Fikrət Qoca
Fikir-zikrətən dərin, bədii
çəkidə ağır, novatorluq vəzniycə
uca - Fikrət Qoca...
Bu şair bu dünyaya elə gəncliyindən qocafəndi baxıb, xocavari davranıb. Qələm əhlinin “güzəran donoru” da dediyi qonorardan şahı-şahı qazanıb, xanı-xanı dolanıb. Başını təvazölərə, könlünü göylərə dikibən namuslu bir ömür yaşayıb...
Bu şairin adı, özgür düşüncələrinə görə, rəsmi kağızlara az düşsə də, xətri xəlqi dil-ağızlardan düşməyib. Həyati ləngərində azman sələflərinə bab xələf, ağır-batman çağdaşlarına arba, huri poeziya aləmindəki basmaqəlib tutiçiliyə qarşı bomba, forma-fizikal baxımdan “təpə”cə, məzmun-lirikal takımdan dağca bir Fikrət Qoca olub...
Öncə, yaradıcılığı ilə bütün türk aləmində yaxşıdan-yaxşıca tanınan bu sənətkarın müxtəsərcə bir -
Ev-ailə Obrazı
Mən bilən, Fikrət Qoca mənsur vəzndə şeir yazmayıb, onun həyat yoldaşının bir xeyli bundan öncə oxuduğum müsahibəsi isə mənə sözügedən vəzn təsiri bağışladı:
“Hər yay ailəliklə Kürqırağı meşələrə dincəlişə, mənzərələri seyrə gedərdik. Ali məktəbə qəbul olunduğum ildəki gedişimizdə Fikrətlə rastlaşdıq. Ailələrimiz bir-birini çoxdan tanıyırdı, bizim bu “format”lı tanışlığımızsa ordan başladı. Az qala əlli yaşı tamam olan o ilk görüşümüzün “təfsilat” təqdimatı üstündən sükutla keçərək (məsələn, o mənə ənənəvi aşiqlər sayağı şeirlər oxumadı və s.) deyim ki, elə ilk tanışlığımızdan yaxşı təsir bağışladı mənə və iki il sonra ailə qurduq. Demirəm, bir-birimizlə dərhal anlaşdıq, ailə-alın yazımızın elə ilk bəndlərindəcə qafiyələndik, yox. Mən ixtisasca bioloq, o, ədəbiyyatçı, şair. Bir-birimizi öyrənib-bilənə, yaxşı-pisimizi ayırd edənəcən zaman gərək oldu. Məsələn, siftələr mən bilmirdim ki, yazanda ondan nəsə soruşmaq olmazmış, ümumiyyətcə, həyat yoldaşı olmazdan öncə dost olmaq gərəkmiş və sair.
Fikrət səmimi, mehriban adamdır, nə qədər əsəbi hallar keçirsə də, üzə vurmaz. Orda-burda “qazandığı” hirs-hikkəni gətirib ailə üstünə tökənlərdən deyil. Ancaq müsahibinin məntiq-anlaq bıçağı boğazına dirənəndə, üzünü görmə!
Başqalarının uğuruna həmişə sevinən, faciəsinə kədərlənən görmüşəm Fikrəti. Nəvələrini çox, yaman çox istəyir, onları “Tanrı poeziyası” adlandırır.
Bir az hövsələsizliyini istisna etsəm, Fikrətin xoşuma gəlməyən xasiyyəti yoxdur. 1976-cı ildə əməliyyatla ciyərinin yarısını kəsib götürüblər. Həkim mənə “çox az vaxtı qalıb” deyəndə, nələr çəkmədim! Uşaqlar çox balaca, vəziyyət çətin. Əl açdım Allaha; ilahi, hər şey sənin əlindədir. Moskvada əməliyyat olundu. Göydə Allah, yerdə Heydər Əliyev Fikrəti həyata qaytardı”.
Bu, ailə Fikrəti.
Bu da aləm Fikrəti:
Cavanlığında “Sən dönsən də, mən dönmərəm, Günəş sönər, mən sönmərəm” deyə, “Döydü yağış məni, döydü qar məni, Minsəm qarışqanı - aparar məni” demiş klassiklər sırasına qoşulan Fikrət.
