika və düşüncəsi ilə
onun yaradıcılıq
yönü dəyişib.
1900-cü ildə o, dostu Kasagemasla Parisə yollanır.
O, burada impressionistlərin
yaradıcılığı ilə yaxından tanış olur. Ömrünün bu illəri
müxtəlif çətinliklərlə
keçir, dostu Kasagemasın intiharı isə gənc rəssamı dərindən
sarsıdır. Belə bir
çağda o, sonralar
“mavi dönəm” adlandırılacaq üslubda
əsərlər işləməyə
başlayır. Bu üslubda 1903-1904-cü illərdə
Barselonaya dönüşündən
sonra işləyir.
Rəssamın bu dövrə aid əsərlərində
yoxsulluq, qocalıq və ölüm kimi mövzular ifadə olunur (“Absent həvəskarı”, “Görüş”,
“Gənc və dilənçi qoca”). Rəssamın palitrasında mavi
çalarlar üstünlük
təşkil edir.
Bu dönəmdə insan iztirablarını əks etdirən Pikasso əsərlərində
əsasən korlar, dilənçilər, əyyaşları
canlandırırdı.
Rəssam 1904-cü ildən Parisdə məskunlaşır. Bununla da onun yaradıcılığında “çəhrayı dönəm”
adlandırılacaq yeni
mərhələ açılır.
Bu illərdə “mavi dönəm”in qəm və kədəri teatr və sirkin daha canlı obrazları ilə əvəzlənir. O, tablolarında
çəhrayı-qırmızımtıl
və çəhrayı-bozumtul
çalarlara üstünlük
verir. Belə əsərlərin qəhrəmanları isə
sərsəri komediantlar,
rəqqaslar və akrobatlar idilər.
1907-ci ildə fransız
rəssamı Jorj Brakla görüşən
Pikasso naturalizm və incəsənətin
təsviri-idrak funksiyasını
inkar edən yeni bədii cərəyan olan kubizmin əsasını qoyur. O, formaların həndəsi
hissələrə çevrilməsinə
diqqət ayırır,
tutumları artırır
və sındırır.
Onları müstəvi və
səthlərə bölərək
fəza boyu uzadır. Pikassonun rəsmlərində perspektiv yoxa çıxır. Kubizmin ilkin
məqsədi ənənəvi
üsullardan fərqli
olaraq məkan və kütlənin ağırlıq hissini ifadə etmək olsa da, Pikassonun
rəsmləri tez-tez anlaşılmazlığa aparıb
çıxarır. Bu
isə o deməkdir ki, rəssam yaradıcılıqda gerçəklik
hissini itirir.
Kubizm bir çox cərəyanlar kimi realizmdən daha artıq söz demək istəyindən yaranıb. Bu isə ona gətirib
çıxarır ki,
gerçəklik ya təhrif olunur, dəyişdirilir, ya da güclə seziləcək dərəcədə
yoxa çıxarılır.
Sonucda anlaşılmaz, dərkolunmaz
əsərlər ortaya
çıxır. Pikasso gerçəklikdən
qurtulmaq xatirinə yaradıcılığını hər sayaq anlaşılmazlığa qədər
gətirir. O, həm
də anlayır ki, inkar və
yox edilmiş gerçəkliyin yerinə
yenisini qoymaq gərəkdir. Beləliklə, rəssamlıqda ənənəvi gerçəklik
yerinə əcaib gerçəklik gətirilir.
Onun kompozisiyalarında
telefon nömrələri,
evlər, sevgililərin
adı, küçə
adları yazılmış
kağız parçaları,
qəlyanaltılar görünməyə
başlayır. Kollaj texnikası kubistik
prizmaların qıraqlarını
daha böyük müstəvilərdə birləşdirir
və ya çox rahat və yumoristik tərzdə tapıntını
üzə çıxarır.
Pikassonun yaradıcılığında
kubistik dönəm onu Jorj Brakdan
ayıracaq I Dünya müharibəsinin başlanmasından
az sonra
bitir. Buna baxmayaraq
Pikasso bir çox əsərlərində
bu üsluba yenidən müraciət edir.
Kubizm yarandığı
dönəmin modernist cərəyanı
idi. O zaman Avropada yaranmaqda olan çağdaş incəsənətdə
işığın keçici
təsirlərini təsvir
edən impressionizmin nümayəndələrini bəyənməyən
gənc rəssamlar nəsli yetişirdi. Onlar əsasən Anri Matissin başına toplanan, çoxrəngli rəsmlər çəkən
rəssamların da üslubunu qəbul etmirdilər. Kubistlər ağılın
gücünü ortaya
qoymaq, rəsm əsərlərini tutarlı
şəkildə əsaslandırmaq
istəyirdilər. Bu baxımdan onlar Pol Sezanın layiqli ardıcılları
idilər. Əslində bu cərəyan bir dizayn incəsənəti
idi. Kubizm cərəyan, üslub
kimi yalnız biçimə, formaya xidmət edir. Onun bir cərəyan kimi nəyi varsa, yalnız bu zahiri həndəsiliyindədir.
Əgər varsa, onun fəlsəfəsi bundan ibarətdir.
Pikasso və Brak həcmləri bir-birinə daxil olan portretlər, natürmortlar və mənzərələr çəkirdilər. Onlar ikiölçülü
olan rəsmdə təbiətdə üçölçülü
cisimlərin təsvirini
çəkməyin yollarını
axtarırdılar. O çağa
qədər üçölçülü
görüntü perspektiv
vasitəsilə yaradılırdı.
Pikasso və Brak öncə
bu metoddan imtina etdilər. Onlar təsvirləri rəsmdə
pilləvarı şəkildə
bir-birinin üzərində
sıralayaraq çəkirdilər.
Kubistlər təsvirlərində cismi bir neçə
yöndən - öndən,
arxadan, sağdan, soldan görürmüş
kimi təsvir edirlər.
İllər keçdi, Jorj Brak və Pablo Pikassonun üslubları daha da mürəkkəbləşdi. Kubistlər cismi
formalaşdıran əsas
cizgilərin təsvirini
azaltdılar və onları ilk görünüşdən
bu cisimləri xatırlamağa yardım
edəcək formalarla
əvəzlədilər.
Kubizmin incəsənət
ideyası müxtəlif
zamanlarda ayrı-ayrı
yerlərdə baş
verən hadisələri
eyni zamanda və yerdə təsvir etməkdən ibarət idi. Onların əsərlərində
qarmaqarışıq görüntülərə
və dağınıq
sözlərə rast
gəlmək mümkündür.
Kubistlər əsərlərində gözün müxtəlif yönlərdə görə biləcəyi təsvirləri həndəsi şəkildə ifadə etməyə çalışırdılar. Onlar belə hesab edir ki, mövzunun təkcə görünən tərəflərini yox, həm də görünməyən tərəflərini təsvir etmək gərəkdir. Bu səbəbdən də kubistlərin əsərləri olduqca qarışıqdır.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 24
avqust.- S.11.