Ədəbi-Dram Adam
Ədəbi şəxsiyyəti, fərdi-xarakterial
sifəti, ictimai surətilə hələ
də çox “təzə”lər
fövqündə dayanan “Köhnə Kişi” - Seyfəddin Dağlı...
O vaxtlar dip-diri bədii yaradıcılıq, qaynar mətbu və qeyri-sıyıq ictimai fəaliyyət aləmli bu imzanı xüsusi bir maraqla izləyən biz gənclik onu canlı “seçilmiş əsərlər” tutumlu ədiblərdən sayırdıq. Ona - zahirən “qəzəb oğlu”, daxilən şəfqət-ülfət, ədəb-irfan dolu İnsan kimi baxırdıq. Heyrəti-surət gözləri snayper, həyat-sənət baxışları super, sözü-vəzi məzə, iç özü qət təzə “Köhnə Kişi”, öz ləhcəsində “alayı aləm” deyirdik qarasına. Mətbuat sahəsində kotan görəvli, ziyalılıq səngərlərində artillerist, milli təəssübkeşlik cənglərində patriot, məhəlli ləngərlərində avtoritet kimi səciyyələndirirdik...
Vaxt keçdi, bu bənzərsiz yaradıcılıq və şəxsiyyətlilik müəllifi dünyasını dəyişdi, ancaq, hər an yenilənən Zaman “yüz ölç, bir biç” devizli bu divi “redaktə” edə, bizim yaratdığımız bu Obraza toxuna bilmədi. İllər keçdikcə, böyük Cabbarlı nəslilə qovuşum kökü üstdə yeni tağlar atıldı. Bu birlik-birəntilik sayəsində Bakıda (və küllən Azərbaycanda) maddilik yönəli aristokratizmdən fərqli bir mənəvi-ziyalı-elitar mayalı kübarlıq ənənəsi yarandı ki, buna nişan olaraq, hərdən efir-ekran çıxışlarıyla seyrçilərə həm də milli ədəb-ərkan, xəlqi həya-qayə duyğuları bəxş edən Qəmər xanım Seyfəddinqızını xatırlada bilərəm.
Bu əbədi sənətkar indilər həm də -
Günümüzün yubilyarı
Doxsan beş yaşı tamam olur Seyfəddin Dağlının. 27 avqust 1921-ci ildə özü kimi “sərt”, sözü kimi duzlu, ulu Cəfərli-Müşfiqli Xızıda doğulub.
Orijinallıq və qəribəliklərinə qüvvət olaraq deyim ki, bu böyük qələm əhli gənclik ömrünün 15 ilini orduya sərf edib (1941-56). Beş-altı ildə dörd-beş iş yeri dəyişib (Dövlət Radio Komitəsi, “Azərbaycanfilm” kinostudiyası, “Yazıçı” nəşriyyatı, “Kirpi” jurnalı...), otuz ildə on beşcə kitab çap etdirib...
Deyirəm, bəzi “yeni”lər üçün bu “sabiq” sənətkar haqda elə bu sətirlər də bəs edər. Bəs, əsil yenilər üçün? Təbii “nəvə”-yeniliklərdən vaxt ayırıb doğma-doğal dədə köhnələri oxuya bilməyən çağdaş oxucuları deyirəm. Deməli, o doğma-doğal köhnələrdən biri olan Seyfəddin Dağlını yenidən oxutdurmağa sövq etdirmək, “Bahar oğlu” kimi əsərlərilə milli ədəbiyyat ailəmizin bu görkəmli üzvünü tez-tezisvari tanıtdırmaq üçün yuxarıdakı qara(-çuxa) üslubla verilmiş ədəbi-publisistik “tərcümeyi-hal” kifayət etməz. Həm də ona görə ki, bu ədəbi məsələdə də əndazələr gözlənilmir. Hər yerindən duran tərəfindən bir qəzet açıldığı, hər özündən dəm vuranın haqqında palaz-palaz yazılar verildiyi, “tənqid və biblioqrafiya”lar əvəzinə, “tərif və bülbüloqrafiya”lar dərc edildiyi bir dövrdə bu kimi problemlər də vicdanla döyünən qəlblərdə qövr eləyir. Məsəlçün, indilər hər dörd-beş yüz nəfərə bir qəzet, böyük “patron”lu hər pedant qrupa bir tele-“büt”, bir sayt düşürkən, vaxtıykən hər mövzunun, hər cümlənin, hər sözün başına fır-fır fırlanan, hər tərifi və ya tənqidi ifadənin “çort”una gedən ulu mətbuçu Mirzə Cəlillər, azman Seyfəddin Dağlılar tez-tez yad edilərmi?..
