“Sülh 50”
ünvanındakı məşhur evin
sahibəsi
“Bəzən konsertlər axşam saat 10-da qurtarırdı. Amma dostlarımız bu saatdan sonra da bizə gəlirdilər. Bilirdilər ki, biz onların hər gəlişinə sevinirik. Şura vəfat edəndə dostlarımız “Sülh 50” ünvanındakı məşhur evin sahibəsi dünyadan getdi” dedilər...”
“Sanki vaxt
yenidən geri döndü. Və sən mənə ilk çiçəkləri verirsən...
Səninlə birlikdə uşaqları
“Sülh 50” ünvanındakı
evimizə toplayırıq”...
Bu cümlələr
TÜRKSOY-un baş katibi
Düsen Kaseinov və xanımı
Aleksandra Kaseinovanın ilk səhnə
duetində birgə ifa etdikləri mahnıdan bir parçadır. İfa
ilk dəfə 15 il öncə Qazaxıstanın keçmiş
paytaxtı Almatıda
keçirilən “Almatı
- mənim ilk məhəbbətim”
adlı dördüncü
retro festivalda səslənib.
Bundan öncəki festivallara Kaseinovlar tamaşaçı
kimi qatılmışdılar,
indi isə onlar səhnədə idilər. Aleksandra məlahətli səslə
ifaya başlayır, bir qədər sonra isə Düsen bəy əlində skripka səhnəyə gəlir
və möhtəşəm
bir duet-ifa alınır.
Düsen Kaseinovla söhbətimizə
başlamazdan öncə
həmin ifanın videoyazısını birlikdə
izlədik. Həyatda onları
tanıyan insanlar üçün uğurlu,
nümunəvi cütlük
olan Kaseinovlar səhnədə də necə xoşbəxt görünürlər. Onların dueti
zaldakı tamaşaçıları
vəcdə gətirmişdi
və alqış selinə bürümüşdü.
Artıq tale, amansız
əcəl onları bir-birindən ayırıb...
Düsen bəylə bu
dəfə həmişəkindən
fərqli mövzuda söhbət edəcəyik.
Bu mövzuda mənim
üçün sual vermək, onun üçün isə bir neçə ay öncə həyatdan getmiş Aleksandra Kaseinova haqqında keçmiş zamanda danışmaq ağırdır.
Bir mahnının tarixçəsindən...
Düsen bəy söhbətə az öncə
dinləyib seyr etdiyimiz mahnının tarixçəsindən söz
salaraq başlayır.
- “Köhnə
ev” mahnısının
sözləri bizə
əziz olan evimizdən bəhs edir. Almatıda Sülh küçəsi
50 ünvanında yerləşən
bu evdə 70-80-ci illərdə yaşamışıq.
Şura
(Düsen bəy xanımını çox
vaxt belə çağırarmış) müğənni
kimi heç vaxt böyük səhnəyə çıxmamışdı.
Amma həmin ifa çox uğurlu alınmışdı. Ona görə
də dostlarım yarızarafat - yarı tənə ilə deyirdilər ki, sən onu əvvəlcə
pianoçu, sonra isə müğənni kimi parlamağa qoymadın. O, əvvəlcə
uşaqlarımızı, sonra
isə nəvələrimizi
tərbiyə edib böyütmüşdü. Belə alınmışdı
ki, bizim dostlarımızın çoxu
evli deyildi. Biz isə tez
ailə qurmuşduq.
Artıq
5-6 yaşlarında iki
qız övladımız
da vardı. Biz Karaqandadan Almatıya
gəlmişdik və
o zaman nə qohumumuz, nə imkanlı valideynlərimiz
var idi. Lakin bütün bunlara baxmayaraq bizim mənzilə bütün
dostlarımız toplaşırdı.
İlk vaxtlar mənzilimizi tez-tez dəyişməli olurduq. Sonra Sülh küçəsi
50 ünvanında məskunlaşdıq.
Təbii ki, mən o
zaman çox məşğul idim.
