Füzuli poeziyası çağlayan
musiqidir
Ötənlərin söhbətidir. Mərhum şair, tədqiqatçı Ələmdar Mahirlə Ramazan bədii ədəbiyyatda mövzusunda söhbət edirdik. Müsahibim çoxəhatəli danışdı və böyük şair, mütəfəkkir Məhəmməd Füzulinin yaradıcılığında musiqiyə dair suallarımı da cavablandırdı. Həmin görüşümüzdən dörd il keçir. Deməli, o zaman apardığım qeydlər əsasında yazı hazırlamaq bugünlərə qismət imiş...
Dahi Füzulinin möhtəşəm söz xəzinəsi araşdırıldıqca bir ümman kimi tükənmək bilmir. Çünki Füzuli adi sözləri dərin mənalara bürüməyin ustadı idi. Yəni sözün dilini bilirdi. Onun yaradıcılığı müəllifinin ədəbiyyat, fəlsəfə, tibb, musiqi və digər elmlərə dərindən bələd olduğunu göstərir.
Çağdaş Azərbaycan musiqisinin malik olduğu özünəməxsus keyfiyyətlər, bəşəriyyətin musiqi mənzərəsində layiqli yeri onun yüz illərdən bəri böyük bir təkamül yolu keçməsindən soraq verir. Qobustandakı qavaldaş, qayaüstü təsvirlər, eləcə də şifahi söz xəzinəmizin bir sıra nümunələrində adıçəkilən musiqi alətləri bu yerlərin əzəli sakinlərinin estetik zövqünün, duyğu-düşüncələrinin daha qədim zamanlardan formalaşdığını ortaya qoyur. XII əsrdən etibarən Yaxın Şərqdə ayrıca ədəbi məktəb formalaşdırmış böyük Azərbaycan şairlərinin əsərlərində musiqi alətlərinin bədii təqdimi xüsusi yer tutur. Doğrudur, bəzi islam alimləri dini musiqiyə qarşı qoyur, çalğı alətlərinin geniş yayılmasına mane olurdular. Bununla belə, orta əsrlər Azərbaycanında musiqi və şeir məclisləri kifayət qədər yayğın idi və bu, özünü bədii ədəbiyyatda da göstərirdi. Bu dövrün poeziyasında ney, çəng, rübab, ud, dəf, setar, bərbət, qanun (kanon, ərğənun), davul və başqa musiqi alətlərinin adı müxtəlif məqsədlərlə çəkilir, poetik təsvir və tərənnümdə istifadə olunur.
Füzuli qəzəliyyatı mənalarla zəngin olmaqla yanaşı, həm də çağlayan musiqidir. Bu musiqi beş əsrdir, türk-islam coğrafiyasında insanların ruhunu oxşayır. Xanəndələrin, bəstəkarların ilham mənbəyi olan bu şeriyyət insanlıq yaşadıqca yaşayacaq...
Söz ustadı əruzun əksər bəhrlərindən ustalıqla istifadə etmiş, ölməz poetik nümunələr yaratmışdır. Şairin irsi ilə bağlı araşdırma yazılara nəzər yetirəndə onun poetik vüsətinin bir daha şahidi oluruq. Görkəmli ədəbiyyatşünas, akademik Məmməd Cəfər yazır: Füzuli mədəniyyət tariximizlə, ictimai-fəlsəfi fikrimizlə, mənəviyyat, məişət və ədəbi düşüncəmizlə qaynayıb-qarışan böyük sənətkardır. Mədəniyyətimizin hansı sahəsinə nəzər salsaq, orada bu müdrik qocanın isti nəfəsini duyarıq.
Bəli, Füzulinin əlvan, incə ruhlu qəzəlləri neçə-neçə mahnıya, muğama qanad vermişdir. Zaman-zaman musiqi xadimləri Füzuli kəlamlarından qidalandıqları kimi, şair də öz dövründə yaşayan sənətkarların ifalarından zövq almış, çalğı alətlərinin heyrətamiz sədaları sayəsində musiqinin sirrini duyaraq vəsf etmişdir. Akademik Teymur Kərimlinin araşdırmasında qeyd olunur ki, orta əsrlər Şərq poeziyasında ümumilikdə musiqi alətlərinə saz deyilirdi və şairin əsər yazması musiqi alətində ifaya bənzədilərək, pərdə musiqi termini ilə əsərin orijinallığı, başqalarına bənzəməməsi ifadə edilirdi. Məsələn, XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvi Xosrov və Şirin poemasının girişində həmin terminlərdən istifadə edərək yazırdı:
Təzə bahar yetir can çeşməsindən,
Yeni paltar geydir sözlərinə sən.
Himmət
eylə, burda ələ al sazı,
Ucalt bu pərdədə şirin
avazı.
Tədqiqatçı alim bir mühüm
məqamı da vurğulayır ki, klassik ədəbiyyatda musiqi alətləri bir çox hallarda antropomorf cizgilər kəsb edərək, daha çox aşiq-məşuq
arasında məhəbbət
və heyranlıq duyğularının tərcümanına
çevrilir. Məsələn, çəngdən çıxan melodik səslər yarından ayrı düşmüş
aşiqə öz yarının incə, məlahətli səsini xatırladır. Bununla da
musiqi aləti bir növ canlanır
və poetik situasiyada iştirak etmiş olur.
