“Azərbaycan ədəbiyyatında Qusar mövzusu

 

 

Multikulturalizm ili”ndə işıq üzü görən kitabda Qusar, qusarlılar, ləzgi xalqı haqqında səmimi hislərlə qələmə alınmış əsərlər toplanıb

 

“Yazıçı” nəşriyyatında yazıçı-publisist Həsən Xasiyevin “Azərbaycan ədəbiyyatında Qusar mövzusu” adlı kitabı çapdan çıxmışdır. “Multikulturalizm ili”ndə işıq üzü görən kitabda Azərbaycan şair və yazıçılarının Qusar, qusarlılar, ləzgi xalqı haqqında səmimi hislərlə qələmə aldıqları əsərlər toplanmışdır.

 

Əsas qayəsini vətən sevgisi, yurda heyranlıq, məhəbbət, dostluq, qardaşlıq, həmrəylik, gözəllik duyğusu olan bədii yazılar müəllifin fikir və mülahizələri əsasında şərh və təhlil olunur. Kitabın elmi redaktoru, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, filologiya elmləri doktoru İslam Sadıqdır.

Ölkəmizdə yaşayan digər xalqlar kimi, Qusar ləzgiləri də vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşərək əsrlər boyu azərbaycanlılarla qaynayıb-qarışmış, bir süfrə ətrafında çörək kəsmiş, sevinc-kədərlərini birgə bölüşmüşlər.

Kitab ümummilli lider Heydər Əliyevin sözləri ilə açılır: “Şahdağ kimi məğrur dağı, gözəl meşələri, çayları, bulaqları olan, hər şeydən əvvəl qəhrəman insanlardır qusarlılar. Siz xoşbəxtsiniz ki, belə bir gözəl diyarda yaşayırsınız. Siz xoşbəxtsiniz ki, bu cür müstəqil Azərbaycan vətəndaşısınız və onun üçrəngli bayrağını daha da yüksəldirsiniz”.

Məlum olduğu kimi, bu il Qusar rayonu Mədəniyyət və Turizm NazirliyininXalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində “Foklor paytaxtı” seçilib. Bu yerlərlə bağlı əsrlərdən süzülən rəvayətlər, atalar sözləri və məsəllər, dastanlar, nağıllar, mərasim və adət-ənənələr, folklor yaşayır, nəsildən-nəslə ötürülür. Qusar bir çox tarixi hadisələrin, sərkərdələrin, şair və yazıçıların adlarını, əməllərini yaşadır. Uzun illərin gərgin əməyinin məhsulu olan bu kitabda müəllif arayıb-axtardığı faktları, dəlilləri bir yerə toplayıb ədəbi-bədii salnaməyə imza atıb.

Kitabda qədim abidələri, qalaları, müqəddəs ziyarətgahları, səfalı təbiəti ilə tanınan ulu yurdun bədii obrazı verilmişdir. Əlamətdar ildə işıq üzü görmüş bu qiymətli kitab rayonun mədəni-ictimai həyatında çox əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir.

Kitabdakı Qusar, qusarlılar haqqında yazılan hər sətri həvəslə oxuyub yaddaşlara yazırsan. Kimlər bu cənnətməkanın qonağı olmayıb, şərəfinə şeir yazmayıb, kimlər buradakı saf insanları nəzmə çəkməyib? Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Məmməd Araz, Nəriman Həsənzadə, Cəfər Xəndan, Atif Zeynallı, Həmid Abbas, Kələntər Kələntərli... Bəlkə də qusarlılardan çoxunun öz doğma rayonlarına və həmvətənlərinə bu qədər əsərlərin həsr olunmağından xəbəri yoxdur. Doğma diyarın təəssübünü çəkən, ona neçə-neçə kitablar həsr edən yazıçı-publisist Həsən Xasiyevin əməyi nəticəsində onlar artıq bu imkanı əldə etmişlər.

Kitab böyük bir tədqiqat əsəridir. Oxuduqca hiss edirsən ki, ömrü boyu Qusardan ayrılmayan müəllifin belə bir lazımi işin zəhmətinə qatlaşmasının səbəbi, şübhəsiz, doğma torpağa bağlılığı olub. Bu həm də yazarın yüksək vətəndaş mövqeyinin ifadəsidir.

Qusarlıların vətənpərvərliyi və qonaqpərvərliyi həmişə dillərdə gəzib. Müəllif zaman-zaman bu yerlərə gələn səyyahların, yazarların sözlərinə, fikirlərinə söykənərək bölgənin görkəmli şəxsiyyətləri, elm-mədəniyyət adamları haqda deyilmiş xoş sözləri diqqətə çatdırır. Müəllif eyni zamanda Azərbaycan ədəbiyyatında Qusar mövzusunu bitmiş hesab etmir. Gözəlliklər məskəni bu diyarın vəsfi üçün şair və yazıçıları sərin bulaqlar başına, yaşıl meşələr qoynuna, çiçəklərdən xalçası, bulaqlardan örpəyi olan zirvəsi qarlı əzəmətli Şahdağın ətəklərinə, coşqun Samurun sahillərinə səsləyir və onlardan bu yurda layiq yeni sənət əsərləri gözləyirik.

 

Bəybala Ələsgərov

tarix elmləri doktoru

Mədəniyyət.- 2016.- 26 avqust.- S.15.