Mənim bu “qeyri-demokratik”, senzsiz-senzurasız qənaətlərimə ortaqlara təşəkkürüm var, qələmdən-boğazdan aşağı düşünənlərə isə polemik bir xitabım: hanı bəs indiki qəzetlər, jurnalistlər bolluğunda o vaxtkı “Yer üzünün Qarabağ düzü”, “Qızlar layla çala bilmir” publisistikaları, müasir şairlər, rəssamlar, bəstəkarlar, memarlar çoxluğunda o çağkı “Sarı dana”, “Qətl günü”, “Kəpəzin göz yaşları”, sonuncu rəqəmi vahiməli balta rəmzilə verilmiş “1937” tabloları, “İldırımlı yollarla”, “Azərbaycan kapriççiosu” şedevrləri, “Məhəmməd Füzuli”, “Xurşudbanu Natəvan” abidələri və nəhayət, Seyfəddin Dağlı redaktorluğundakı “Kirpi” neştərləmələri, xalqın maarifi-irfani inkişafına hava-su qədərincə gərəkli olan ədəbi-bədii, mətbu-informasiya diktələri “diktatura”sı?..
Beləliklər tarixən hər xalqın inkişaf məzmun-mahiyyətli yükünü əysə də, nəysə...
İyirmi yaşında (1941) sovet ordusuna hərbi xidmətə gedən “periferiya” yarlıqlılardan sayılan bu gənc “kiril-sivil” kriteriyalı “veliko-rus” nümayəndələri içərisində seçilib-fərqlənərək, “Armiya” qəzetində “bezaksent-korrespondent”, “Diviziya” qəzetində baş redaktor olub...
Nə biləsən, bəlkə elə bu yüksək savad və qabiliyyətinə, eridusion səviyyəsi müvafiq qiymətləndirilmədiyinə görə imiş - onun, yazının “qara” hissəsində işlətdiyim “qəzəb oğlu” kimi epitetlərə “məruz” qalması? Çox güman ki! Nədən ki, onun Dövlət Radio Komitəsində baş redaktor, Bakı Telestudiyasının direktoru vəzifələrində çalışmağında çox fövri bir fraqmentallıq var (1956-1959). Belə ki, o vaxtlar hər şeyə haqqı olan bu personanın haqsızlıqlara qarşı çıxmaması mümkünsüz, belə bir “davakar”ın “işdə saxlanması” isə “qeyri-münasib” idi.
İctimai sancıları sancmalar dövrü
Seyfəddin Dağlının “Kirpi” jurnalında baş redaktorluq dövrünü Azərbaycan mətbuatının - “Molla Nəsrəddin”dən sonra - silsiləvi hadisəsi, milli təfəkkürümüzün (xəmirindəki sovet mayası istisna edilməklə) satira-yumor, felyeton, nəticə etibarı ilə tərbiyəvi islah qabiliyyətinin mətbu sərgisi də hesab etmək olar. O vaxtların nəinki məlum, hətta “naməlum” antipodları da “Kirpi” tərəfindən iynələnmək təhlükəsi yaşayırdılar. Eşitmişdim ki, Seyfəddin müəllim günahkarların “kandarkəsən”, “zəngdəng”edən havadarlarından yaxa qurtarmaq üçün “day-day”lı felyetonları bir-iki nömrə sonraya saxlayar, “iş” yaddan çıxan çağlarda və özü də jurnalın çap günü özünü harayasa “ezam” edib, “məndən xəbərsiz verilib” “təəssüf”ü ilə vəziyyətdən çıxarmış.
