Bəstəkar və pedaqoq
Adilə Yusifovanın yubileyi qeyd edilib
Dekabrın 1-də Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə Kamera və Orqan Musiqisi Zalında bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Adilə Yusifovanın yubiley gecəsi keçirildi. Tədbirdə yubilyarın “Mən bu dünyaya mübarizə üçün gəlmişəm” kitabının təqdimatı da oldu.
Tədbiri giriş sözü ilə Fikrət Əmirov adına 6 saylı onbirillik Uşaq incəsənət məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Aytən Manafova açaraq yubilyarın ömür yolundan danışdı. Qeyd etdi ki, A.Yusifova Bakı Musiqi Akademiyasının Bəstəkarlıq şöbəsində professor C.Hacıyevin sinfində təhsil alıb. Təhsilini uğurla başa vurduqdan sonra A.Zeynallı adına Bakı Musiqi Texnikumunda dərs deyib. Sonra Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim işləyib, 2006-cı ildən dosent, 2012-ci ildən professor vəzifəsində çalışır. 1992-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova isə yubilyarın zəngin yaradıcılıq yolundan söz açdı. Bildirdi ki, Adilə Yusifova müxtəlif janrlarda əsərlər bəstələyib. Tar və piano üçün “Alov” fantaziyası, violin, violonçel, fleyta və piano üçün “Qadın obrazlarının siluetləri”, “Sehrli sandıq” uşaq tamaşası və s. əsərləri musiqisevərlər tərəfindən maraqla qarşılanıb. O, həmçinin dərs vəsaiti və kitabların müəllifidir.
Əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov və başqaları çıxış edərək Adilə Yusifovanın “Mən bu dünyaya mübarizə üçün gəlmişəm” kitabından bəhs etdilər, müəllifə yaradıcılıq uğurları arzu etdilər.
Çıxışlardan sonra söz musiqiyə verildi. C.Hacıyev
adına 3 saylı Uşaq musiqi məktəbinin “Renessans” xorunun və F.Əmirov adına 6 saylı Uşaq incəsənət məktəbinin
“Odlar Yurdu” rəqs kollektivinin ifasında bəstəkarın
B.Vahabzadənin və
İ.Tapdığın sözlərinə
yazdığı “Yaz
nağılı” kantatası,
Əməkdar artistlər
Rəsmiyyə Babayeva,
Səidə Tağızadə
və başqalarının
ifasında “Freska”, “İki səs”, “Xəyallarımdakı şəhər...”
əsərləri ifa
olundu.
Sonda yubilyar çıxış
edərək tədbirin
təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.-2016.- 2 dekabr.-
S.2.