Ölkəmiz İstanbulda
idman və mədəniyyət
festivalında təmsil olunub
Avqustun 26-dan 28-dək Türkiyənin İstanbul şəhərində Dünya Etnospor Federasiyasının (DEF) təşkilatçılığı ilə Etnik idman mədəniyyəti festivalı (Etnospor kültür festivalı) keçirilib.
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin də iştirak etdiyi festivalın açılış mərasimində İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş və DEF-in rəhbəri Bilal Ərdoğan çıxış ediblər.
Diqqətə çatdırılıb ki, bu festivalın təşkilində məqsəd unudulan, geniş istifadə olunmayan qədim xalq idman oyunlarını xatırlatmaq, onlara yeni həyat vermək, xalqların qədim mədəniyyət nümunələrinin bir-birinə daha da yaxınlaşmasına töhfələr verməkdir. Qeyd olunub ki, bu festivalın hər il davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Festivalın keçirildiyi yer çadır şəhərciyi, idman yarışları meydanı, rəsmi və bədii hissələr üçün nəzərdə tutulan bölmələrdən ibarət olub. Festivalda qədim “yağlı güləş” növləri (ayaq güləşi, “tozqoparan” və s.), oxatma üzrə yarışlar keçirilib, habelə aşıq yarışması təşkil edilib.
Festival çərçivəsində AZƏRTAC-ın
Türkiyədəki bürosu tərəfindən
Azərbaycan çadırı təşkil olunub.
Çadırın qurulmasına Azərbaycanın
İstanbuldakı baş konsulluğu
və Türkiyədə fəaliyyət göstərən
“Arazyayınçılıq” nəşriyyatı tərəfindən
dəstək verilib. Günbəzində
Azərbaycanın dövlət bayrağının
dalğalandığı çadırda 20 Yanvar
faciəsinə və Xocalı soyqırımına dair fotostendlər qurulub, o cümlədən
“Arazyayınçılıq”ın Azərbaycana aid nəşrləri və baş
konsulluğun ölkəmizə aid təbliğat vasitələri sərgilənib.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.5.