Mücərrədlik - gerçəkliyin yoxluğu

 

 

 

   Dünyada indi ən populyar rəssamlıq cərəyanlarından olan abstraksionizmin (mücərrədçilik) yaradıcısı, məşhur rus rəssamı, təsviri sənət nəzəriyyəçisi, qrafika ustası Vasili Kandinski 1866-cı ilin dekabrında Moskvada doğulub. Valideynləri ayrıldıqdan sonra anası balaca Vasili ilə Odessaya köçür. O, gimnaziya təhsilindən sonra Moskva Universitetinin hüquq fakültəsində oxuyur, sonra siyasi iqtisadstatistika kafedrasında dissertasiya müdafiə edir.

   V.Kandinski uşaqlıqdan rəsm çəksə də, ömrünü elmə həsr etmişdi. O, 30 yaşında elmdən ayrılıb taleyini bütünlüklə təsviri sənətə bağlayır. Bu məqsədlə Almaniyanın Münxen şəhərinə yollanır. Burada məşhur sloven rəssamı Anton Ajbenin özəl rəssamlıq məktəbinə gedir. Rəssamlıq biliyini daha da artırmaq istəyilə Kral Akademiyasının professoru Frans fon Ştukdan ustad dərsləri alır. Gənc rəssam dünyanı dolaşmaq arzusunda idi. Ona görə əlinə girəvə düşdükcə səyahətə çıxardı. Bu illərdə rəssam İtaliyaya, Fransaya, Şimali Afrikaya gedir.

   1914-cü ildə I Dünya müharibəsi başlananda V.Kandinski Moskvaya qayıtdı. Oktyabr çevrilişindən (1917) sonra Rusiyanın mədəni həyatında fəal iştirak etməyə başladı. Moskvada Mədəniyyət İnstitutunun monumental sənət bölməsinə rəhbərlik edən rəssam muzeylərin yaradılmasında, sərgilərin açılmasında iştirak edirdi. Həm də yaradıcılıqla ciddi məşğul olur, böyük tablolar yaradırdı. İnqilabın ilk illərində bolşeviklər Rusiyada avanqard sənət cərəyanlarına loyal yanaşırdılar. Aleksandr Rodçenko, Mark Şaqal, Kazimir Maleviç, Mixail Larionov, Pavel Filonov kimi müxtəlif cərəyanların nümayəndələri ciddi yaradıcılıqla məşğul idilər.

   1921-ci ildə onun təşəbbüsü ilə Bədii Elmlər üzrə Dövlət Akademiyası yaradılır. Akademiya 1930-cu ilə qədər fəaliyyət göstərir. V.Kandinski onun beynəlxalq filialının açılması məqsədilə Almaniyaya gedir. Orada onu yaxşı tanıyırdılar. OnuBauhauza (1919-1933-cü illərdə Almaniyada fəaliyyət göstərən memarlıq, rəssamlıq, dizayn məktəbi) dəvət edirlər, tanınmış Avropa rəssamları Leon Feyninger, Paul Klee və başqaları 1919-cu ildən burada dərs deyirdilər. 1933-cü ildə Almaniyada nasional-sosialistlər hakimiyyətə gəlir.Bauhauz” fəaliyyətini dayandırır. Kandinski Fransaya gedir. 11 il sonra Parisdə onun son fərdi sərgisi açılır və 1944-cü ilin dekabrında vəfat edir.

   Kandinski professional rəssamlıqla gec məşğul olmağa başlayıb. Tələbəlik illərində rəngli reproduksiyalar çap eləyən mətbəədə işləmişdi, burada Repin, Levitan kimi rəssamların yaradıcılığı ilə tanış olmuşdu. Həmin illərdə fransız rəssamı Klod Monenin bəzi əsərlərinin reproduksiyasını görmüşdü. Monedən sonra Sezann, Matiss Pikasso sənəti onu özünə cəlb eləmişdi.

   Sənətinin erkən dövrlərində rəssam əlvan işıqlı boyalara üstünlük verirdi, amma çəkdiyi kompozisiyalar onu qane etmirdi. Sonralar o, improvizasiyalar üzərində işləməyə başlayacaq, bunlarda gerçək formalar öncəkilərdən artıq deformasiyaya uğrayacaq, tablolar daha da “şifrələnəcək” və bu axtarışlar, eksperimentlər o həddə gəlib çatacaq ki, onun abstrakt əsərlərində formalar bütünlüklə yoxa çıxacaq. Kandinskinin əsərləri bizə nə deyir? O hansı düşüncə formasını tamaşaçıya təqdim edir. Adətən insan dünyadakı predmetləri ilk baxışdan tanıyır, dəyərləndirir. Sənət əsərlərində də ilk baxışdan inanma, anlama, qəbuletmə başlıcadır. Kandinskinin əsərləri tamaşaçıya nə ilk, nə də sonradan inandırıcı düşüncə verir. Tamaşaçının əsər üzərində düşünmək üçün əsası olmayanda o, təsvir olunana inana bilmir. İnandırıcılıq sənətin başlıca özəlliyidir. Mücərrədlik gerçəkliyin yoxluğudur. XX yüzil rəssamlarının başlıca yönü sənətdə gerçəkliyin asılılığından çıxmaq idi. Nə olur-olsun, gerçəklik həyatdakı kimi olmasın. Beləliklə, mücərrədliyin özü bir gerçəkliyə çevrilir. Bəs hansı gerçəkliyə? Yalnız rənglərlə yaradılmış, həyatdakı heç nəyə oxşamayan gerçəkliyə.

   Əslində mücərrəd sənət 20-ci yüzildə yaranmayıb. Şərqdə geniş yayılmış naxış, bəzək, xəttatlıq, eləcə də əbru sənətində abstraksiyaya rast gələ bilərik. Bununla yanaşı, abstrakt əsərlər adlarını çəkdiyimiz sənətlərdən fərqli olaraq dekorativ deyil. Kandinski təbiətdəki sənətin gerçək dünyanın arxasındakı mahiyyəti göstərməyə qadir olduğuna inanırdı. İlk dəfə olaraq oKazimir Maleviç abstrakt əsərlərin ilk örnəklərini yaradıblar. Abstrakt sənət yeni bir rəssamlıq yoludur. Uzun zaman buna qarşı olanlar sonradan realist əsərlərində mücərrəd üsullardan istifadə ediblər. Qərbdə naturanın önəmsizliyini, anatomik bilgilərin sənətçi üçün gərəksiz olduğunu ortaya qoyanlar indivar.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 2 dekabr.- S.13.