İnsanlar bir-birinin mədəniyyətini tanıdıqda daha da məmnun olurlar

 

 

 

   Turizm səfərlərini həyata keçirdikdə getdiyin coğrafiyaya bir töhfə də verməlisən. Buna biz toplumun inkişafına töhfə verən turizm - alternativ turizm deyirik

  

   Turizm sadəcə səyahət, istirahət xidmət sektoru deyil, eyni zamanda bir elmi tədqiqat sahəsidir. Özbil Bıyıklı turizmi elmi cəhətdən tədqiq edən tanınmış mütəxəssislərdəndir. Bu sahədə Avropada iki dəfə magistr dərəcəsi alıb, konfranslarda sürəkli məruzələrlə çıxış edir. Belçikanın paytaxtı Brüsseldə yaşayan bu xanımla noyabrın sonlarında Ankarada keçirilənÜçüncü yaş baharıbeynəlxalq turizm konqresində tanış oldum. Onu da öyrəndim ki, Özbil xanım həmçinin Avropada keçirilən konfranslarda Azərbaycan həqiqətləri, Xocalı qətliamı ilə bağlı çıxışlar edib.

  

   - Özbil xanım, elmi turizmin əsas xüsusiyyətləri nədir bu, çağdaş dünya üçün dərəcədə önəmlidir?

   - Turizmin elmi tərəfdən tədqiq edilməsinə indiki zamanda çox ehtiyac var. Ümumi götürsək, turizm insanların fərqli coğrafiyalara səyahət etməsi, fərqli mədəniyyətlərlə tanış olmasıdır. Turizmə elmi tərəfdən yanaşdıqda bunları analiz edirsən: kim gedir, hara gedir, niyə gedir. Getdiyi yerə hansı töhfəni verəcək, kimi inkişaf olacaq, özü oradan əldə edəcək. Biz bütün bunları elmi baxımdan araşdırırıq. Əvvəllər turizm dəniz, günəş, qum istirahət demək idi. Amma bugünkü turizmin anlamı elmi baxımdan fərqlidir. Məsələn, mən bir türk olaraq Yaponiyaya getdikdə türk turizmini təmsil edirəm. Sadəcə ora getmək, o coğrafiyanı görmək üçün yararlanmıram, həm oradakı insanların yaşamına bir töhfə verməyə çalışıram. Yəni, əslində, elm turizmə işıq tutur. İnkişaf bir ölkənin çox zəngin olmasından asılı deyil. Əgər belə olsaydı Qətər, Səudiyyə Ərəbistanı dünyanın ən inkişaf etmiş ölkələri olardı. Amma bu gün dünyanın ən inkişaf etmiş ölkələri Skandinaviya ölkələridir. Yaxud elə götürək Lüksemburqu. Avropanın kiçik ölkələrindən biridir, adam başına düşən gəlirə görə isə ən öndə gedən ölkədir. Eyni zamanda da elmi çalışmalara çox dəstək verildiyi, yaşayış standartını yüksəltdiyi üçün inkişaf edən ölkələr arasında birinci yerdə dayanır. Turizm səfərlərini həyata keçirdikdə həmin coğrafiyaya bir töhfə verməlisən. Burada belə bir məqam da var: bir qrup insan Afrikada bir kəndə gedir, özünü sanki oralı kimi aparır. Amma Avropada aldığı bilik təcrübəni özü ilə oraya aparır tətbiq edir. Məsələn, orada bir məktəb tikintisinə qatılır, kiçik tibb ocağı tikir. Buna biz toplumun inkişafına töhfə verən turizm - alternativ turizm deyirik. Amma bütün bunlar öncədən planlaşdırılsa, daha uğurlu olur. Bununla bağlı elmi konfranslar da keçirmək olar. Müasir dövrdə elmi turizmi Dünya Bankı, Avropa Birliyi, bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları da çox dəstəkləyir.

   - Deyirsiniz ki, alternativ turizm, yəni elmi turizmin tətbiqi vasitəsilə, məsələn, Qərbdə əldə edilən təcrübə Afrikada tətbiq edilir. Qərbin Asiyadan, Afrikadan öyrənəcəyi məqamlar yoxdurmu?

   - Əslində, mənim münasibətim bundan ibarətdir ki, buna Qərbin ehtiyacı var. Məsələn, Azərbaycanda olan mədəni ünsiyyətin, ailə dəyərlərinin Qərbə ötürülməsi, məncə, vacib məqamlardandır. Yəni Qərb hər zaman elmin, biliyin mərkəzində olmayıb. Tarixə baxdığımızda bizim mədəniyyətimizdəki ailə bağlarımız, bir yaşlı adama evdə diqqət, qayğı göstərilməsi fərqli bir ailə modeli təşkil edə bilər. O zaman biz o modeli oraya daşıdıqda, o turizmi oraya daşımış oluruq. Yəni hər toplumun bir-birindən alacağı, götürəcəyi dəyərlər var. Biz buna yeni qloballaşma deyirik. Elmin önə çəkdiyi budur: hər kəs bilgilərini paylaşmalıdır. Ona görə ki, elmi araşdırmalar eyni nəticəni verir. O zaman dünyadakı gerçəklik ortaya çıxar. Bir sözlə, elm həm turizmə, həm yaşama işıq tutur.

