Natürmortçu rəssam

 

 

O, özünü hansısa sənət cərəyanına aid etmir

 

Azərbaycanın Əməkdar rəssamı Faiq Ağayev 20 ildir ki, Türkiyədə yaşayır, fəaliyyət göstərir. O, 1943-cü ildə Bakı şəhərində anadan olub. İlk ixtisas təhsilini Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində alıb. 1964-1970-ci illərdə İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirib.

 

1972-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü seçilən fırça ustası 1974-1982-ci illərdə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, 1982-1996-cı illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. 1996-cı ildən Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetində pedaqoji fakültənin rəsm bölümündə işə başlayıb. O vaxtdan Bursada yaşayır.

Rəssam deyir: “Hər gün axtarışlarım davam edir. Zaman dəyişdikcə maraq və fikirlərim də dəyişir. Özümü hər hansı sənət cərəyanına aid etmirəm, ancaq kubizmə yaxınlığım var”.

Özünü Azərbaycan mədəniyyətinə çox bağlı hesab edir: “Xalqımızın zəngin mədəniyyəti var, mən bu böyük xəzinəyə bağlıyam. Muğamı çox sevirəm, tez-tez dinləyirəm”.

Sənətkar Azərbaycan rəssamlığında parlaq səhifələrin çox olduğunu söyləyir: “Azərbaycanda, eləcə də Türkiyədə rəssamların dolanışıq durumu ürəkaçan deyil. Rəssamlıq tariximizdə çoxlu parlaq səhifələr var. İstedadlı rəssamlarımız çox olub, bu günvar”.

F.Ağayev 1972-1974-cü illərdə akademik M.Abdullayevin başçılığı altında SSRİ Rəssamlar İttifaqının Yaradıcılıq emalatxanasında işləyib. Bu illərdə o, “Balıqçının ailəsi”, “Balıqçı qadınlar”, “Tor təmiri” əsərlərini yaradıb. Həmin əsərlər Moskvada təşkil olunan hesabat sərgisində göstərilib.

Rəssamın müəllimi M.Abdullayev haqqında xoş xatirələri var: “Mikayıl müəllimlə yaxınlığım, dostluğum vardı. 1970-ci illərdə onun portretini işləmişdim, həmin əsəri Mədəniyyət Nazirliyi almışdı”.

F.Ağayev sənətə münasibət məsələsindən söz açarkən o vaxtlar sərgilərin ciddi müzakirəsinin getdiyini qeyd edir: “Hər bir sərginin ciddi müzakirəsi olardı. Bir dəfə rəssam Fikrət Bağırov natürmort sərgiləmişdi. Sərginin müzakirəsinə o vaxtkı mədəniyyət naziri Zakir Bağırov gəlmişdi. Çox danışdılar, sonda söz nazirə verildi. O, xeyli danışandan sonra natürmorta münasibət bildirdi: “Natürmort sənət deyil”, - dedi. Hamı çaşıb qaldı. Bu söz mənə aid olmasa da, içimdə qərar verdim ki, bundan sonra yaradıcılığımda natürmorta geniş yer ayıracağam. O gündən indiyə kimi natürmort janrında əsərlər yaradıram. Ən çox müraciət etdiyim digər janrlar portret və mənzərədir”.

Gələcək planlara gəldikdə, rəssam əsərlərini yeni kataloqda bir araya gətirmək fikrindədir.

 

Mədəniyyət.- 2016.- 26 avqust.- S.11.