Bakıdakı incəsənət məkanında bölgələrin sənət sovqatı

 

 

Şəki və Oğuzun folklor kollektivlərinin çıxışı və el sənətkarlığı nümunələri maraqla qarşılandı

 

Bir aydan artıqdır ki, paytaxtın Nizami küçəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən incəsənət məkanı təşkil edilib. Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə fəaliyyət göstərən məkan rəssamların, sənətsevərlərin görüş yerinə çevrilməklə bərabər, şəhər sakinlərinin və qonaqların diqqətini çəkməkdədir.

 

Açıq havada rəssamların əl işlərinin satış-sərgisi fəaliyyət göstərir. Sənətsevərlər rəssamlara portret və digər mövzularda rəsm əsərlərinin çəkilməsini də sifariş verə bilərlər.

Ötən həftədən bu məkanda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif rayonlarından gəlmiş folklor kollektivlərinin çıxışları və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarkalar da təşkil olunur.

Xəbər verdiyimiz kimi, 20-23 avqust tarixində Şamaxı rayonununŞirvanfolklor ansamblının, İsmayıllı rayonundan “Lahıc” folklor ansamblının, Qəbələ rayonundanZopu-Zopuetnoqrafik folklor rəqs ansamblı kollektivlərinin konserti və sərgilər keçirilmişdi. Bu tədbirlərin təşkilində məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq və onları paytaxt sakinləri və qonaqlara təqdim etməkdir.

Avqustun 25-də burada daha bir maraqlı təqdimat - Şəki və Oğuz rayonlarının folklor kollektivlərinin konsertiel sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olundu.

Şəki şəhəri Mirzə Fətəli Axundzadə adına Mədəniyyət mərkəzinin Ələfsər Şəkili adına zurnaçılar ansamblı, muğam üçlüyüOğuz rayonununBayram” zurnaçılar ansamblları geniş konsert proqramı ilə çıxış etdi. Rəngarəng ifalar şəhər sakinləri və turistlər tərəfindən maraqla qarşılandı.

Tədbir haqqında məlumat verən Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsi müdirinin müavini İsmayıl İsmayılov Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi yeni layihə çərçivəsində paytaxtdakı incəsənət məkanında bölgələrimizin folklor kollektivlərinin, el sənətkarlığının təqdimatının keçirilməsini yüksək qiymətləndirdi: “Bu gün burada Şəki şəhərindən olan xalq tətbiqi sənət ustalarının 200-ə qədər, həmçinin fırça ustalarının 40-dan çox əsəri nümayiş olunur. Deyə bilərəm ki, həm paytaxt sakinləri, həm də turistlər tərəfindən maraqla qarşılanır. Əl işləri və rəsm əsərlərinin satışını da həyata keçirmişik".

Oğuz rayon Mədəniyyət mərkəzinin direktoru Şərqiyyə Fərzəliyeva da bu təşəbbüsün əhəmiyyətini qeyd etdi: "Biz öz bölgəmizin mədəni həyatını paytaxtda nümayiş etdirmək imkanı əldə etmişik. Burada Oğuzda fəaliyyət göstərən folklor qrupu çıxış edir. Həmçinin xalq tətbiqi sənətinə aid 80-dən çox əsərin satış-yarmarkasını təşkil etmişik. Maraq çox böyükdür. Artıq bir neçə əl işini alan olub".

 

Fariz Hüseynov

Mədəniyyət.- 2016.- 26 avqust.- S.2.