“Amandır, tərlanı sara verməyin...”

 

   Aşıqlar və şairlər vətəni kimi tanınan Qazax mahalı Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Dərya Məhəmməd, Avdı Avdıyev və başqa saz-söz xiridarları yetirib. Ötən yüzilliyin birinci yarısında milli ruhlu yaradıcılığı ilə seçilən qələm sahiblərindən biri də Mirzə Səməd olub.

   Aşıq Mirzə Səməd Həsənov 1874-cü ildə Daş Salahlı kəndində dünyaya göz açıb. Erkən çağlardan aşıq sənətinə maraq göstərir, bədahətən şeirlər söyləyir. Türkiyədə ali təhsil almış Molla Əhməd Əfəndinin açdığı məktəbdə oxuyur.

   Qaya oğlu Mansur bəyin qızı Cəvahirə aşiq olan gənc Səməd onun eşqi ilə şeirlər yazır:

  

   Aynabəndli, cah-calallı,

   Durna telli, ləbi ballı,

   Zər kitab, qızıl qələmli,

   Oxur boylana-boylana.

  

   O, bir çox insanları Mansur bəyin qapısına elçi göndərir. Ancaq bəy bu qohumluğa razılıq vermir. Cəvahiri Cəbi bəyin oğlu Aslana nişanlayırlar. Ümidi üzülən Mirzə Səməd bir yerdə qərar tuta bilmir. Dərdli könlü qövr eləyir. İlk eşqinin daşa dəydiyini görən şair dərdini qələmlə bölüşür. “Sara verməyinadlı şeirində yazır:

  

   Başına döndüyüm vəfalı dostlar,

   Amandır, tərlanı sara verməyin.

   Dörd yanına seyraqıblar düzülüb,

   Eyləyib baxtını qara, verməyin.

  

   Əlacsız aşiq çöllərə düşür, dərdini dağlara, çaylara danışır. DağlarVaxtışeirlərində Mansur bəydən uca Tanrıya şikayət edir.

   Araşdırmalardan məlum olur ki, Azərbaycanda bolşeviklər hakimiyyətə gələndən sonra Mansur bəyin var-dövləti əlindən çıxır. Qızı Cəvahir ölüm yatağında üstünə molla yox, aşıq Səmədi çağırtdırır. Onun vaxtsız ölümü aşığı bir daha kədərləndirir:

  

   Başına döndüyüm, Qəhrəman qardaş,

   Sinəmə çəkilən dağı bildinmi?

   Fələyin tədbiri təğayir olsun,

   Viran etdi bağça-bağı, bildinmi?

 

   Aşıq Səməd dövrünün bir sıra görkəmli siyasi, ədəbi mədəniyyət xadimləri ilə yaxın əlaqələr qurub, dostluq edib. Tanınmış aşıqlardan Hüseyn Bozalqanlı, İsmayıl Katib, Əsəd Rzayev, Xəyyat Mirzə aşıq Zərnişanla yaradıcılıq münasibətləri olub.

   O, Xalq Cümhuriyyəti illərində Dairə icraiyyə komitəsinin sədri olub. Sovet dövründə isə Qazax rayonunun Əksipara, Şıxlı, Düzqışlaq kəndlərində rəhbər vəzifələrdə çalışıb. Ümumiyyətlə, sovet dövründə şairə etimad göstərilərək irəli çəkilsə , onun bu quruluşa rəğbəti olmayıb. Xalq Cümhuriyyətinə qəlbən bağlı olan aşıq Səmədin yaradıcılığında şura hökumətinə həsr olunan heç bir əsərə rast gəlinmir.

   Araşdırmalarda o da bildirilir ki, Mirzə Səməd Xalq şairi Səməd Vurğunla yaxın dost olub. Görkəmli şair ona “A dağlar oğludeyə müraciət edərmiş. Günlərin birində Səməd Vurğun, Adil İsgəndərov, Nəcibə Məlikova Azərbaycan Dövlət Akademik Dram Teatrının bir qrup aktyoru Qazax rayonuna qastrol zamanı Mirzə Səmədin qonağı olurlar. Onlar təbiət qoynuna səfər edir, Avey dağındakı Damcılı bulağında xatirə şəkli çəkdirirlər...

   Bir gün həmkəndlisi Məmməd koxaya xitabən yazdığı şeirə görə həbs olunur. Həmin şeirdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı çəkilir:

  

   Agah olsun sənə, ay Məmməd koxa,

   Onu bil ki, ol Alosman gələcək!

   İnqilab sərkəri, əldə şəmşiri,

   Kamal kimi o pəhləvan gələcək!

  

   10 il cəza verilən şair Sibirə sürgün edilir. Sürgündə dünyasını dəyişən Mirzə Səmədin xalq yaddaşına, aşıq ədəbiyyatına aid kitabları işıq üzü görüb. Şeirləri müxtəlif qəzetlərdə Azərbaycan aşıqlarıalmanaxında dərc olunub. Tanınmış jurnalist, tədqiqatçı Şəmistan NəzirlininAşıq Mirzə Səmədadlı kitabında qələm sahibinin ömür sənət yoluna ətraflı nəzər salınır.

  

   Savalan Fərəcov

   Mədəniyyət.-2016.- 7 dekabr.- S.15.