Oyuncaq taleyi insana qismət
olanda
Dünya ədəbiyyatı tarixində elə əsərlər var ki, yarandığından teatr və kino
rejissorlarının sevimli
ədəbi materialına
çevrilir. Avstriya yazıçı-publisisti
Stefan Sveyqin "Naməlum
qadının məktubu"
novellası da belə əsərlərdəndir.
Bu əsərin ilk nəşrindən (1922) bir
əsrə yaxın vaxt keçsə də, o hələ də rejissorlara gözəl dramaturji
material verməkdədir. Dəqiq olmayan statistikaya görə, "Naməlum
qadının məktubu"
altı dəfə ekranlaşdırılıb, əsər
əsasında müxtəlif
ölkələrdə onlarla
tamaşa hazırlanıb.
A.Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrı da böyüklər üçün
tamaşa hazırlamaq
niyyətilə bu əsərə müraciət
edib. Rejissor Anar Məmmədov
novella əsasında "Unudulmuş
kukla" adlı tamaşa hazırlayıb.
Tamaşanın quruluşçu rəssamı Əfşan
Əsədovadır.
"Unudulmuş
kukla" tamaşasında
novelladan yalnız gənc qadının cavabsız sevgi xətti götürülüb.
Bu, platonik məhəbbətlə
aşiq olduğu məşhur kişi
ilə ötəri eşq macərası yaşayaraq, bu münasibətdən nikahsız
uşaq doğan, sonra da sevgidən
(qadın üçün),
ehtirasdan (kişi üçün) yaranmış
körpəsi tələf
olan qadının yaşam faciəsidir.
Qarşılıqsız hislərinə görə
ətrafına nifrət
edən Qadın özünü atılmışlar
məkanında - zibillikdə
daha rahat hiss edir. Bir gün zibillikdən tapdığı gərəksiz
gəlincik isə ona öz gəncliyini,
uğursuz sevgi macərasını xatırladır:
"oynadılar, sonra
da atdılar"...
Tamaşada iki aktrisa iştirak
edir: Qadın - Cəmilə Allahverdiyeva, bir də sözü
olmayan Səfil - Elmira
Hüseynova. Elə tamaşanın əsas
aparıcı qüvvəsi
də Cəmilə Allahverdiyevadır. Aktrisanın mükəmməl
plastikası, hətta
tamaşa zamanı yaranan xırda texniki qüsuru çevikliklə aradan qaldıraraq vəziyyətdən
çıxması Qadının
uğurudur. Sadəcə, aktrisanın monoton səsi oynadığı
rolun qəlbə toxunan obraza çevrilməsinə mane olur.
Son etiraf
izharı kimi yazılmış "Naməlum
qadının məktubu"nun
əsas leytmotivi sevgi uğursuzluğuna görə cəmiyyətin
üz döndərdiyi
qadınların həyatın
dibinə daha iti sürətlə yuvarlandığını anlatmaqdır.
Düzdür, Sveyqin qəhrəmanı "Unudulmuş
kukla"nın zibillik pərvanəsinə
çevrilən qəhrəmanından
fərqli olaraq fahişə həyatı
yaşayır. Amma mahiyyət eynidir: ya əvvəl ruhunu kirlədib, sonra vücudunu kirlət, ya da əvvəl vücudunu kirlətməklə
başla.
Səhv etmiriksə, "Unudulmuş kukla" Azərbaycan Dövlət Kukla Teatrının ötən teatr mövsümündən bəri
böyüklər üçün
hazırladığı üçüncü
tamaşadır. Əslində demək olar ki, bu tamaşa
da, eləcə də çox bəyənilmiş "Zəng"
tamaşası da yeniyetmələrə daha
çox faydalıdır,
nəinki ömrün
yetkin çağını
yaşayan insanlara.
Çünki böyüklər ya artıq bu
tamaşaların ("Zəng"də
isə görünməyən
qəhrəmanların) səhvlərini
ediblər, ya da səhvə yol vermədən yetkinləşiblər. Yeniyetmələr,
xüsusilə də ekrandan, kitabdan tanıdığı məşhurlara
bəslədikləri platonik
sevgini real yaşamağa
can atan qızlar "Unudulmuş kukla"nın qəhrəmanının
aqibətindən ibrət
götürə bilərlər.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.11.