“Azərbaycanın Gənc Dostları Klubu”nun həmsədrləri
ilə görüş
Bilik Fondunda “Azərbaycanın
Gənc Dostları Klubu” İctimai
Birliyinin həmsədrləri Salomeya Lukaite və Dimitrious Asproulisin gənclərlə
görüşü keçirilib.
Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq qonaqları salamlayıb, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin yaradılmasının əhəmiyyətini vurğulayıb.
Həmsədrlər ictimai birliyin məram və məqsədindən, yaranmasından ötən qısa müddətdə görülən işlərdən danışıblar. Bildirilib ki, çoxlu sayda xarici ölkələrin gəncləri kluba üzv olmaq üçün müraciət edirlər və onlar yaxın gələcəkdə Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək üçün mobil qrupa çevriləcəklər.
Görüşə paytaxtın Binəqədi, Yasamal, Sabunçu və digər rayonlarının gəncləri, Bakı Slavyan Universiteti, Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri, bu il bölgələrdə keçirilmiş “Beynəlxalq Multikulturalizm Yay Məktəbi”nin iştirakçıları qatılıblar.
Tədbirdə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin gələcəkdə görəcəyi işlərə dair müzakirələr aparılıb.
Qeyd edək ki, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən 18-27 iyul 2016-cı il tarixində təşkil olunmuş “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” yay məktəbində 16 ölkədən 50-dən çox tələbə iştirak edib.
Yay məktəbinin
iştirakçılarından Litva Pedaqoji Universitetinin tələbəsi
Salomeya Lukaite və Afina Universitetinin
(Yunanıstan) tələbəsi Dimitrious Asproulisin təşəbbüsü ilə “Azərbaycanın
Gənc Dostları Klubu” İctimai
Birliyi yaradılıb. Birliyin
təsis yığıncağı 6 iyun
2016-cı il tarixdə olub
və qurum Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində qeydiyyata
alınıb.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.12.