Xarici turistləri ölkəmizdə
daha çox nə cəlb
edir?
Körfəz ölkələri və İrandan gələnlər əyləncə
məkanlarına, avropalı turistlər isə tarixi yerlərə üstünlük
verirlər
İlin bütün fəsillərində istirahət üçün əlverişli imkanlara, zəngin təbiətə malik ölkəmizə yay turizm mövsümündə xarici turistlər xüsusilə maraq göstərir. Onların zövqlərinə uyğun istirahətlərinin yüksək səviyyədə təmin olunmasını isə yerli turizm şirkətləri və turizm obyektləri təmin edir. Son illər bu sahədə böyük infrastruktur layihələri həyata keçirilib, turistlərin ölkəmizə rahat şəkildə səfərlərinin təşkil olunması üçün şərait yaradılıb, viza rejimi sadələşdirilib.
Bu yay ölkəmizə xarici turist axınının artması da görülən işlərin nəticəsidir. Elə turizm şirkətlərinin nümayəndələri də bu fikirdədir.
“Baku Travel & Tourism” şirkətinin icraçı direktoru Əziz Şiriyev bu ilin yay turizm mövsümünü ötən ilin eyni dövrü ilə müqayisə etdikdə daha məhsuldar olduğunu deyir: “Bu il ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Demək olar ki, bu mövsümdə Bakıda və regionlarımızda olan bütün hotellər dolu olurdu. Hazırda da xaricdən turist axını davam edir”.
Müsahibim deyir ki, əvvəlki illərə nisbətən bu il Körfəz ölkələri və İrandan gələn turistlərin sayında artım daha çox hiss olunur. Onlar əsasən əyləncə məkanlarında olmağa üstünlük verirlər. Avropa və digər Qərb ölkələrindən gələnlər isə ölkəmizin tarixi yerlərində olmağa üstünlük verirlər: “Biz də bütün turistlərə tur-paketlərinə uyğun olaraq istirahətlərinin səmərəli təşkil olunması üçün çalışırıq. Onların görmək istədikləri məkanlara səfərlər təşkil olunur. Geri qayıdan turistlərin ölkəmiz haqqında müsbət təəssüratı yeni turist qruplarının gəlməsinə zəmin olur”.
Həmsöhbətimin sözlərinə gərə, xarici qonaqlar Bakı ilə yanaşı, ayrı-ayrı bölgələrə - Gəncə, Göygöl, Qəbələ, Şəki, İsmayıllı, Quba, Qax, Xaçmaz, Balakənə xüsusi maraq göstərirlər.
“Cruise Travel” şirkətinin tur meneceri Ülvi Sultan da bu ilin yay turizm mövsümündə ölkəmizə gələn turistlərin sayında artım olduğunu bildirir: “Bu artım daha çox ərəb ölkələrindən gələn turistlər hesabına baş verib. Onun da başlıca səbəbləri həmin ölkələrə sadələşdirilmiş viza sisteminin tətbiq olunmasıdır. Eyni zamanda dini və mədəni baxımdan bizə daha yaxın olan dövlətlərin vətəndaşlarını ölkəmizin təbiəti, mədəniyyəti, adət-ənənəsi və mətbəxi özünə cəlb edir. Azərbaycan digər ölkələrdən, o cümlədən Avropadan turistlərin də maraq göstərdiyi səyahət istiqamətləri sırasındadır”.
Müsahibim xarici turistlər üçün bir neçə istiqamətə maraqlı turlar təşkil etdiklərini deyir: “Əgər xarici turist Azərbaycana bir neçə günlüyə gəlibsə, əvvəlcə Bakı şəhərinə ekskursiya təşkil olunur. Buraya Qobustan, Qala, Atəşgah, Mərdəkan, Yanardağ, İçərişəhər, eyni zamanda şəhərimizin müasir gəzməli-görməli yerləri ilə tanışlıq daxildir. Növbəti günlərdə turistlərin istəyinə uyğun olaraq bölgələrimizə səyahət təşkil olunur. Şamaxıdan başlamaqla İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, daha sonra Gəncə, Göygöl istiqamətində turlar təşkil olunur”.
Müsahibim həmçinin onu da qeyd etdi ki, bu il yerli turistlərin bölgələrimizə səfərləri ötən ilə nisbətən azalıb.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 31
avqust.- S.8.