O dövrün hərzələrini lərzəyə salmaqda yeganə mətbu nümunə olan o jurnalda oxuduğum materiallara, gördüyüm karikaturalara əsasən də bir neçə epizod söyləyə bilərəm. Məsələn, “yad” bir müəllimə qohum-əqrəbalarından dəfə-dəfə az dərs saatı verən və həmin “yad”ın şikayətlərinə əsasən “həftə səkkiz-mən doqquz” yoxlamaya gələnlərə o qohum-əqrəbasının qazandığından da artıq məbləğdə rüşvət verməli olan bir məktəb direktoruna felyeton mətni içərisindəki “pəncərə”də büsbütün Seyfəddin Dağlı üslubunda belə bir “redaksiyadan” verilmişdi: “Hörmətli və mürvətli direktor-müəllim! Gəldi-gedər yoldaşlara etməyə məcbur olduğunuz o “hörmət”lərin yüzdə birini o həmişəqalar iş yoldaşınıza bir-iki saat əlavə dərs kimi versəniz, nə dünya dağılar, nə də təmiri üçün heç bir yerə müraciət etmədiyin məktəbiniz!”
Bir-iki kəlmə də əsl sənət səviyyəli karikaturalardan. Öncə deyim ki, bu səviyyə baş redaktorun tək elə şəxsi rəğbət hissilə yox, həm də ictimai anlam-amal duyğusuyla redaksiyaya cəlb etdiyi böyük rəssamlar hesabına alınmışdı. Onlardan kimisə unutma ehtimalına görə ad çəkmədən, misallara keçirəm: məhəllə içrə “böyüklüyü” papağının təvərə böyüklüyündə görən bir cayılın başı üzərindəki vertolyotda biri o birinə: “Bəlkə elə bu aerodroma enək?..” Qar-çovğun ucbatından ömründə bir kərə nəvəsini məktəbə ictimai nəqliyyatda aparmalı olan “bazburut” görkəmli çinovnik, rəssamın canlı, dinamik cizgilərilə gah başı üstündə dayanmış mamılı-matan xanıma, gah dizi üstündə oturmuş nəvəsinə baxıb: “A gül bala, dur yerini ver “çiçək” xalaya...” deyir.
Əlbəttə, bunlar dövri mətbuatın fövri problemləri, ötüb-keçəri yazıları idi. Onun hər vaxt, hər zaman bizə, hamıya əsər edən və edəsi ədəbi-bədii -
Kitabları
da var ki, bir neçə
kəlmə də onlar barədə. O əsərlərdən bir
neçəsinin - “Adı
sənin, dadı mənim”, “Aydınlığa
doğru”, “Mənziliniz
mübarək”, “Təzə
gəlin”, “Kölgələr
pıçıldaşır” pyeslərinin, “Dəniz kəşfiyyatçısı”, “Məşəl”, “Kəcil
qapısı”, “Sabiqlər”
kitablarının adını
çəkim, 1966-cı ildə
oxuyub feyzini bu gün də
yaşadığım “Bahar
oğlu”nun isə - müasir tele-leksikonca desək, “dadını çıxarım”.
Oxuyanlar
bilər - o kitabda necə bir bahar
hərarəti var, bütöv bir səhnə Azərbaycanı
yaratmış dahi Cəfər Cabbarlıya nə tövr müəllif hüsn-rəğbəti,
millət məhəbbəti
bərqərardır! Bu kitabı
yazmağa başlayarkən
qırx yaşı keçməkdə olan Seyfəddin Dağlı bütün təhkiyəvi
elementləri, bədii
uğurları ilə
bahəm, bu dünyanı otuz beşcə yaşında
dahi olaraq tərk etmiş təkrarsız Cəfərimizin
bu qədər qısa olum aləmini tam verə bilməkdə çətinlik
çəkdiyini də
duyurmağa çalışıb.
Böyük dramaturqun dünyabaxışına
təsir edən əsas məsələ-məziyyətlər
içərisində “Qəhr
olsun dünyanın milyonlar içində vücuda gələn səadəti!” kimi fəlsəfi postulatlar, “Nə bağırırsan,
xalq! Aktrisan varındır - ver, yoxundur - sus, öl” kimi sərkərdəvi
halətlərlə birgə,
uşaqlıqda gördüyü
dini şəbihlərin,
eşitdiyi “Necə qan ağlamasın daş bu gün,
Kəsilib yetmiş iki baş bu
gün!” kimi sədaların da rol oynadığını
canlı boyalarla sərgiləmiş belə
bir müəllifin özü də, təbii, əbədi bir ədib olaraq
qalacaq...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 26
avqust.- S.12.