Gənc rəssamın ilk
sərgisi
İxtisasca həkim olan
Leyla Əzimbəyova bu
ildən Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında ikinci təhsil alacaq
Avqustun 26-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Leyla Əzimbəyovanın “Başlanğıc” adlı fərdi sərgisinin açılışı oldu.
Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığıyla keçirilən tədbirdə əvvəlcə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış etdi. Bildirdi ki, Leyla Əzimbəyova başqa bir peşənin sahibi olsa da, könlünü fırçaya verib və qəlbindən keçənləri rəsmlərində əks etdirməyə çalışıb: “Onun müxtəlif mövzularda çəkdiyi rəngkarlıq işlərində yüksək bədii keyfiyyətləri görmək mümkündür. İnanıram ki, onun ciddi uğurları hələ qarşıdadır”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd etdi ki, gənc rəssam mənzərə, natürmort, portret və digər janrlarda fırçasını sınayıb: “O, nizamlı, tarazlı düşüncələrin, rənglərin harmoniyasında gözəllik axtarır. Bu, rəssamın hər bir əsərində aydın hiss olunur”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov L.Əzimbəyovanın bu ildən rəhbəri olduğu akademiyada ikinci təhsil alacağını diqqətə çatdırdı: “Akademiyada bizim yaxşı sərgi salonumuz var. İnanmaq istərdim ki, yaxın gələcəkdə Leylanın orada da sərgisi açılacaq”.
Rəssamın əsərlərindən ibarət kataloqa ön söz yazmış sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev onun mövzu dairəsinin genişliyindən bəhs etdi: “Gənc rəssamın müxtəlif janrlara müraciət etməsi də bunun ifadəsidir. Hər hansı bir janr çərçivəsində qalmamaq, düşüncələrini müxtəlf forma-biçimdə, bədii şərhdə və koloritdə ifadə etməyi rəssamın yaradıcılığı üçün təbii saymaq olar”.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyeva öncə yaşadığı bölgədə rəssamlara yaradılan qayğıdan söz açdı, sonra gənc rəssam haqqında fikirlərini söylədi: “Onun yaradıcılığındakı mövzu müxtəlifliyi rəssamın daim axtarışda olduğunu göstərir. Bütövlükdə isə o, klassika və müasirliyi özünəməxsus yanaşma ilə bir kompozisiyada birləşdirərək maraqlı və səmimi əsərlər yaradıb”.
Çıxışlardan sonra iştirakçılar sərgi ilə yaxından tanış oldular. Sərgidə 33 əsər nümayiş etdirilir. Onların çoxu rəssamın ilk həvəskar axtarışları, bəziləri isə müxtəlif rəssamların əsərlərinin üzünün köçürülməsidir.
Bildirək ki, Leyla Əzimbəyova 1990-cı ildə Naxçıvan şəhərində anadan olub. İxtisasca həkimdir, bir sıra sərgilərin iştirakçısıdır. Sərgi bir həftə davam edəcək.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 31
avqust.- S.10.