Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinə yekun vuruldu

 

 

   Dekabrın 1-də Şəki Dövlət Dram Teatrında “Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçirildi.

   Mərasimdən öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında iştirak edən qonaqlar teatrın foyesində türkdilli ölkə rəssamlarının rəsm sərgisi ilə tanış oldular.

   Məlumat verildi ki, hər il keçirilən ənənəvi rəsm sərgisi bu dəfə Şəki şəhərinə həsr olunub. Sərgidə Şəkinin tarixi, müasir inkişafı və adət-ənənəsinin kətana köçürüldüyü 50-dək rəsm əsəri nümayiş olunur. Qeyd olundu ki, əsərlərin bir qismi Şəki Dövlət Rəsm Qalereyasında, bir qismi isə TÜRKSOY-un Ankarada yerləşən mənzil-qərargahında saxlanılacaq.

   Daha sonra ən yaxşı rəsm əsərinin müəllifi mükafatlandırıldı. Mənsur Əzizliyə "TÜRKSOY birliyi Şəkidə" adlı əsərinə görə qurumun mükafatı təqdim olundu.

  

   * * *

   “Şəki - Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi şəhərin müasir mədəni həyatını əks etdirən videoçarxın nümayişi ilə başlandı.

   Sonra türkdilli xalqların musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olundu.

   Konsertdə qardaş xalqların himni səsləndi. "Biz iki dövlət - bir millətik", "Azərbaycan", özbək mahnısı "Çayxana", "Şəki", "Çırpınırdın, Qara dəniz", türkmən mahnısı "Seypelmenek" və digər türk xalqlarının mahnı və rəqsləri ifa olundu.

   "Zirvə" xalq instrumental ansamblının müşayiət etdiyi konsert proqramının bədii rəhbəri Şəki şəhər 1 saylı İncəsənət məktəbinin direktoru Eldar Rəcəbov idi.

   Konsertdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək "mədəniyyət paytaxtı" ilinin Şəkidə zəngin mədəni tədbirlərlə yadda qaldığını dedi: "Bu il Şəkidə bütün türk dünyasının mədəni vəhdətinin nümayişi oldu. Bu tədbirlər bizim qardaşlığımızı daha da möhkəmləndirdi, mədəni əlaqələri gücləndirdi. Bu, TÜRKSOY-un fəaliyyət istiqamətinin əsas qayəsidir. İnanıram ki, türk dünyasının mədəni zənginliyi vahid bir mədəniyyət kimi dünyada daha geniş təbliğ olunacaqbizim əlaqələrimiz daha da güclənəcək".

   TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkinin "Türk dünyasının mədəniyyət paytaxtı" adını yüksək səviyyədə təbliğ etdiyini dedi. Bildirdi ki, Şəki şəhəri ilə mədəni əlaqələr bundan sonra da davam etdirilərək onu nəinki türk dünyasında, bütün dünyaya tanıdacağıq.

   Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov "Türk dünyası mədəniyyət paytaxtı"nın rəmzini Qazaxıstanın Türkistan şəhərinin meri Alembek Usambayevə təqdim etdi.

   Qeyd edək ki, TÜRKSOY-unTürk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişəhər, 2014-cü ildə Tatarıstanın Kazan, 2015-ci ildə Türkmənistanın Marı şəhəri “paytaxtelan olunub.

  

   Fariz

 

 Mədəniyyət.-2016.- 2 dekabr.- S.2.