Təkcə konservatoriyada çalışmırdım,
konsert turnelərimiz də olurdu. Bütün qohumlarımı, dostlarımı
Şura qəbul edirdi. Bizim evimiz tarixdə ən qonaqpərvər ev kimi qaldı. Bu evə
gələcəyin məşhur
şairləri, yazıçıları,
musiqiçiləri, məmurları,
nazirləri toplaşırdılar.
Beləliklə, dostlarımızdan
biri 15 il
əvvəl bu mahnını yazdı. Bu mahnı bizim
həyat hekayəmizdir.
Çünki o özü bizim
evdə olduğu üçün hər şeyi görüb bilirdi. Məsələn, dostlarımızdan biri digərindən soruşurdu ki, dünən harada idin, cavab verirdi
ki “Sülh 50”də.
Bu, hər kəs
üçün Şura
və Düsenin ünvanı idi. Bəzən konsertlər axşam saat 10-da, 11-in yarısında
qurtarırdı. Amma dostlarımız
bu saatdan sonra da bizə
gəlirdilər. Bilirdilər ki,
biz onların hər gəlişinə sevinirik.
Ona görə də Şura vəfat edəndə dostlarımız “Sülh
50” ünvanındakı məşhur
evin sahibəsi dünyadan getdi” dedilər...
“Ailə naminə hər şeyi qurban verməyə hazır idi”
Düsen bəy Aleksandra ilə hələ yetkinlik yaşlarından dostluq etdiklərini, o zaman Şuranın 14, onun isə cəmi 13 yaşı olduğunu deyir:
- Biz bir yerdə böyümüşdük. 13 yaş şəxsiyyətin formalaşması dövrüdür. Ona görə də biz hər ikimiz bir-birimizə təsir etmişdik. Mən skripkaçı, o da pianoçu idi. Bizim ümumi maraqlarımız var idi və bu, ilk qarşılıqlı anlayış idi. Digər tərəfdən o, açıq, xeyirxah, həssas insan idi. Şuranın həssaslığı, insanı anlama bacarığı mənə çox şey öyrətdi. O, kimisə kəskin şəkildə müzakirə etməzdi. Deyirdi ki, insan səhv edib və bu səhvi düzəldə bilər. Onu dərhal aşağılamaq, məhv etmək lazım deyil. Ümumiyyətlə, alicənab insan idi. Bütün ömrünü mənə və ailəyə həsr etdi.
Gənc cütlük öz ali musiqi təhsilini Almatıda davam etdirmək qərarına gəlir. Ailədə ondan başqa da bacı-qardaşlarının olduğunu düşünən Düsen bəy oxumaqla yanaşı, həm də çalışmağa başlayır. Bu mərhələdə də yenə Şura ona dəstək olur:
- Konservatoriyaya daxil olandan bir neçə ay sonra valideynlərimə yazdım ki, mənə pul yollamaya bilərsiniz, artıq işləməyə başlamışam. Şura isə həyatının ilk qurbanını verdi: o konservatoriyanı tərk etmək və uşaqları tərbiyə etmək qərarına gəldi. Əslində, çox istedadlı idi. Elə buna görə də uşaqlar bir qədər böyüdükdən sonra o həm dərs deyir, həm də konsertmeyster kimi çalışırdı. Hətta uşaqlar bağçaya getdikdə onlarla birlikdə olmaq üçün akkordeonda çalmağı da öyrəndi. Uşaqlarımızı bağçaya ona görə götürdülər ki, oraya həm bədii rəhbər, həm də akkordeonda çalmağı bacaran adam lazım idi. Şuranın xeyirxahlığı, uşaqlara sevgisi də var idi. O, uşaqlara laqeyd münasibət göstərən valideynlərə görə çox narahat olurdu.
Düsen Kaseinov skripka ifaçılığı ixtisası üzrə Moskvada aspiranturaya daxil olan ilk qazax olub. Özünün dediyi kimi, belə bir xoşbəxtlikdən imtina etmək mümkün deyildi və bunu Şura da gözəl anlayırdı. Və budur, növbəti fədakarlıq...