Bu şairin
doğulduğu rayonun
tər-təbiəti haqda fikirləşəndə
xəyal “quru yurd”a düşür, təsəvvür
sentimental publisistlərin “təbiət şairliyin ilkin rəhnidir”
kimi “tarixi-müqəddəm” qənimətlərindən
nəmlənir. Bu şairin
şəcərə, doğum-toponim
kompleksindəki koloritallıq isə başqa
məsələ! Onunla bağlı ad-soyadlardan doğal bir ab-hava yayımlanır,
folklor ilğımı dalğalanır:
babası Qoca, atası Göyüş,
özü Fikrət, bölgəsi Şirvan, elatı Ağdaş,
kəndi Kotanarx. Anadan olumu isə (1935) Stalin atadan doğulası repressiya “qaqaş”ından iki il əvvəl.
O dövrün bütün
SSRİ uşaqları kimi,
onun da qismətinə
gülüm-gülməli oyuncaqlar
əvəzinə, ağır-ağlamalı
oyunlar düşüb.
Ana laylalarından düz-əməlli doymamış,
ata qoyun-quzusu haylamalı olub. Evdə nənəsi ona noğul əvəzinə nağıllar
yedirər, doğma babasının nəsihətləri
ilə məktəbdə
sırınan siyasi “baba”nın vəsiyyətləri
arasındakı yer-göy
fərqlərinə məəttəl
qalar, ürəyindən
“Güzgünü neyləyirsən,
ay gözəl, Üzündə
gör özünü,
ay gözəl” kimi misralar söyləmək,
könlündən “Güllələr
demədi, qayıdın
geri, hələ uşaqsınız - nə
yaşınız var?!”
ladında düşünən
yaşıdları ilə
rastlaşıb dostlaşmaq
arzuları keçirmiş...
Hamıdan seçilmək istəsə
də, hələ yalnız qonşu uşaqlardan fərqlənən
Fikrət doğulduğu
evdə, bir az quru,
çox yeri yalın kənd-kəsəkdə,
təbsiz təbiət
qoynunda ayrıca bir canlı təbiət, cəmiyyət
hadisəsi kimi göyərişib-gəlişirdi. O çağlaracan yığıb-yığışdırdığı
qəlb yükünü
boşaltmağa, yazıb-yaratmağa
isə çox az qalırdı.
Canında-qanında “olan”lıqdan
çox “olabilən”lik
olan ədəbiyyat elementlərinə susayan qələmi o günə
qədər başqalarının
qələminə boy verməmiş
bədii olayları üzə çıxarmağa
can atırdı. Dördəm həvəsli bu köhlən qələmin
çapışı üçünsə
bölgə meydanı
dar, qədərincə
suvarışı üçün
irili-xırdalı arxlar
yetərli deyildi.
Ağdaşdan daşlanmaq, Kotanarxdan
üzüyuxarı axarlanmaq
gərək idi.
Təsəvvüründəki dəryada onu
seçkin bir şairlik baxtı, poeziyamızın ayrıca
pay taxtı gözləyirdi.
Beləliklə, yuxarıdakı
mənbələrdən aşağıdakı
mənsəbə -
Gəliş
Oxucu bumlu paytaxt onun
gəlişinə bəndmiş;
əlbəəl, milyonlardan
biri olan bu ismi “beş-on”a məxsus imzaya çevirdi. İyirmi bir yaşı tamam olmamış şeirləri dillərə
düşdü. Professional
tənqidçilərdən bir qədər sonra sadə oxucular, hətta qatı konservativlər, “təzə nırx” əleyhdarları da hiss etdilər ki, Fikrət Qoca imzası “köhnə yazar-bazara təzə dux” gətirməkdədir. Oxuyub-eşitdilər
ki, bu təzə
şair, məsələn,
“Aşıq eldən yuxarı” kimi kəlmələrdən sonra
qafiyə (və siyasiyyə) xatirinə “dizi beldən yuxarı” yox, tutalım, “sözü güldən yuxarı” deyir. Gördülər ki, o, nəinki
fikir-zikri, hətta hər sözü belə filoloji rentgendən keçirib,
tam yeni “epiqriz”lə epitetləşdirir. Fəhm-zəhmləndilər ki, başdan-başa
novator Rəsul Rza təptəzə nəfəsli bu yeni şairə havayıdan “Uğurlu yol” yazmayıb. Yazan - “Aydındır şeirin dili; istəyirsən sevincdən,
istəyirsən qəmdən
yaz. O qədər aydındır ki bu dil, - nadan
yüz il oxusa, yenə
bir şey anlamaz!” kimi şedevrlər kanı, haqqında yazılan isə “İçində
mətləb olmayanda
Adam özü görünmür”
kimi fəlsəfələr
müəllifi...
