Şəki və Fransanın Kolmar şəhəri arasında əməkdaşlıq davam edir

 

 

 

   Şəki şəhərinin nümayəndə heyəti Fransanın Kolmar şəhərində səfərdədir. Səfər ötən il iki şəhər arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində təşkil edilib. Milli Məclisin deputatı Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.

   Turizm bürosunda keçirilən görüşdə ölkəmizin bu sahədəki potensialına toxunulub, bu istiqamətdə təcrübə mübadiləsi nəzərdən keçirilib. Nümayəndə heyətinin üzvləri Kolmar şəhərindəki un məmulatları müəssisəsində, şərabçılıq zavodunda istehsal təcrübəsi ilə tanış olublar. Mədəniyyət, turizmiqtisadiyyat sahələrində ikitərəfli əlaqələrin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

   Nümayəndə heyəti Kolmarda ənənəvi Milad bayramı bazarının açılışında iştirak edib. Mərasimdə şəhərin meri Jilber Meyer Azərbaycan ilə əlaqələrdən danışıb.

   Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, iki şəhərin adamlarının görüşləri təşkil olunub, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq uğurla davam edir. Kolmar şəhərinin fransız dili müəllimləri Şəki şəhərinin məktəblərində fransız dilinin tədrisində iştirak edirlər. Gələcəkdə Kolmar və Şəki şəhərləri arasında qardaşlaşma barədə protokolun imzalanması gözlənilir.

   Kolmar şəhərinin meri Jilber Meyer deyib ki, birgə layihələrin həyata keçirilməsi bizə bir-birimizi daha yaxından tanımağa imkan verir. Mer Şəki şəhərinin bir sıra təhsil müəssisələrində fransız dilinin tədrisi sahəsində başlanılan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyini bildirib.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.11.