Xınalıq sakininin evində minə yaxın xarici turist qonaq olub

 

 

50-dən çox xarici ölkədən 1000-ə yaxın turist. Bu, hansısa hotelə gələn əcnəbi turistlərin sayı deyil. Qəribə də olsa, bu, dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan Quba rayonunun Xınalıq kəndinin sakini Rəhman Sərkərovun son 15 ildə şəxsi evində qarşıladığı qonaqların sayıdır.

46 yaşlı Rəhman Sərkərov kənd turizmi ilə 2000-ci ildən məşğuldur. Son 10 ildə isə bu işi Quba Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlıq şəraitində qurub. İmzalanan müqaviləyə əsasən mərkəz Xınalıqda istirahət etmək istəyən turistləri onunla əlaqələndirir. Bununla yanaşı, Rəhman Sərkərov bir sıra xarici turizm saytlarında evini turistlərə kirayə verməsi barədə elanlar da yerləşdirib. Bu elanlar əsasında ona müraciət edənlərin sayı da kifayət qədərdir.

Onun sözlərinə görə, əcnəbi turistlər daha çox yay aylarında müraciət edirlər. Bir ay ərzində ən azı 15-20 sifariş alır. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndini görməyə gələnlər arasında Almaniya, Fransabaşqa Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edir. Bu il isə kəndə daha çox ərəb və rus turistləri gəlib.

Xınalıq sakininin xarici turistlərə təklif etdiyi qiymətlər də münasibdir. Turistlər bir gün üçün cəmi 15 manat ödəməklə evdə qala bilərlər. Bura gündə 3 dəfə yemək də əlavə olunsa, qiymət 30 manat təşkil edir. Ev internetlə təmin olunub. Bundan əlavə R.Sərkərov turistlərə bələdçilik edərək, onları Xınalığın tarixi yerləri, əsrarəngiz təbiəti ilə tanış edir.

Əksər kənd sakinləri kimi heyvandarlıq və başqa ənənəvi sahələrlə məşğul olmayan R.Sərkərov ailə büdcəsini yalnız kənd turizmindən qazanmaqla formalaşdırır. Dediyinə görə, yay aylarında bu sahədən qazandığı vəsait onun illik xərclərini qarşılayır.

Rəhman Sərkərov evində qalan turistlər üçün xatirə kitabı da hazırlayıb. Kanada, İndoneziya, Çin, Yaponiya, Avstraliyaonlarla başqa uzaq ölkədən gələn əcnəbi qonaqlar bu kitabda xoş təəssüratlarını qeyd ediblər.

 

Mədəniyyət.- 2016.- 26 avqust.- S.8.