Türk dünyası sənədli
filmlər festivalının nəticələri müzakirə
edilib
İstanbulda Türk dünyası sənədli filmlər festivalının nəticələrinə həsr olunmuş toplantı keçirilib. Layihə Dünya Jurnalistlər Federasiyasının təşkilatçılığı və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə reallaşıb.
Mətbuat Şurasından bildiriblər ki, tədbirə Türkiyə və Azərbaycan ilə yanaşı, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan və Şimali Kiprdən nümayəndələr qatılıb.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, türk xalqlarının daşıdıqları dəyərlər demək olar vahid təbiətə malikdir. Bu tədbirlər xalqların bir-birinə daha sıx şəkildə yaxınlaşması, ortaq maraq və mənafelərin dünyaya çatdırılması baxımından son dərəcə vacibdir. “Bu xüsusda Azərbaycanın rolu da böyükdür. Azərbaycan türk xalqlarını birləşdirən çoxsaylı təşkilatlarda fəal şəkildə təmsil olunur. Bir sıra birliklərin yaranmasında təşəbbüskar qismində çıxış edir”, - deyən Ə.Amaşov bildirib.
Vurğulanıb ki, qarşılıqlı əməkdaşlıq türk xalqlarının qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir. Dünya Jurnalistlər Federasiyası da bu festivalı təşkil etməklə ortaq türk maraqlarının təbliğini, türk xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyasını hədəf seçib: “Azərbaycandan Mətbuat Şurası olaraq biz bu vacib missiyaya dəstək veririk. Festivalda ölkəmizin sənət adamlarının ərsəyə gətirdikləri 7 ekran əsəri təmsil olundu. Radion İsmayılovun “Doğma ocağı” filmi 3-cü yerə layiq görüldü. Digər iki filmimiz isə ayrı-ayrı nominasiyalar üzrə mükafatlandırıldı”.
Toplantıda digər
çıxış edənlər də festivalın əhəmiyyətindən
söz açıblar. Bildirilib
ki, müxtəlif vaxtlarda
türklərin tarixi
saxtalaşdırılıb, türk milli kimliyi məsələsi
şübhə altına alınıb, türklərin assimilyasiya prosesləri geniş
vüsət alıb. Bu kimi
mənfi proseslərin təkrarlanmaması üçün
mənəvi müqavimət formalaşdırmaq
lazımdır. Sənədli filmlər festivalı bu yöndə mühüm
təşəbbüsdür.
Mədəniyyət.-2016.- 2 dekabr.-
S.6.