90 yaşlı I Türkoloji
Qurultay
Qurultay türk
xalqları üçün bir sıra taleyüklü
məsələlərin gündəmə gətirilməsi
baxımdan ayrıca önəm daşıyırdı
Türkologiyanın bir elm kimi tarixi Mahmud Kaşğarlının 1071-ci ildə yazdığı məşhur «Divani-lüğət-it-türk» əsərindən başlayır. Həmin dönəmdən türk xalqlarının mədəniyyəti, tarixi dünya araşdırmaçılarının diqqət mərkəzindədir.
Bu il Bakıda I Türkoloji Qurultayın keçirilməsinin 90 illiyi qeyd olunur. Ölkə başçısı İlham Əliyev 18 fevral 2016-cı il tarixində “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
Qurultay niyə Bakıda keçirildi?
1926-cı il fevralın 26-dan martın 6-dək paytaxtımızda düzənlənən I Türkoloji Qurultay türk xalqlarının, eləcə də Azərbaycan türklərinin həyatında önəmli mədəni hadisələrdən biri kimi tarixə yazılıb.
AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirir ki, bu qurultay böyük bir coğrafiyada yaşayan türk xalqları üçün bir sıra taleyüklü məsələlərin gündəmə gətirilməsi, işlənib hazırlanması və gerçəkləşdirilməsi baxımından ayrıca önəm daşıyırdı. Məhz bu mötəbər toplantıda keçmiş Sovet İttifaqı məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra önəmli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri geniş şəkildə işlənib hazırlanıb.
Alimin sözlərinə görə, I Türkoloji Qurultayın Bakıda keçirilməsi gözlənilən idi, həmin vaxt türkologiya sahəsində Azərbaycan öndə gedirdi. Respublikada bu sahədə tanınmış elm adamları çox idi. Qurultayda 131 nəfər nümayəndə iştirak edib, 17 iclas keçirilib, bütövlükdə türk dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyası, ədəbiyyat və mədəniyyəti ilə bağlı 38 məruzə dinlənilib.
Açılış iclasını Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu aparıb. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri (Zaqfederasiyadan) Qəzənfər Musabəyovun təbrik nitqi ilə çıxış etməsi də qurultayın yeni qurulmuş imperiya üçün böyük önəm daşıdığını göstərirdi. Qurultayda Vasili Bartold, Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə (fəxri qonaq), Aqafangel Krımski, Nikolay Poppe, Nikolay Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da tədbirin böyük önəmindən soraq verirdi.
Bildirək ki, I Türkoloji Qurultayda türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə olunub və bir sıra qərarlar qəbul edilib: 1. Əlifba məsələsi; 2. İmla-orfoqrafiya problemi; 3. Termin məsələsi; 4. Tədris-metodika məsələsi; 5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; 6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.
M.Nağısoylu bildirir ki, Türkoloji Qurultayın 90 illik yubileyi ilə bağlı tədbirlər sırasında görüləcək işlərin mühüm bir hissəsi AMEA Nəsimi adına Dilçilik İnstitutunun payına düşür. Həmin planlar və görüləcək işlər sırasında institutumuzun təşkilatçılığı ilə bu il oktyabrın 20-21-də “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” adlı beynəlxalq konrfans keçiriləcək. Konfransda “I Türkoloji Qurultay türk xalqlarının mədəni həyatında, inteqrasiyasında əlamətdar hadisə kimi”, “Ortaq ünsiyyət dili yaradılmasında problemlər: dil, əlifba, ədəbiyyat, terminologiya”, “Türk dillərinin tarixi”, “Türk lüğətçiliyi, dialektologiyası və qrammatikası”, “Türk xalqlarının ədəbiyyatı və folkloru”, “Türk xalqlarının tarixi və etnoqrafiyası”, “Türk xalqlarının incəsənəti” mövzularında məruzələr dinləniləcək. Qurultayda qaldırılan ortaq türk dili, türk tarixi, türk ədəbiyyatı, türk terminologiyası kimi qlobal məsələlər bu gün də aktualdır və bu sahədə artıq müəyyən işlərə başlanılıb.
Qurultayın keçirilməsində bir sıra şəxslərin, təşkilatçıların gördükləri böyük işlər danılmazdır. Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov I Türkoloji Qurultayın başlıca simalarından olan özbək türkoloq Xalid Səid Xocayevin (1888-1937) gördüyü işləri yüksək dəyərləndirir: “Xalid Səid Azərbaycanda dilçilik elminin əsasını qoyanlardan biri olub. O, türk dillərinin müqayisəli qrammatikası sahəsində Mirzə Kazım bəydən sonra “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” (Bakı, 1926) adlı kitabını yazıb. Xocayev tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni etmişdi. O, Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu ilə birgə bütün məsələləri diqqətlə araşdırırdı.
Latın qrafikalı əlifba ilə bağlı fikir ayrılığı
Qurultayın ən çox dartışılan mövzularından biri ərəb əlifbasından yeni latın qrafikalı əlifbaya keçmək məsələsi idi. Ərəb əlifbası ilə yazılmış sözlərin müxtəlif variantlarda oxunması S.Ağamalıoğlunu da qayğılandırırdı. O deyirdi ki, “yazıq türk uşaqlarını bu fəlakətdən qurtarmaq, ərəb əlifbasını çıxarıb atmaq və onun yerinə yeni əlifbanı işlətmək gərəkdir”.
X.S.Xocayev “Yeni əlifba yollarında əski xatirə və duyğularım” (Bakı, 1929) kitabında yazırdı: “Hər kəs gözləyirdi ki, görək nə olacaq, hansı əlifba qələbə çalacaq? Yeni əlifba əleyhinə olanlar “a kişi, osmanlılar da qəbul etməyəcəklər, qurtardı getdi, vəssalam” deyə bir-birlərinə ürək verirdilər”.