   - Sizin fəaliyyətinizdə Network - şəbəkə turizmi əsas yer tutur...

   - Bu fəaliyyəti şirkətim vasitəsilə həyata keçirirəm və dünyanın hər tərəfindən ona zövqlə qatılırlar. Bu, Amerikanı yenidən kəşf etmək deyil. Sadəcə, Network-u daha necə təsirli istifadə edə bilərik, deyə, düşünür və çalışırıq. Məsələn, Brüsseldə çox populyar Network toplantıları olur. Network həm də tapma, işinizi inkişaf etdirmək imkanınızı artırır. Network vasitəsilə sosial kapitalı genişləndirsəniz, inkişaf etdirsəniz, işiniz yolunda olar. İnsanlar nədən bir-birinin tanıdıqları yerlərə birlikdə gedib, dünyanı yenidən birlikdə kəşf etməsinlər. Bu zaman həm də yerli toplumlarla əlaqələr olar. Çünki insanlar gəzmək və yeni yerlərlə tanış olmaq istəyirlər. Bir məqama da diqqət çəkim ki, Türkiyə də daxil olmaqla, dünya ölkələrində uzun müddət belə bir düşüncə olub ki, turizm keyfiyyət deməkdir. Lüks hoteldə qalırsınız, amma toplumla heç bir əlaqə olmur. Cənubi İtaliya, Monakoya səfər etdik, tarixi, turistik yerlərə getdik. Qrup bir-birini tanımırdı. Amma tezliklə qaynayıb-qarışdılar. Sonra kəndə getdik, ətir hazırlanması ilə bağlı təqdimatı dinlədik. Başqa bir kəndə getdikdə pendir hazırlanmasını öyrənirik. Yəni bunlar öncədən araşdırılır və sonra tur təşkil edirik. Mən araşdırmaçı olduğum üçün bunları yaxşı bilirəm. Bu şəbəkənin peşəkar tərəfi də var. Çünki insanlar bir-birilərini tanıdıqca işlərini də dəstəkləyirlər. Amma öncə sosial kapitalı, yəni insanlarla ünsiyyəti inkişaf etdiririk. Elə sosial şəbəkənin məqsədi də budur. Mən bunu inkişaf etdirməyə çalışıram və bu sahədə müvəffəq olduğumu düşünürəm. 10 dekabrda Lüksemburqa bir Network turizmi toplantısı təşkil edəcəyik. Burada da ən önəmlisi insanların bir-biriləri ilə daha keyfiyyətli əlaqə qurmalarıdır. Əlbəttə, insanları bir-birilərini sevməyə məcbur edə bilmərik. Lakin kiçik məqamlardan da birlikdə zövq almağı bacarmalıyıq. Dünyanı birlikdə kəşf etmək lazımdır. Məsələn, Pakistandakı kiçik torpaq sahəsi olan qadının da problemlərini öyrənib, ona maddi-mənəvi dəstək olmaq bizi məmnun edir. Yəni özümüz maddi yardım edə bilməsək də, onu pul qazana biləcəyi bir yerlə əlaqələndiririk. Bu mənada biz şəbəkə turizmi elçisi kimi davranırıq.

   - Gələcəkdə Azərbaycanla bağlı hansısa layihə reallaşdırmağı düşünürsünüzmü?

   - Azərbaycan mənim üçün hər zaman böyük əhəmiyyət kəsb edir. Mən qardaş ölkəmizin problemlərinə qarşı çox duyğuluyam. Avropada Azərbaycan həqiqətləri ilə bağlı konfranslara qatılıram. Network turizmi ilə bağlı bir planımız da var. Qrup halında Azərbaycan, Özbəkistan kimi ölkələrə də getmək istəyirəm. Həm Oğuz boyundan gələn soydaşlarımızı tanıyaq, həm də onları da Avropanın, Türkiyənin dəyişik yerlərinə gətirmək imkanı əldə edək. İnsanlar bir-birinin mədəniyyətini tanıdıqda daha da məmnun olurlar.

   Çox istərdim ki, Brüsseldə yaşayan türklər və azərbaycanlılar daha sıx bir araya gəlsin. Bizi Avropa tanımalıdır. Mən Xocalı faciəsi ilə bağlı çıxışımda dedim ki, Ruandada baş verən soyqırımıdırsa, o zaman Xocalıda da baş verən soyqırımıdır. Lobbi quruculuğu zəif olduğu üçün Xocalıda baş verənləri soyqırımı kimi yetərincə tanıda bilmirik. Azərbaycanın müvafiq qurumları, Heydər Əliyev Fondu bu sahədə çox çalışır. İstərdim ki, Avropada daha çox belə tədbirlər keçirilsinbizo tədbirlərə qatılaq. Azərbaycan öz haqq səsini Avropada anlatmalı, tanıtmalıdır.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.10.