Beynəlxalq turizm
konqresində görüşlər
Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov 29 noyabr - 1 dekabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqresdə iştirak edib.
Nazir müavini dekabrın 1-də Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olması qeyd edilib. Mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilərək əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Görüşdə Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq muzey-qoruğunun Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmasına görə Azərbaycan hökumətinə dərin minnətdarlıq ifadə edilib və bu addım Bolqarıstan mədəni irsinin qorunmasına, eləcə də turizmin inkişafına verilən töhfə kimi dəyərləndirilib.
Tədbir
çərçivəsində nazir müavini Nazim Səmədov
həmçinin Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının
(UNWTO) baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə təşkilatla
Azərbaycan arasında əməkdaşlıq səviyyəsi
yüksək qiymətləndirilib. Baş
katib 2017-ci ildə ölkəmizin Dünya Turizm Təşkilatı
İcraiyyə Şurasına sədrliyi müddətində qurumun fəaliyyətinin daha
effektli və məhsuldar olacağına
inamını ifadə edib.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.9.