Nəhayət, o müasir oxucular,
alagöz-qaragöz “qare”lər
gördülər ki,
bu yepyeni şair köhnə, ya təzə mövzulara yanaşma məsələsində nimdaşlıqdan,
şablon metaforaçılıqdan
marafon qaçışı
ilə qaçır:
Adamların
Üzünün,
Sözünün
Rəngi qaçıb.
Elə bil, heç kəsin
Özünün sözü-söhbəti yoxdu,
Sifəti yoxdu.
Şəffaf şüşə qab
kimidi -
Arxası-üzü bilinmir.
İçində mətləb olmayanda
Adam özü görünmür...
Düzdür, gurultulu “qurultaydan-qurultaya”
dövrlərində Fikrətin
də yad ladtutmaları olub. Amma heç
vaxt adi yazmayıb, babalı milli babasının boynuna düşəsi hallara, kəlmələrə
qol qoymayıb. Kəlmə-kəlam ilmələri qafiyə
yaraşığından çox,
fikir-zikir qafiləsinə
işlədiyindən, əl-ələ
vermiş qəlb misraları ülvi bədiilikçün zirvələrə
qalxıb, dərinlikçün
dərələrə endiyindən
poetik tər qoxuyurlar. Bu şair heç vaxt oxucunun bir oturuma
qəbul edə biləcəyi fikir “istehsal”ı ilə məşğul olmayıb;
onların sabah-birisigününə,
hətta “lap yekələndə”liklərinə
belə sətiraltı,
mənaüstü “ehtiyat”lar görüb.
Fikrətin fikirləri nə qədər “mürəkkəb”
olsa da, mayası sadəlikdən,
rahətlukum “omac-umac”lıqdan
yoğurulan nəğmələrə,
mahnılara tamamilə
əlverəndir. Təxəllüsü ilə özünü
elə ilk gənclik illərindən qocaltmış
şair o mahnıların
biri ilə - “Dostum evlənir”lə əlli ildən çoxdur gənclərə
elçilik edir.
Bu mahnı hər
dəfə efir-ekranda
səsləndikcə, ata-analar
qayğılanır. Özlərini müqəyyəd hədəf
hesab edən qızlar uyğu-duyğulanır.
Əsərin baş qəhrəmanı olan cavan-comrullar isə öz umu-yumulu gözlərilə xəyal
tutur, Ruhəngiz xanım Qasımovanın şıdırğı taktları
üstündə xitablanan:
“Ay ana, ay ana, dostum evlənir, Qonşudan, qonşudan bir çiçək dərir!” ərzi-ərizəsi
altına imza atırlar...
...Və bütün bu lirik, poetik,
romantik ovqatların canlı bulağı kimi qaynayan şair
hərdən bizi oyanışa da səsləyir: “Dünyanın
harasındasa, ağında-qarasındasa
- Yata bilməyirsə
bir körpə aclıqdan, Mən necə həzz alım toxluqdan?!” Hərdən bizi kütləvi dayanışa
çağırır: “Yol
verin, hamilə qadın gəlir...” Hərdən də, yolunu caydıranlara Dədə kimi üz tutub, Qorqudanə aydırır:
Gəlin,
bölünməyək doğmaya,
yada, -
Hamı - bir ağacın yarpağıyıq biz.
Axı hər birimiz başdan-ayağa
Doğma Azərbaycan torpağıyıq
biz.
Və sair və ilaxır,
həmişəcavan Qoca
şair! Yetmiş beş illiyinlə
bağlı yazımda
da dediyim kimi, sənin barəndə çox söz yazmaq, çox fikir söyləmək marağım
və imkanım olsa da, hələlik
bu qədər...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 24
avqust.- S.13.