Şair qəlbli tarzən
Tanınmış tarzən, Əməkdar
incəsənət xadimi Mənsur Mənsurov
ömrünün 60 ilini
musiqiyə həsr edib. O, məşhur
tarzən Sadıqcanın ifaçılıq ənənələrindən
ustalıqla bəhrələnib.
Mənsur Məşədi Məlik oğlu Mənsurov 1887-ci ildə Bakıda dünyaya göz
açıb. On bir yaşında mədrəsəyə daxil
olur, burada fars dilini
öyrənir. Lakin musiqi
onun qəlbini öz sehrinə salmışdı. Bir
gün dərs zamanı Mənsur taxta parçasını
tar kimi sinəsində
tutub Uzundərə havasını zümzümə
edir. Bunu görən molla onun ayaqlarını falaqqaya saldırır və o, mədrəsəni
birdəfəlik tərk
edir...
O vaxtdan Mənsur taleyini musiqiyə bağlayır. Əlbəttə, bu təsadüfi
deyildi. Çünki Məşədi Məlikin ailəsi musiqi aləmi ilə sıx bağlı idi. Atasının tar, kamança, tütək,
böyük qardaşı
Məşədi Süleymanın
tar, anası Soltan Bəyimin isə saz çaldığının
şahidi olmuşdu.
Tarzən uşaqlıq
illərini belə xatırlayırdı: On beş
yaşım olanda atam mənə bir qoltuq sazı
aldı. Çox keçmədi saz
çalmağı öyrəndim.
Hərdən qardaşım Süleymanın
tarını da götürüb oyun havalarını çalardım.
Atam musiqişünas olmaqla bərabər, həm də çox qonaqpərəst idi.
İrandan, Qarabağdan və
başqa yerlərdən
Bakıya gələn
musiqiçilər bizim
evə düşərdilər.
Hacı Hüsü, Məşədi İsi, Mirzə Sadıq (Sadıqcan), Əbdülbaqi
Bülbülcan kimi məşhur sənətkarlar
Bakıya toy məclislərinə
dəvət olunanda həftələrlə atamın
qonağı olardılar.
Bizim evə Bakıda yaşayan xanəndə Baladadaş, tarzən Zeynal, Mirzə Fərəc və başqaları da tez-tez gələr, çalıb-çağırardılar.
Mənsur bu görkəmli sənətkarların ifalarını
dinlədikcə musiqiyə
dərin maraq yaranır. İlk tar müəllimi isə Mirzə Fərəc olur. O, tar çalmağı
öyrətməklə bərabər,
həm də muğamların adları,
onların mənası,
hissə və şöbələri haqqında
da maraqlı bilgilər verirdi.
Beləliklə, Mənsur 20-25 yaşlarında
kamil tarzən kimi tanış-qohum məclislərinə dəvət
olunur. 1920-ci ildən
o, Şərq konservatoriyasında,
1923-cü ildən isə
Üzeyir Hacıbəylinin
təşkil etdiyi Dövlət türk musiqi məktəbində
tar dərsi deyir.
1926-cı ildə musiqi məktəbi konservatoriya ilə birləşdirilir. Mənsur konservatoriyaya
dəvət edilir, burada 1946-cı ilədək
fəaliyyət göstərir.
İstedadlı tar müəllimi
kimi Üzeyir bəyin ən yaxın köməkçilərindən
olur.
O həm də tar alətinin quruluşunda (pərdələrin qoşulmasında,
tar aşıqlarının möhkəmləndirilməsində və s.) bəzi dəyişiklik edib. Hətta yeni quruluşda bir tar da hazırlayıb. Onun
1934-cü ildə yeni
quruluşda hazırladığı
iki tardan biri Parisdə, digəri İstanbulda incəsənət alətləri
sərgisində müvəffəqiyyətlə
nümayiş etdirilib.
Gənclik illərində olduğu kimi, ömrünün ixtiyar çağlarında
da Rast, Bayatı-İsfahan muğamlarını
özünəməxsus ustalıqla
ifa edib. Mahur-hindi muğamını
səsləndirən zaman
dinləyicilərə elə
gəlirmiş ki, tarı 30-35 yaşında
bir tarzən sanballı mizrabları, iti barmaqları ilə dindirir. Xüsusilə, tarın cingənə
simlərində Sadıqcanın
mizrablarını vuranda
dinləyiciləri məftun
edərmiş.
Görkəmli musiqişünas Firidun
Şuşinskinin Azərbaycan
xalq musiqiçiləri
kitabında Ü.Hacıbəyli
tərəfindən 1934-cü ildə Mirzə Mənsura verilən xasiyyətnamədən də
söz açılır:
...Mənsur Mənsurov
1926-cı ildən indiyə
kimi Azərbaycan Dövlət Konservatoriyasında
tar müəllimi vəzifəsində
çalışır. Bu dövr
ərzində bir tar müəllimi kimi özünü ən işgüzar və ən yüksək ixtisas sahibi kimi göstərib. Bundan əlavə, o, tələbələr
tərəfindən muğamların
bədii cəhətdən
düzgün çalınmasına,
kamil öyrənilməsinə
böyük əmək
sərf edib. Eyni zamanda xalq çalğı
alətləri üçün
proqram tərtib edilməsində, tarın
və başqa alətlərin yenidən qurulmasında, onların gözəl səslənməsi
tədbirlərində fəal
iştirak etmişdir.
O, bütün müəllimlik
fəaliyyəti illərində
özünü fəal
və hörmətli bir pedaqoq kimi
göstərmişdir.
Sənətkar ölkəmizdə istedadlı
musiqiçilər nəslinin
(Səid Rüstəmov,
Xurşid Ağayeva, Ənvər Mənsurov (Mənsur Mənsurovun oğlu), Rəşid Əfəndiyev və b.) yetişməsində rol oynayıb. Şair ürəkli sənətkar
həm də bir çox qəzəl və qoşmaların müəllifi
kimi tanınıb.
Tarzən Mənsur Mənsurovun pedaqoji fəaliyyəti və incəsənət sahəsindəki xidmətləri
hökumət tərəfindən
yüksək qiymətləndirilir. Ona 1940-cı ildə Əməkdar incəsənət xadimi fəxri adı verilir.
Görkəmli tarzən və qayğıkeş müəllim
1967-ci ildə dünyasını
dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 31
avqust.- S.15.