Ney səsi sanki nalədir
Füzuli yaradıcılığında isə musiqi ahəngi ilə insan xarakteri arasında qarşılıqlı
münasibət qızıl
xətt kimi keçir. Mərhum alim, filologiya
elmləri namizədi Vəli Məmmədovun təbirincə desək, şair zövqün tərbiyə və inkişafında musiqinin mühüm vasitə olmasından, alətlərin
quruluşundan, səslənməsindən
bir musiqişünas kimi bəhs etməklə bədii təsvirlə isbatına çalışmışdır. Böyük mütəfəkkir bəzən
musiqi təranələri
ilə ovunmuş, çalğı alətləri
ilə dərdləşmişdir.
Biz onun qəzəllərində
bunun açıq-aydın
şahidi oluruq. O,
çox zaman neylə həmsöhbət
olmuşdur:
Sinəm
həvayi-eşqin ilə
doldu ney
kimi
Dəm vurduğumca ahu-fəqandır
çıxan nəfəs...
Başqa
bir qəzəlində
isə şair vücudum ney
kimi surax-surax (deşik-deşik) olsa ah etməm söyləyir. Bəs Füzuli niyə bu qədər
ney alətinə
sehrlənmişdir? Bunun
cavabı aşağıdakı
misralardadır:
Ney səsi başdan ayağa dərdi qəmdir, nalədir,
Varmı
bir kəs kim, onu
vəcdə gətirməz
ol nəva...
Füzulinin müraciət etdiyi musiqi alətləri sırasında çəng
də var. O, Leyli və Məcnun poemasında çəngin
adını çəkir
onu insan əhvalının tərcümanı
kimi simvolizə edir.
Xəm qədilə ağlaram ol türreyi-tərrarsız,
Gərçi derlər çəngdən
çıxmaz tərənnüm
tarsız...
Şair demək istəyir ki, mənim ağlamağımın da
mühüm bir səbəbi vardır. Necə ki,
simsiz çəngdən
səs çıxmaz.
Füzulinin poeziya ümmanında bir çox qədim çalğı
alətlərimizin adlarına
rast gəlinir. Bura qopuz,
saz, ud, rübab, təbil, qanun və digərləri
aiddir. Məsələn:
Bir saza düzüldü ol iki tar,
Gərm oldu rəvaci-naleyi-zar.
Bu misralarda bir bədəndə iki qəlb simvolizə edilmişdir ki, bu da iki
insanın bir fikri, bir istəyinə
işarədir.
Çəngin simləri - gözəlin
telləri
Ümumiyyətlə, klassik ədəbiyyatda musiqi alətlərindən
bəhs olunarkən onlar insanla simbioz
halında götürülür,
bir növ, insanın bədən üzvlərindən biri kimi təqdim olunur. Simli musiqi aləti
olan çəng də Füzuli poeziyasında həm forma,
həm də məzmunca lirik qəhrəmanla müqayisə
edilir, bu obrazın köməyi ilə müxtəlif estetik funksiyalar yerinə yetirilir. Bu beytdə çəngin
simləri gözəlin
saçının telləri
ilə müqayisə
edilir. Bu isə öz növbəsində
zahidlərin əlində
olan təsbeh sapı ilə qarşılaşdırılır:
Ləbin
dövründə zahidlər
tutub meyxanələr küncün,
Qılıb təsbih tarın tərk, zülfi-çəng
tutmuşlar.
Füzulinin, demək olar ki, bütün yaradıcılığında biz musiqi alətlərinin, bu və ya digər şəkildə tərənnümünə rast gələ bilərik. Misal üçün, rübab haqqında fəğani ərşə çıxan bir elə rübabam ki, ud haqqında yüz gülrux əlində məcməri-ud, təbil haqqında o təbilin səsi ilə oyandı cümlə cahan fikirləri də maraq doğurur.
Söz ustadı bəzən əsl musiqişünas kimi oxucunu heyran qoyur. Onun musiqi alətlərindən bəhs edən mükəmməl irihəcmli Yeddi cam poeması da bu mənada diqqətçəkəndir. V.Məmmədovun fikrincə, bu əsər sanki şairin musiqi görüşlərinin bir zirvəsidir. Müəllif poemada altı musiqi alətinin xarakteristikasını alleqorik bir dildə verməyə nail olmuşdur. Füzulinin musiqi alətlərinə həsr etdiyi məclisin yeddinci nümayəndəsi mütrib-müğənnidir və təbii ki, onun da səs telləri musiqi alətləri statusuna daxil edilir.
Klassik Azərbaycan ədəbiyyatında musiqi alətləri ən müxtəlif məqamlarda və ən müxtəlif rakurslardan özünün bədii təqdimini taparaq zəngin ideya-estetik funksiyaların daşıyıcısı kimi çıxış etmişdir. Böyük Füzulinin tükənməz söz cənnətində musiqi alətlərinə özünəməxsus münasibət söz sənətkarını mənəvi dünyasının zənginliyindən soraq verir. Şair özündən sonra neyli-sədalı bir irs qoyub getmişdir. Bu irs araşdırıldıqca, incəlikləri xalqa təbliğ edildikcə sanki almaz kimi cilalanır və əsrdən-əsrə daha da parlaq olur.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 26
avqust.- S.13.