İstirahət ocaqlarında səyyar kitabxana xidməti
Yay turizm mövsümü ilə əlaqədar ölkəmizin mühüm turistik bölgələrindəki mədəniyyət ocaqları istirahət guşələrində müxtəlif tədbirlər təşkil ediblər. Bu sırada turizm məkanlarında həyata keçirilən səyyar kitabxana və açıq kitabxana layihələrini xüsusi qeyd etmək gərəkdir.
Qusar rayon Mərkəzi kitabxanası tərəfindən “Şəfa” və “Qaya bulaq” istirahət mərkəzlərində səyyar kitabxana xidməti təşkil olunub. Təqdim olunan sərgilərdə müxtəlif mövzulu ədəbiyyat, rayonun turizm istirahət mərkəzləri haqqında nəşrlər, ləzgi xalqının adət-ənənələri, folklor nümunələri, milli mətbəx və s. məlumatlardan ibarət bukletlər nümayiş etdirilib. Gənc kitabsevərlər arasında şeir, tapmaca və digər müsabiqələr keçirilib, qaliblərə xatirə hədiyyələri, uşaq jurnalları, Qusar rayonu haqqında bukletlər, yerli sənət ustalarının əl işləri və disklər hədiyyə edilib.
* * *
İyul-avqust aylarında Qəbələ rayonundakı “Qəbələnd Luna Park” əyləncə və istirahət mərkəzində təbiətin qoynunda yerli və xarici turistlərə səyyar kitabxana xidməti göstərilib.
Xidmət zamanı tariximiz, ədəbiyyatımız, mədəniyyətimizlə bağlı 700-dən çox kitab nümayiş olunub. Turistlərə Qəbələ rayonu haqqında nəşrlər, müxtəlif çap məhsulları da təqdim olunub.
* * *
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən turizm məkanlarında “Açıq kitabxana” layihəsi davam etdirilir. Layihə çərçivəsində növbəti səyyar kitabxana xidməti “Palmalife” hotelində təşkil olunub. Turistlər göstərilən xidmətdən razılıqlarını bildiriblər.
* * *
Masallı Rayon Mədəniyyət
və Turizm Şöbəsinin təşkilatçılığı
ilə turizm obyektlərində və
istirahət mərkəzlərində mədəni-kütləvi
tədbirlər keçirilir. Rayon Mədəniyyət
mərkəzinin “Təravət” instrumental
ansamblının, Mahmudavar kəndinin
"Halay" xalq folklor kollektivinin, Heydər
Əliyev Mərkəzinin uşaq rəqs kollektivinin iştirakı ilə
hazırlanmış musiqi nömrələri
turistlər tərəfindən alqışlarla
qarşılanıb. Rayon MKS-nin turizm obyektlərində
təşkil etdiyi kitab
sərgisi də böyük maraq doğurub.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.9.