Koreyalı qonaq Azərbaycan Xalça Muzeyində olub

 

 

Ölkəmizdə səfərdə olan Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sıkın başçılıq etdiyi nümayəndə heyəti avqustun 19-da Azərbaycan Xalça Muzeyində olub.

Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeydə Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib.

Qeyd olunub ki, milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib və həmin gün ölkəmizdə “Azərbaycan xalçası günükimi qeyd edilir.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu da qonaqlarda xoş təəssüratlar oyadıb.

Koreyalı nazir muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.14.