Həmin çağlarda Türkiyədə latın qrafikalı əlifbaya keçid məsələsi diqqətdə deyildi. Bununla bağlı böyük türkoloq Fuad Köprülüzadənin fikri belə idi: “Mənim fikrim yeni əlifbanın lehinədir, ancaq ümumi vəziyyətimizlə hesablaşmaq məcburiyyətindəyəm. Şərq türkləri yeni əlifbaya keçərsə, Anadolu türkləri də yeni əlifbaya keçmək məcburiyyətində qalacaqdır”.
1926-cı il fevral ayının 26-sı, saat 9.00. “İsmailiyyə”də (indiki AMEA Rəyasət Heyətinin binası) I Türkoloji Qurultay öz işinə başlayır. Bununla bağlı 8 dəqiqəlik səssiz kinoxronika var. Bu xronikada qurultayın ümumi mənzərəsi öz əksini tapıb. Zal nümayəndələrlə doludur. Paytaxtımızın indiki Sabir bağında da böyük bir qələbəlik var. İçəridə hansı məsələlərin müzakirə olunduğu, qərarların verildiyi bayırdakıları çox düşündürürdü. Qəribədir, qurultay latın qrafikalı əlifbanın türklər üçün ərəb əlifbasından daha uyğun olduğu haqqında qərar qəbul edir, ona keçidi gərəkli sayır, ancaq bu işi hər bir türk respublikasının öz ixtiyarına buraxır.
Haqlı olaraq Xalid Səid yazırdı: “Yeni əlifbaya keçmək hər cümhuriyyətin öz müstəqil işidirsə, bəs onda Türkoloji Qurultayı keçirməyin nə əhəmiyyəti vardı? Ancaq bu belə olsa da, bundan başqa bir dəyərli qərar qəbul etmək mümkün deyildi”.
Beləliklə, qurultayda yeni əlifbaya keçid məsələsində Türkiyə türkləri bitərəf oldular, qazaxlar və kazanlılar buna qarşı çıxdılar. Qalan türk ölkələri isə latın qrafikalı əlifbaya keçidi üstün saydılar.
Sovet rəhbərliyinin siyasi maraqları
I Türkoloji Qurultay ilk baxışdan türk xalqlarının mədəni həyatında böyük hadisə kimi qəbul edilsə də, o hər şeydən öncə siyasi önəm daşıyırdı. Ola bilməzdi ki, yeni qurulan SSRİ-nin içərisində belə bir ideoloji iş görülə, dövlətin bundan xəbəri olmaya. Odur ki, qurultayın keçirilməsi üçün lap yuxarılardan xeyir-dua verilmişdi. Əslində qurultay türklük yönündə irəlidəki planları öyrənmək, ölkə daxilində türkçüləri müəyyənləşdirmək, gələcəkdə onları millətçilikdə, pantürkizmdə suçlamaq baxımından dövlətin başında duranlara bir bəhanə kimi çox gərək idi. Dəhşətli 1937-ci olaylarında imperiyanın qanlı cəllad kötüyündə qurultay iştirakçılarının 100-dən çoxunun taleyi qana boyandı.
Mütəxəssislər hesab edirlər ki, İ.V.Stalinin başlıca işi türklüyə və Türkiyəyə qarşı hücum gedişlərini müəyyənləşdirmək idi. Əslində Türkiyəni kommunistləşdirmək planının bir hissəsi də bu qurultayın təşkil edilməsiydi. Latın qrafikasına keçid də bir oyun idi. Hələ 1922-ci ildə Azərbaycanda Yeni Türk Əlifbası Komitəsi yaradılmış, 1925-ci ildə ölkədə birinci dərəcəli məktəblər latın əlifbasına keçmişdilər.
Qurultayın elmi, siyasi, maliyyə və başqa təşkilati məsələləri bütünlüklə Moskvada hazırlanmışdı. Göründüyü kimi, sovet hökuməti latın əlifbasına keçməyin təbliğini 20-ci illərin əvvəlindən başlamışdı. İlk olaraq ərəb əlifbasını yox etmək hədəf seçilib, kiril əlifbasının gələcək yolunu açmaq üçün latın əlifbası məsələsi gündəmə gətirilib. SSRİ Türkiyənin ərəb əlifbasından latın əlifbasına keçməsini ağlına belə gətirmirdi. Atatürkün uzaqgörənliyi və siyasi çevikliyi kommunistləri çaşdırmışdı. 1937-1940-cı illərdə Stalinin yenidən türklərin əlifbasını dəyişərək kiril-rus əlifbasına keçməsi, dilin adını dəyişdirməsi sovet repressiya siyasətinin, ideologiyasının tərkib hissəsi idi.
6 mart 1926-cı ildə I Bakı Türkoloji qurultay öz işini bitirdi. Səmərqənddə keçirilməli olan ikinci qurultay isə baş tutmadı.
I Türkoloji Qurultaydan
sonra 1927-ci ildə Krımda, 1928-ci ildə Səmərqənddə, 1930-cu ildə Almatıda imla konfransları, 1932-ci ildən başlayaraq keçirilən Türk Dili Konqresləri təşkil edildi. 1976-cı ildə Almatıda, 1980-ci ildə Daşkənddə,
1988-ci ildə Aşqabadda
sovet türkoloji konqresləri keçirildi.
1996-cı ildə Ankarada qurultayın 70 illiyinə həsr olunmuş böyük yığıncaq isə
I Türkoloji Qurultayın
təsiri ilə keçirilmiş ən önəmli elmi tədbirlərdən biri idi.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 26
avqust.- S.10.