Mədəniyyətlərarası dialoqdan təhlükəsizliyə, sülhdən
davamlı inkişafa
UNESCO-da keçirilən konfransda
Azərbaycanın dəstəyi ilə hazırlanmış
kitabın təqdimatı olub
UNESCO-nun baş qərargahında “İrs naminə birlik” kampaniyası çərçivəsində “Mədəniyyətlərarası dialoqdan insan təhlükəsizliyinə, sülhdən davamlı inkişafa” adlı konfrans keçirilib.
Konfrans zamanı ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimovun moderatorluğu ilə “Hədəfimiz irs: dialoq vasitəsilə irsin qorunması - yeni paradiqmalar axtarışında” adlı yüksək səviyyəli panel müzakirələri keçirilib.
Panel müzakirələrində Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatının rəhbərləri iştirak ediblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, 2017-ci il mayın 5-6-da Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib. Nazir bugünkü mürəkkəb dünyada mədəni irs abidələrinin müdafiəsi, mədəniyyətlərarası dialoqun əhəmiyyətindən söz açıb. O, ölkəmizdə müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələrinin əsrlərdir sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamasından danışıb. Ölkəmizin mədəniyyətlər və dinlərarası dialoq platformasına çevrildiyi vurğulanıb.
Digər natiqlər də mədəniyyətlərarası dialoqun əhəmiyyətinə toxunublar.
Müzakirələrdə bildirilib ki, hazırda beynəlxalq ictimaiyyət Yaxın Şərq və digər bölgələrdə mədəni və dini irs abidələrinin qəsdən və vəhşicəsinə məhv edilməsi ilə üzləşir. Bu dağıdıcı prosesin əsas səbəbi hərbi münaqişələr və terrorçu qrupların fəaliyyətidir. Bu problemlər qlobal sülh və dinlərarası harmoniyanın qorunub saxlanmasına ciddi təhdidlər yaradır.
Qeyd edək ki, toplantının əsas məqsədi hədəfə alınmış irs abidələrinin qorunması üçün profilaktik vasitə kimi dialoqun rolunu vurğulayaraq belə abidələrin məhv edilməsinə qarşı mübarizədə yeni paradiqmalar tətbiq etməkdir. Panel iştirakçıları təmsil etdikləri təşkilatların profilinə uyğun bu mövzuları təhlil ediblər.
Toplantıda Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə ingilis və fransız dillərində hazırlanmış “Mədəniyyət mülkiyyətinin qorunması haqqında hərbi məlumat kitabı”nın təqdimatı olub. Kitab hərbi münaqişələr zamanı dini və mədəni irs abidələrinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
“Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
Biz Azərbaycan dövləti ilə tərəfdaşıq. Bu gün beynəlxalq təşkilatların Azərbaycan dövlətinin təşəbbüsünə, xüsusilə də Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş və gələn ilin mayında Bakıda keçiriləcək Foruma hazırlığa göstərilən dəstəkdən çox məmnunuq.
Bu fikri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir mətbuata açıqlamasında söyləyib.
“Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirirəm. Bu, böyük təşəbbüsdür. Biz Bakı Forumunun tərəfdaşlarından biriyik. Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edirik. Cari ilin aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu böyük müvəffəqiyyətlə keçdi. Biz ölkənizlə tərəfdaşlıqdan çox razıyıq. Dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan hökuməti ilə əməkdaşlıq etməkdən məmnunuq”, - deyə Nasir Əbdüləziz Əl-Nasir bildirib.
“Turizm mədəniyyətlərarası dialoq sahəsində də böyük rol oynayır”
Dünya ölkələrinin terrorizm, qaçqın böhranı kimi problemlərlə üzləşdiyi bir dövrdə Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çox vacibdir. Azərbaycan hökuməti müxtəlif mədəniyyətlərin yaxınlaşmasında aparıcı rol oynayır.
Bu fikri isə AZƏRTAC-a müsahibəsində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının regional direktoru və baş katibinin müşaviri Əmr Abdel Qaffar deyib.
O bildirib ki, multikulturalizm, tolerantlıq sülhün
yaradılmasında vacib
amillərdir. UNESCO-nun bugünkü yüksək
səviyyəli toplantısında
əsas məsələlər
müzakirə olunub, qlobal insan təhlükəsizliyi,
ərzaq təhlükəsizliyi,
miqrasiya, qaçqın
böhranı, mədəniyyətlərarası
dialoq kimi mühüm məsələlərə
toxunulub. Bu gün iqtisadiyyatın bir nömrəli sektoru olan turizmin
rolundan danışılıb.
Turizmin iqtisadiyyat və məşğulluq sahəsində
xüsusi yeri var. Turizm, həmçinin mədəniyyətlərarası dialoq sahəsində də böyük rol oynayır. Turizmin iqtisadi əhəmiyyətini yüksək
qiymətləndirən BMT 2017-ci ili inkişaf
üçün davamlı
beynəlxalq “Turizm ili” elan edib.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.2.