- Moskvada oxuduğum iki il müddətində Aleksandra qızlarımızla Karaqandada yaşadı və mənə pul yollayırdı ki, təhsilimi davam edim. Şura ailə naminə hər şeyi qurban verməyə hazır idi. Mən Moskvadan qayıdanda artıq biz Almatıya getdik. Həmişə düşünürdüm ki, evdə bir arxam, dayağım var. Mən də atama bənzəyirdim. Çünki atam evə gəlir və müşahidə etmirdi ki, məsələn, anam divara xalça vurub. “Sən heç olmasa bir şey de”, - anam ona deyirdi. Atam isə, sən nə vaxt asdın ki, bu xalçanı, soruşurdu.
Mən ev təsərrüfatında heç nə bilmirəm. Hər şeylə o özü məşğul olurdu. Ütü qırılır, mebel zədələnir - özü öhdəsindən gəlirdi. Şuranı tanıyanlar onun həm də çox dadlı yemək hazırladığını bilirlər. Adi kartofu elə hazırlayıb süfrəyə gətirirdi ki, hamı soruşurdu, bu kartofu haradan almısınız. Aleksandra paltarlarını da özü tikirdi. O, heç vaxt xüsusi bahalı geyimlər almırdı. Bir şeyi alıb ona elə əl gəzdirirdi ki, hamı elə bilirdi ki, marka məhsuldur. Bir sözlə, özü-özünün modelyeri idi. O, çox məşhur müğənni ola bilərdi. Amma özünü ancaq həyat yoldaşı, ana, sonra isə nənə kimi formalaşdırdı. Həm güclü, həm də bacarıqlı qadın idi.
Baş tutmayan “Qızıl toy”
Növbəti ildə evliliklərinin 50 illiyini, yəni “Qızıl toy”larını qeyd etməyə hazırlaşırdılar. Lakin qismət olmadı. “Şura Türkiyəni, dənizi çox sevirdi. Elə ürək tutması da onu dənizdə yaxaladı...”, - deyir Düsen bəy.
“Alicənablıq ən vacib insani hislərdir. Əgər insan öz ailə, qohum, xalqına qarşı belədirsə, deməli, yaxşı insandır”, - bu, Aleksandra Kaseinovanın gündəliyinə yazdığı kəlmələrdir. Onu tanıyan hər kəs olduqca insanpərvər bir qadın olduğunu söyləyir. Düsen bəy isə deyir ki, biz öncə uşaqları, sonra nəvələri yaxşı tərbiyə etmək, valideynlərimizə, dostlara kömək etmək istəyirdik:
- Bəzən qadın başqa işləri görür, öz uşaqlarını tərbiyə edə bilmir. O, bədbəxt insandır. İndi şadam ki, əvvəlcə qızlarımızda, indi isə nəvələrimizdə o zəhmətin nəticələrini görə bilirik. Ailədə hər kəs musiqiçidir. Vacib deyil ki, peşəkar musiqiçi olsunlar. Baxmayaraq ki, artıq onlardan ikisi Avstriyada musiqi akademiyasında təhsil alır. Digər nəvəm isə Amerikada yaşayır, fizika ilə məşğul olur. Həm də pianoçudur. Onlar özləri seçəcək kim olacaqlarını. Amma bütün qohumlara deyirəm ki, hər ehtimala qarşı uşaqlara musiqi öyrədin. O zaman daha fantaziyalı, ağıllı, yaradıcı olacaqlar. Məsələn, nəvələrim Avstriyada dostlarını toplayıb nənəsinin yas mərasimini verib. Süfrəyə qoyduqları hər şeyi öz əlləri ilə hazırlayıblar. Nyu-Yorkda yaşayan nəvəm anasının rəfiqələrini bir araya gətirib nənəsini anıb. Mən artıq Şuranın tərbiyəsinin nəticələrini nəvələrimizdə görürəm. Bu da indi mənim qəlbimin balzamı, ruhumun rahatlığıdır. Və artıq əminəm ki, mən də nə vaxtsa dünyadan gedəndə onlar bunu gələcək nəsillərə verəcəklər.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.-2016.- 2 dekabr.-
S.10.